📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

MEYXANAÇI RƏŞAD DAĞLI ADAM ÖLDÜRÜB - TƏFƏRRÜAT (Yenilənib)

2022-11-09 13:50:00

MEYXANAÇI RƏŞAD DAĞLI ADAM ÖLDÜRÜB - TƏFƏRRÜAT (Yenilənib)

Rəşad Dağlının qətlə yetirdiyi şəxs meyxanaçı Ələkbər Yasamallının xalası oğludur.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev gecə saatlarında 1984-cü il təvəllüdlü Rəşad Əmirova (Rəşad Dağlı) zəng edib və mübahisə edib.

Mübahisə zamanı o, R.Dağlıya ağır söyüşlər söyüb və təhqir edib.

R.Dağlı söyüş və təhqirlərə dözməyərək, İ.Mehdiyevdən ünvan soruşaraq ora gedib. Telefonda yaranan mübahisə üzbəüz davam edib və nəticədə R.Dağlı İ.Mehdiyevə bıçaq zərbəsi vuraraq öldürüb.

R.Dağlı hadisəni törətdikdən sonra dərhal ərazi üzrə polis bölməsinə gedərək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

***

Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. 

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada imiş və azadlığa yeni çıxıbmış.

Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasıyca söyüş söyməsi səbəb olub.

Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və bu gün səhər saat 05:00 radələrində hər iki şəxs yaşadıqları Lökbatan qəsəbəsində görüşüblər.

Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib ki, Rəşad Dağlı qətli törətdikdən sonra polis bölməsinə gələrək cinayətini etiraf edib və təslim olub.

“Məlumata görə, onlar arasında daha əvvəl də ədavət olub”, - E.Hacıyev qeyd edib.

Hadisəni törədən 1984-cü il təvəllüdlü Rəşad Əmirov polis tərəfindən saxlanılıb.

***

Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü R.Əmirov qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bıçaqla öldürüb.

R.Əmirov şübhəli şəxs qismində saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən fakt “Report”a təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.