📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Millət vəkilindən şəhid məzarlarının üstündən Türkiyə bayrağının götürülməsinə ETİRAZ

2022-09-28 12:30:00

Millət vəkilindən şəhid məzarlarının üstündən Türkiyə bayrağının götürülməsinə ETİRAZ

Fazil Mustafa: "Azərbaycan və Türkiyə qardaş olduqları üçün onların şəhidləri də birlikdə anılmalı, bayraqları da birlikdə dalğalanmalıdır"

"Şəhid məzarlarının üstündən qardaş Türkiyənin bayrağının götürülməsi yanlış addımdır. Kimlər edibsə dərhal bu yanlışı düzəltməlidir. Deyəsən, Şuşa Bəyannaməsini unudublar deyəsən. Unudublar ki, Şəhidlər Xiyabanında uyuyan 1300 Qafqaz-İslam ordusunun əsgəri Azərbaycanın istiqlalı üçün şəhid olub". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafaya məxsusdur.

Partiya sədri hesab edir ki, Azərbaycan və Türkiyə qardaş olduqları üçün onların şəhidləri də birlikdə anılmalı, bayraqları da birlikdə dalğalanmalıdır: "Bizlər, yəni sağlam düşünən, ləyaqəti olan Azərbaycan insanı üçün əsl şəhadət məktəbi məmləkətimizin azadlığı üçün çiyin-çiyinə döyüşən və millətimizi müstəqil dövlətə qovuşduran müzəffər Qafqaz-İslam Ordusunun türkiyəli və azərbaycanlı əsgərlərinin birgə qəhrəmanlığıdır. Dörd il öncə bu qardaşlığı qeyd etdiyimiz 100 illiyin paradında da, Böyük Zəfər paradında da Azərbaycan prezidenti Türkiyə prezidenti yanaşı durub dosta güvən, düşmənə dərd verirdilər, bayraqlarımız da birlikdə dalğalanırdı. Odur ki, bayraqlarımız hər zaman və hər yerdə birlikdə dalğalanmalıdır".

Fazil Mustafa əlavə edib ki, şəhid məzarları rəsmi protokol yeri olmasa da, mənəvi protokol yerimizdir: "Mənəvi protokolumuzu kimlərsə pozmağa çalışmasın. Necə deyərlər, bir millət - iki bayraq, hər vaxt bir yerdən asaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az