📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Millət vəkili: “Məktəbdə uşağın təhsil alması üçün müəyyən məbləğin yığılması absurddur”

2021-12-27 17:12:00

Millət vəkili: “Məktəbdə uşağın təhsil alması üçün müəyyən məbləğin yığılması absurddur”

Bir neçə gündür ictimaiyyətdə təhsil naziri Emin Əmrullayevin məktəblərdə könüllü ianə toplanması ilə bağlı söylədikləri müzakirələrə səbəb olub.

Məlumat üçün bildirək ki, təhsil naziri valideynlərin ümumiyyətlə, məktəbin idarə olunmasında iştirak etməməli olduğunu bildirib.

“Təhsil haqqında” qanunun 34-cü maddəsinə görə isə valideynlərin təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək hüququ var. “Ümumi təhsil haqqında” qanunun 20-ci və 24-cü maddələrinə görə də valideynlərin təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək hüquqları var və ümumi təhsil müəssisəsinin idarə olunmasında demokratikliyi, şəffaflığı təmin etmək məqsədi ilə təhsil müəssisəsində digər özünüidarə orqanları-valideynlər şurası yaradıla bilər.

Ümumilikdə, “Təhsil haqqında” qanunun 34-cü, 38-ci və 39-cu maddələrinə görə valideynlər təhsil müəssisəsinə könüllü yardımlar etmək, o cümlədən təhsil müəssisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq və onu nizamnaməyə uyğun olaraq sərbəst istifadə etmək, hüquqi və fiziki şəxslərin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin qanunvericiliyə uyğun olaraq verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları hesabına maliyyələşmək hüquqlarına malikdirlər.

“Ümumi təhsil haqqında” qanunun 24-cü və 30-cu maddələrinə görə isə valideynlər təhsil müəssisəsinə könüllü yardımlar etmək, o cümlədən ümumi təhsil müəssisəsi mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olaraq kreditlər, qrantlar, ianələr kimi mənbələrdən maliyyələşmək və onu nizamnaməsinə uyğun sərbəst istifadə etmək, ümumi təhsil müəssisəsinin əldə etdiyi vəsaiti bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən təhsilalanların stimullaşdırılmasına, rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəltmək hüquqlarına malikdirlər.

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” nin 9-cu və 10-cu bəndlərində qeyd olunub ki, ümumtəhsil məktəbləri hüquqi və fiziki şəxslərin qanunvericiliyə uyğun verdiyi qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr və yardımlar, beynəlxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun olaraq əldə edilən qrant və vəsaitlər kimi mənbələrdən maliyyələşə bilər, o cümlədən valideynlərin və ya digər qanuni nümayəndələrin məktəbə könüllü yardımlar etməsi, ümumtəhsil məktəbinin qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar alması və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə etməsi məktəbin təhsil sahəsində hüquqlarına daxildir.

Yeri gəlmişkən, “Valideyn-Müәllim Assosiasiyalarının yaradılması” pilot layihәsinə 2003-cü ildə start verilib. Ölkədə mövcud olan 4 mindən artıq məktəbin 127-də, o cümlədən Təhsil Nazirliyinin tabeliyindəki 20 məktəbdən 8-də, BŞTİ tabeliyindəki 300-dən artıq məktəbdən 12-də bu təşkilat fəaliyyət göstərir.

İndi isə real vəziyyətə nəzər salaq. İmkanlı ailələrin övladları əksər hallarda prestijli, yaxud özəl məktəblərdə təhsil alırlar. Bölgələrdəki durum isə hər kəsə bəllidir. O zaman sual yaranır. Xarici ölkələrdə məktəblərə edilən ianələri nümunə göstərərək bu sistemin Azərbaycanda da tətbiq edilməsini gözləmək nə dərəcədə realdır? Əcnəbi ölkələrdə imkanlı şəxslərin ianələri xaricində məcburi pul yığımı halları yaşanmır. Bizdə isə məktəbdə qəfil yaranan ən xırda ehtiyac üçün belə müəllimlər valideynlərə müraciət edirlər. Bəs, o zaman təhsil nazirinin təklif etdiyi sistem necə qurulacaq? Bunun reallaşması nə dərəcədə realdır?

Millət vəkili Fazil Mustafa “Yeni Müsavat” a mövzunu şərh edərkən bildirib ki, icbari təhsil dövlətin vətəndaşa göstərdiyi pulsuz xidmətdir: “Bu, konstitusiyada nəzərdə tutulub və hər hansı bir şəkildə bunu ianə ilə eyniləşdirmək yanlışdır. Hər hansı bir şəkildə dövlət məktəbinə ianə verilməsinin konstitusiyaya uyğun olmadığını söyləmək olar, yəni insanlar seçim edirlər. İmkanı olan şəxslər uşaqlarını özəl məktəblərdə oxuda bilirlər və bu zaman ianə bağışlaya bilərlər. Lakin dövlətin təminatı altında olan məktəbə heç bir şəkildə bunun edilməsi məqsədəuyğun deyil. Burada həm də problem ondadır ki, imkanlı insanlar məktəbə kömək edə bilərlər, amma bu, çox vaxt ayrı-seçkiliyə gətirib çıxarır. Adətən valideynlər bu və digər formada məktəbə kömək edirlər və onların uşaqları üçün başqalarından fərqli imtiyazlar tətbiq olunur. Bu da şagirdlər arasında müəyyən dərəcədə xoşagəlməz bir münasibətin formalaşmasına səbəb olur. Hesab edirəm ki, təhsil nazirinin çıxışı bir qədər kontekstdən çıxarılıb. Əsas niyyətdir. Niyyət o deyil ki, məktəblərdə pul yığılsın. Sadəcə nazir mövcud reallıqları vurğulayıb. Dövlətin məktəbi saxlamağa gücü çatmırsa, təhsilin konstitusiyada nəzərdə tutulan formada pulsuz olmasını hər hansı bir şəkildə iddia etmək olmaz. Dövlət büdcəsindən vəsait ayrılır. O zaman belə çıxır ki, büdcə vəsaitini doğru xərcləmirlər, yaxud da vəsaiti ayrı-ayrı təhsil strukturlarında səmərəli istifadə edə bilmirlər”.

Millət vəkili eyni zamanda dövlət məktəblərinin təmirinə külli miqdarda vəsait ayrıldığını, Heydər Əliyev Fondunun dəstəyi ilə təmir olunduğunu, lakin saxlanma xərclərinin problemli olduğunu, buna görə də məktəblərin xeyli hissəsində vəziyyətin yaxşı olmadığını qeyd etdi: “İdman zalları, ayaqyolu, sinif otaqlarında problemlər var. Bu da acınacaqlı haldır. Deməli, məktəbi qoruma ənənəsi bizdə o qədər yaxşı deyil. Bütövlükdə mən düşünürəm ki, məktəbdə hər hansı bir şəkildə kənardan yığılan pula ümid edilməməlidir. Dövlət məktəblərə xərclənən vəsaitə nəzarət etsə, problem qalmaz. Əks halda, kənardan könüllü ianə toplanması halında insanlar imkanı olmasa da başqalarının yanında pis vəziyyətə düşməmək üçün müəyyən dərəcədə bu prosesdə iştirak etməyə çalışacaqlar”.

F.Mustafa həmçinin qeyd etdi ki, fövqəladə hadisə baş verdikdə ümumrespublika fondu yaradıla, insanlara müraciət oluna və yardım edilə bilər. Lakin məktəbdə uşağın təhsil alması üçün müəyyən məbləğin yığılması absurddur və yol verilməzdir.

Təhsil eksperti Adil Vəliyev “Yeni Müsavat” a açıqlamasında bildirdi ki, nazirin dedikləri fərqli istiqamətlərə yozuldu: “Nazirin könüllü pul yığılması ilə bağlı dediyi məsələ əslində valideyn komitəsi dediyimiz qurumun müasir və lazımlı formasıdır. İctimai birlik, QHT və ya fərqli adla bir qurum yaradılır. Bu quruma xaricdə “fundraising” deyilir. Qurumda sosial fəaliyyətlərdən, valideynlərdən, şirkətlərdən gələn ianələri təhsil müəssisəsinin ehtiyacı üzrə yönləndirən adamı da “fundraiser” adlandırırlar. Bu forma bizə yad deyil. Mən xatırlayıram ki, hətta 15 il əvvəl də özəl məktəblərdə bu kimi ianələr yığılırdı. Doğrudur, bu fikrə qarşı çıxanlar da olacaq. Ancaq düşünürəm ki, qarşı çıxanlar ya mövzunu tam anlamayıblar ya da "gəlir mənbəyinin" bir hissəsinin əllərindən çıxacağına görə narahatdırlar. Valideyn hər bayramda, doğum günündə, tədbirlərdə müəllim, direktor üçün nə isə alır. Hesablasaq bu, kifayət qədər çox pul edir. Bu pulun konkret kimə getdiyi də bilinmir və sinifdə oxuyan bütün şagirdlərin valideynləri pul vermək məcburiyyətində qalır. İmkanı olmayan isə utandığından borc tapıb pul verir. Lakin nəzarət tamamilə şəffaf şəkildə olsa, bu, bir ianə kimi qəbul ediləcək. Məcburiyyət olmayacaq”.

Təhsil eksperti birmənalı olaraq, nazirin təklifini dəstəklədiyini qeyd etdi: “Mən inanıram ki, Emin Əmrullayev ilə təhsilimiz inkişaf edəcək. İstəyirəm ki, təhsil nazirinin yanında olaq və təhsilimizi yaxşı səviyyəyə gətirib çatdıraq. Azərbaycan təhsilini müəyyən bir yüksəkliyə gətirib çıxara bilərik. Sözügedən sistem qurulsa, ianə ediləcək məbləğ qat-qat aşağı olacaq. Eyni zamanda ianənin məcburiyyəti yoxdur, yəni kim nə qədər verirsə, gizli saxlanılır”.

Ekspert əlavə edib ki, bəzi özəl məktəblərin məzunları universitet dönəmini bitirib iş həyatına qədəm qoyduqdan sonra öz məktəblərinə müəyyən köməklik edirlər: “İnanıram ki, bu kimi dəstəklər gələcəkdə öz müsbət təsirini göstərəcək2.