MİLYARDERLƏRƏ SƏRT ZƏRBƏ: 5 faizlik birdəfəlik vergi təklifi səsverməyə çıxarılır
Kaliforniyada noyabrın 3-də keçiriləcək səsvermədə ştatın milyarderlərinin sərvətinə 5 faizlik birdəfəlik verginin tətbiq edilməsi təşəbbüsü (Proposition 40) təklif olunur.
Hurriyyet.net xəbər verir ki, "The New Yorker" nəşrinin yazdığına görə, bu təşəbbüs qəbul ediləcəyi təqdirdə ştatda yaşayan təxminən 200 ən zəngin şəxsə şamil olunacaq.
Təşəbbüsün tərəfdarları bu vergi vasitəsilə təxminən 100 milyard dollar gəlir əldə etməyi və bu vəsaitin əsas hissəsini səhiyyə sisteminə, xüsusən də "Medicaid" proqramının federal maliyyələşdirilməsindəki ixtisarları kompensasiya etməyə yönəltməyi planlaşdırırlar.
Layihənin əleyhdarları, o cümlədən ştatın qubernatoru Qevin Nyusom xəbərdarlıq edirlər ki, bu addım imkanlı şəxslərin Kaliforniyanı massiv şəkildə tərk etməsinə və ştat iqtisadiyyatına yatırılan investisiyaların azalmasına gətirib çıxaracaq.
"The New Yorker" bu mübahisəni varlıların vergitutmasına olan ictimai tələbat ilə Demokratlar Partiyasının iri sponsorlardan asılılığı arasındakı ciddi toqquşma kimi qiymətləndirir.
Məqalə müəllifi bu mövzunun 2028-ci il ABŞ prezident seçkiləri kampaniyasında əsas müzakirə mövzularından birinə çevriləcəyini gözləyir.