Metro tikintisi üçün vətəndaşların torpaqları alınacaq - bəs kompensasiya?
Azərbaycanda metro, dəmir yolu və tramvay infrastrukturu ilə bağlı yeni layihələrin icrası zamanı vətəndaşlara və digər torpaq sahiblərinə məxsus ərazilərin dövlət ehtiyacları üçün alınmasının hüquqi çərçivəsi genişləndirilir.
Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bununla bağlı Mülki Məcəlləyə də müvafiq dəyişiklik təklif olunur. Təklif olunan dəyişikliklərə əsasən, tunellərin, metro və dəmir yolu xətlərinin, stansiya və depoların tikintisi, bərpası və genişləndirilməsi üçün zəruri torpaq sahələri dövlət ehtiyacları üçün alına biləcək.
Bu dəyişiklik xüsusilə Bakı və ətraf ərazilərdə yeni metro xətlərinin, stansiyaların və depoların tikintisi fonunda diqqət çəkir. Belə layihələr həyata keçirilərkən hansı torpaq sahələrinin dövlət ehtiyacı hesab ediləcəyi, mülkiyyətçilərin hüquqlarının necə qorunacağı və kompensasiyanın hansı prinsiplərlə müəyyənləşdiriləcəyi sual doğurur.
Bəs yeni mexanizm vətəndaşların torpaq və mülkiyyət hüquqlarına necə təsir edə bilər? Torpağın dövlət ehtiyacı üçün alınması zamanı hansı təminatlar mövcuddur?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Artıq uzun müddətdir ki, paytaxt Bakıda iki istiqamətdə söküntü işləri aparılır. Bir sıra ərazilərdə yerləşən köhnə, qəzalı çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evləri özəl tikinti şirkətləri tərəfindən sökülür və onların yerində yeni çoxmənzilli yaşayış binaları inşa edilir. Digər istiqamətdə aparılan söküntülər isə torpaqların dövlət ehtiyacları üçün alınması prosesi ilə bağlıdır”.
Ekspertin sözlərinə görə, yeni parkların salınması, avtomobil yollarının və kommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar həmin ərazilərdə yol xəritəsinə və ya layihəyə düşən daşınmaz əmlakların və torpaq sahələrinin dövlət tərəfindən alınması prosesi həyata keçirilir: “Bu zaman ərazilərdən asılı olaraq vətəndaşların əmlakları bazar dəyərinə uyğun qiymətləndirilir və müvafiq dövlət qurumları tərəfindən kompensasiya ödənilir. Torpaq sahələrinin, onların üzərində yerləşən yaşayış evlərinin və ya qeyri-yaşayış obyektlərinin qiymətləndirilməsi ayrı-ayrılıqda aparılır və buna uyğun kompensasiya müəyyən edilir. Təbii ki, bu proseslərin əsas məqsədlərindən biri yaxın gələcəkdə paytaxtda sıxlığın aradan qaldırılmasıdır. Yeni avtomobil yollarının, metro stansiyalarının və kommunikasiya xətlərinin çəkilməsi şəhərin infrastrukturunun genişləndirilməsini zəruri edir. Artıq bəllidir ki, paytaxt ərazisində normadan artıq yağan yağışlar bir sıra fəsadlara yol açır. Bakı ərazisində yaşayış evlərinin və çoxmənzilli binaların sayının artması isə yeni kommunikasiya xətlərinin çəkilişini daha da zəruri edir. Bu baxımdan dövlət tərəfindən müəyyən ərazilərin yeni yol və kommunikasiya layihələrinə uyğun olaraq alınması, həmin ərazilərdəki daşınmaz əmlak sahiblərinə isə kompensasiya ödənilməsi həyata keçirilir. Bu zaman vətəndaş həmin ərazidə və ya başqa ərazilərdə öz əmlakının bazar dəyərinə uyğun yeni mənzil əldə edə bilər. Eyni zamanda, bəzi ərazilərdə aparılan söküntülər paytaxtdakı sıx yaşayış massivlərinin sayının azalmasına gətirib çıxarır. Bu da yaxın gələcəkdə həyata keçiriləcək söküntülər nəticəsində mənzil fondunun müəyyən qədər azalmasının mümkünlüyünü göstərir”.

Ekspert əlavə edib ki, digər ərazilərdə parkların salınması və həmin ərazilərdə yerləşən yaşayış evlərinin sökülməsi də paytaxtın mərkəzi hissələrində sıxlığın azaldılmasına xidmət edir: “Vətəndaşların mənzilləri isə bir sıra qiymətləndirmə şirkətləri tərəfindən qiymətləndirilir və onlara ödənilən kompensasiya həmin ərazidə daşınmaz əmlakın bazar dəyərinə uyğun şəkildə hesablanır”.