Mərkəzi Nəbatat Bağında yeni əkilən həmişəyaşıl bitkilərə baxış keçirilib
Mərkəzi Nəbatat Bağında abadlıq-quruculuq işlərinin həyata keçirilməsi üçün
müəssisənin baş direktoru Natiq Allahverdiyev tərəfindən komissiya yaradılıb.
AMEA Rəyasət Heyəti aparatından "Hürriyyət"ə verilən məlumata görə, Bağın
baş direktoru Natiq Allahverdiyevlə yanaşı, sözügedən komissiyanın üzvləri,
müəssisənin elmi işçi və mütəxəssisləri ərazidə geniş vüsət almış abadlıq-quruculuq
işləri çərçivəsində yeni əkilmiş bitkilərə baxış keçiriblər.
Tədbir zamanı çıxış edən bağın aparıcı elmi işçisi, b.ü.f.d. Asif Mehralıyev bildirib ki,
qış mövsümündə bitilərin inkişafında sükunət dövrü hesab olunur: “Bu dövrdə bitkilərin
nisbi sükunət halına keçməsi ilə əlaqədar olaraq onların şaxtadan, qardan mühafizəsi ilə
yanaşı, üzvi və mineral qida elementləri ilə gübrələnməsi, budanması və gövdəətrafı
sahələrinin şumlanması tədbirləri görülür. Yaz aylarında isə havaların istiləşməsi ilə
əlaqadar olaraq bitkilərin inkişafında oyanış baş verir. Həmişəyaşıl bitkilər isə qış
aylarında sükunət halına keçmirlər və bu aylarda havaların isti keçməsi sözügedən
bitkilərin inkişafına müsbət təsir göstərir”.
Asif Mehralıyevin sözlərinə görə, Mərkəzi Nəbatat Bağında yanvar ayında
yaşıllaşdırma işləri çərçivəsində yeni əkilən həmişəyaşıl cinslərdən ardıc və sərv
göstərilən düzgün aqrotexniki qulluq nəticəsində təqribən 5-10 sm, fotinya 3-5 sm,
kolxida bigəvəri isə 80 sm-ə qədər böyüyüb.
Qeyd edək ki, hazırda bağda yaza hazırlıq prosesi çərçivəsində ağacların budanması və
torpağın yumşaldılması işləri sürətlə davam edir.
YƏHYA