📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məsələ hicab deyil, insanın haqqıdır!

2026-10-09 11:47:41

Məsələ hicab deyil, insanın haqqıdır!

Azərbaycanda tolerantlıq haqqında danışanda ilk növbədə müxtəlif dini və mədəni dəyərlərin bir arada yaşadığı ölkə olduğumuz vurğulanır. Məktəblərdə keçirilən “Həyat bilgisi” dərslərində də şagirdlərə tolerantlığın, qarşılıqlı hörmətin və fərqli düşüncə və seçimlərə anlayışla yanaşmağın əhəmiyyəti öyrədilir. Bəs dərsliklərdə öyrətdiyimiz tolerantlıq real həyatda harada qalır?

Məktəblilərlə bağlı məsələdə 18 yaşına çatmamış uşaqlardan söhbət getdiyi üçün bunu müəyyən qədər anlamaq mümkündür. Yetkinlik yaşına çatmayan uşağın həyatında ailənin qərarı, uşağın yaşı və təhsil mühiti kimi amillər nəzərə alına bilər. Hətta “ailə qərarıdır, uşaq hələ yetkin deyil” deyərək başının açdırılmasını müəyyən qədər normal qarşılayanlar da ola bilər.

Amma məsələ illərini təhsilə həsr etmiş müəllimə gəldikdə, vəziyyət tamamilə dəyişir. Savadlı, peşəkar, illərlə məktəbdə çalışan bir qadının qarşısına “ya hicabını aç, ya da məktəbdən çıx” seçiminin qoyulması nə ilə əsaslandırılır? Onun illərlə qazandığı təcrübə, biliyi və əməyinin qarşısında hicab niyə əsas meyara çevrilir?

Daha sonra universitetlərə nəzər salaq. Burada artıq söhbət uşaqlardan yox, yetkin insanlardan gedir. 19 yaşında bir tələbənin hicab taxdığı üçün adının, soyadının və telefon nömrəsinin dekanlıq tərəfindən qeydə alınması ciddi suallar doğurur.

Bir tələbənin abituriyentlik dövründə çəkdiyi əziyyəti düşünək. İmtahana hazırlaşır, gecə-gündüz çalışır, qəbul olmaq üçün mübarizə aparır. Ailəsi onun təhsili üçün maddi və mənəvi dəstək verir. Nəhayət, universitetə qəbul olur. Sonra isə sırf dəyərlərinə sığındığı dinin şərtinə əməl etdiyi üçün qarşısına “hicabını aç” tələbi qoyulur. Bəs bütün o zəhmət? Ödənişli təhsil alan tələbənin illik təhsil haqqını ödəmək üçün özünün, anasının, atasının topladığı pul, çəkdiyi zəhmət necə? Tələbə bütün bunları təhsil almaq üçün edir. Niyə onun hicabı bütün bu zəhmətin qarşısına qoyulmalıdır?

19 yaşında insan artıq yetkin bir fərddir. Onun universitetdəki fəaliyyəti biliyi, akademik göstəriciləri və davranışı ilə qiymətləndirilməlidir. Hicab taxması onun savadını, intellektini və ya tələbə kimi potensialını müəyyən edən meyar deyil.

Bir məqamı da unutmaq olmaz: hicablı qadına “hicabını aç” demək onun üçün sadəcə geyimini dəyişmək deyil. Əgər hicab onun inancının bir hissəsidirsə, bu tələb onun şəxsi seçiminə və inancına müdaxilə kimi qəbul olunur. Hicablı qadına “hicabı çıxart”demək hicabsız olan bizlərə “paltarsız gəz” demək qədər şəxsi və ağır bir tələb kimi hiss oluna bilər.

Biz uşaqlara tolerantlığı öyrədirik. Fərqli dinlərə, mədəniyyətlərə və dünyagörüşlərinə hörmət etməyi izah edirik. Amma yetkin bir insanın dini seçiminə gələndə, bu anlayış harada qalır?!

Tolerantlıq hamının eyni düşünməsi və eyni yaşaması deyil. Tolerantlıq fərqli dini dəyərlərə, dünyagörüşünə, mədəniyyətə və s. sahib olan insanın da hüquqlarını olduğu kimi qəbul etməkdir. Ona görə də məsələ sadəcə “hicab taxmaq olar, ya olmaz?” sualı deyil. Məsələ, ümumiyyətlə, hicab deyil! Məsələ insanın haqqıdır!

Nuray FAMİLQIZI

Hurriyyet.net