Mirzoyan Moskvaya getməsə də, Lavrov “3+3” formatının gələcəyindən danışıb
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Cənubi Qafqazda “3+3” formatında platformanın iştirakçılarının nazirlər səviyyəsində yeni təmaslar qurmağa hazırlaşdıqlarını bildirib.
Lavrov bu sözləri, bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib.
Lavrov deyib: “Demək olar ki, iki il bundan əvvəl Azərbaycan Prezidenti Cənubi Qafqazın üç ölkəsinin və onların üç qonşusunun – Rusiya, Türkiyə və İranın daxil olduğu, “3+3” adlandırılan qrupun iştirakı ilə proses formalaşdırmaq təşəbbüsü ilə çıxış eləmişdi. Bu gün biz artıq nazirlər səviyyəsində görüş hazırlayırıq”.
Lavrovun sözlərinə görə, hazırda həmin görüşün keçirilə biləcəyi tarix və konkret yerin seçilməsi ilə bağlı danışıqlar aparılır.
Lavrov onu da qeyd edib ki, Moskva əvvəlki kimi Rusiya, Ermənistan və Azərbaycanın üçütərəfli görüşünün meydanı olmağa hazırdır.
Bəlli olduğu kimi, bu gün Moskvada sadalanan 3 ölkənin xarici işlər nazirləri görüşməli idilər. Lakin Ermənistan diplomatiyasının rəhbəri Ararat Mirzoyan Moskvaya gəlməkdən imtina elədiyinə görə, Lavrovla Bayramov ikitərəfli görüş keçiriblər.
Hürr Tərcüman
![]()