Milli Məclis bəyanat qəbul etdi
Milli Məclis 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib.
Hurriyyet.net xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat verib.
Bəyanat mətnini deputat Hikmət Məmmədov səsləndirib: “2020-ci ilin sentyabr-noyabr aylarında 44 Günlük Vətən Müharibəsində qazanılan Zəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın, ordumuzun birliyi sayəsində əldə edilib. Azərbaycan milli maraqlarını müdafiə etmək üçün siyasi iradəyə, iqtisadi, hərbi və diplomatik imkanlara malik olduğunu nümayiş etdirib. Silahlı Qüvvələrimiz tariximizdə şanlı səhifələr yazıb. İşğalçı qüvvələrə ağır zərbələr endirilib və onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Ölkəmizin işğal altında olan ərazilərinin böyük hissəsi düşmən tapdağından azad edilib. Vətən Müharibəsinin ən şərəfli səhifələrindən biri noyabrın 8-də Qarabağın incisi və tacı Şuşanın işğaldan azad edildiyi gün olub. Azərbaycan şəhid və qazilərinin canı və qanı bahasına BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, ATƏT-in və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarını təmin edərək tarixi ədaləti bərpa edib”, - bəyanatda qeyd olunub.
Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.