Mirzoyandan etiraf: Konstitusiya referendumu...
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkədə keçirilməsi planlaşdırılan konstitusiya referendumunun nəticələrinin əvvəlcədən məlum olmadığını etiraf edib. Nazir hökumətin təklif etdiyi konstitusiyanın qəbul edilməyəcəyi təqdirdə növbədənkənar seçkilər məsələsinin gündəmə gələ biləcəyinə də işarə vurub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Mirzoyan bu barədə noyabrın 5-də jurnalistlərə açıqlamasında danışıb.
Onu sözlərinə görə, heç kim Konstitusiya referendumu zamanı seçicilərin hansı qərarı verəcəyinə əmin ola bilməz. Mirzoyan bildirib ki, Ermənistan müxalifəti TRIPP layihəsinin həyata keçirilməsinə və Azərbaycanla sülh müqaviləsinin imzalanmasına prinsipial etiraz etmədiyini bəyan edib. Lakin müxalifət bu proseslərin eyni vaxtda həyata keçirilməməsini problem kimi qiymətləndirir.
XİN rəhbəri konstitusiya dəyişikliyi ətrafındakı müzakirələrə də toxunub. “Konstitusiya ilə bağlı da müzakirələr var. Həm müxalifət, həm də biz bu məsələ üzrə referenduma getmək istəyirik. Biz təklif edirik ki, bütün suallara xalq bir səsvermə ilə cavab versin”, – deyə Mirzoyan bildirib.
Nazir daha sonra diqqətçəkən açıqlama verib: “Hökumətin təklif etdiyi konstitusiya qəbul edilməyəcəyi halda növbədənkənar seçkilərin keçirilməyəcəyi bir vəziyyəti təsəvvür etmirəm”.
Beləliklə, Mirzoyanın açıqlamasından görünür ki, Ermənistan hakimiyyəti Konstitusiya referendumunun nəticəsini yalnız hüquqi deyil, həm də ciddi siyasi əhəmiyyət daşıyan məsələ kimi qiymətləndirir. XİN rəhbərinin sözləri hökumətin təqdim edəcəyi yeni konstitusiya layihəsinin referendumda rədd olunmasının ölkədə növbədənkənar seçkilərə yol aça biləcəyi ehtimalını gündəmə gətirir.