📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

MKİ-nin 5 km dərinlikdəki əməliyyatı - SSRİ-nin itmiş sualtı qayığının sirri

2026-09-23 12:25:28

MKİ-nin 5 km dərinlikdəki əməliyyatı - SSRİ-nin itmiş sualtı qayığının sirri

1968-ci ildə Sakit okeanda yoxa çıxmış sovet sualtı qayığı Vaşinqtonla Moskva qarasında “soyuq müharibə”nin ən bariz nümunəsi olub. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) illər ərzində hazırladığı gizli əməliyyat çərçivəsində həmin sualtı qayığın okeanın təxminən 5 kilometr dərinliyindən çıxarılmasına çalışıb. Əməliyyatın miqyası o qədər böyük olub ki, onun üçün xüsusi nəhəng gəmi inşa edilib və layihənin arxasında məşhur amerikalı milyarder Hovard Huges dayanırmış kimi görüntü yaradılıb. Layihə sonradan “Project Azorian” adı ilə tanınıb.

Sualtı qayıq necə yoxa çıxıb?

8e81536e-175b-4074-aa72-f5b82512b976.jpeg (169 KB)

1968-ci ilin martında Sovet İttifaqına məxsus K-129 sualtı qayığı Kamçatkadakı Petropavlovsk bazasından Sakit okeana çıxıb. Golf-II sinifinə aid olan sualtı qayıq üç ballistik raket və nüvə başlıqları daşıyıb. Lakin patrul zamanı K-129 ilə əlaqə kəsilib. Sovet hərbi qüvvələri genişmiqyaslı axtarış əməliyyatına başlayıb, amma sualtı qayığın izinə düşə bilməyib. ABŞ isə vəziyyəti başqa cür qiymətləndirib. Amerika hərbi sistemləri Sakit okeanda baş vermiş qeyri-adi hadisəni qeydə alıb və sonrakı araşdırmalar nəticəsində K-129-un ehtimal olunan yerini müəyyənləşdirib.

Sualtı qayıq okeanın dibində, təxminən 16 500 fut – yəni 5 kilometrə yaxın dərinlikdə yerləşib. Bu kəşf Vaşinqton üçün böyük əhəmiyyət daşıyıb. Çünki K-129-un içərisində Sovet İttifaqının ballistik raketləri, rabitə sistemləri, şifrələmə avadanlıqları və digər hərbi texnologiyaları barədə mühüm məlumatların ola biləcəyi düşünülüb. Əsas problem isə həmin məlumatlara çatmağın texniki baxımdan son dərəcə çətin olması olub.

3dd5389a-9505-43c1-87ab-8a957497b0a9.jpeg (280 KB)

MKİ mühəndisləri belə böyük və ağır obyektin okeanın dibindən çıxarılması üçün tamamilə yeni texnologiya hazırlayıb. Layihənin əsas elementi xüsusi nəhəng gəmi olub. Gəmi zahirən okeanın dibində manqan filizlərinin axtarışı və çıxarılması üçün hazırlanmış kommersiya gəmisi kimi təqdim edilib. Onun adı Hughes Glomar Explorer olub. Gəminin içərisində nəhəng qaldırıcı mexanizm yerləşdirilib. Bu sistem vasitəsilə kilometrlərlə uzunluqda borular okeanın dibinə endirilib. Boruların sonunda isə xüsusi mexaniki “pəncə” yerləşdirilib.

Plan belə olub: “pəncə” K-129-un gövdəsini tutacaq, daha sonra sualtı qayıq minlərlə metr yuxarı qaldırılacaq və gəminin daxilindəki xüsusi bölməyə yerləşdiriləcək. Layihənin miqyası o qədər böyük olub ki, ABŞ hökuməti onun əsl məqsədini gizlətmək üçün mürəkkəb ört-basdır mexanizmi yaradıb. Hughes-un adı da təsadüfən seçilməyib. Milyarderin dəniz dibində mineral axtarışları ilə maraqlandığı barədə ictimai təsəvvür yaradılıb və Glomar Explorer-in fəaliyyəti də bununla əlaqələndirilib. Əslində isə gəminin əsas missiyası tamam başqa olub.

Sovet kəşfiyyatı əməliyyatı izləyib

7a79ade4-9f09-420d-b9b7-8673a2e5472c.jpeg (22 KB)

1974-cü ildə əməliyyatın əsas mərhələsi başlayıb. Glomar Explorer K-129-un yerləşdiyi əraziyə gəlib və xüsusi mexanizm okeanın dibinə endirilib. ABŞ tərəfi əməliyyatı mümkün qədər gizli saxlamağa çalışıb. Lakin sovet gəmiləri Glomar Explorer-in fəaliyyətini müşahidə edib. Sovet tərəfi gəminin okeanın dibində nə axtardığını tam anlamasalar da, onun fəaliyyətinin qeyri-adi olduğunu başa düşüblər.
Nəhayət, mexaniki qurğu K-129-u tutmağa müvəffəq olub və qaldırma prosesi başlayıb. Lakin ən kritik məqamda plan tam şəkildə baş tutmayıb. Sualtı qayıq yuxarı qaldırılarkən onun bir hissəsi konstruksiyanın yaratdığı gərginliyə tab gətirməyib və qoparaq yenidən okeanın dibinə düşüb.
Bununla belə, K-129-un bir hissəsi Glomar Explorer-ə çatdırılıb. MKİ-nin sonradan açıqladığı məlumatlara görə, qaldırılan hissənin içərisində sovet sualtı qayığının ekipaj üzvlərinin cəsədləri də olub. Altı sovet hərbçisinin cəsədi daha sonra dənizdə hərbi mərasimlə dəfn edilib.

a3b839ae-5b9b-4335-b2f8-f418770c67bc.jpeg (38 KB)

“Project Azorian”ın ən maraqlı tərəflərindən biri onun okeanın dibində deyil, ABŞ ərazisində ifşa olunması olub. MKİ əməliyyatı davam etdirmək və K-129-un qalan hissəsini də çıxarmaq istəyib. Lakin bu zaman gözlənilməz problem yaranıb. 1974-cü ildə Los-Ancelesdə Hovard Hughes-a bağlı şirkətlərdən birinin ofisinə oğrular daxil olub. Onlar müxtəlif sənədlərlə yanaşı, “Project Azorian”la əlaqəli ola biləcək materialları da aparıblar. Bu hadisə hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Daha sonra jurnalistlər də oğurlanmış sənədlərlə bağlı araşdırma aparmağa başlayıblar. 1975-ci ildə layihə artıq mətbuatın diqqətinə düşüb. ABŞ hökuməti isə son dərəcə ehtiyatlı davranıb. Vaşinqton əməliyyatın mövcudluğunu açıq şəkildə təsdiqləməyib, lakin tam inkar da etməyib. Beləliklə, sonradan məşhurlaşmış “Glomar response” ifadəsi ortaya çıxıb. Bu yanaşma mahiyyət etibarilə “nə təsdiq edə, nə də təkzib edə bilərik” demək olub.

e0c97eef-0cf6-4588-83ad-1166a1475c57.jpeg (36 KB)

“Project Azorian” bütün məqsədlərinə çata bilməyib. ABŞ K-129-un yalnız bir hissəsini qaldıra bilib. Sovet İttifaqının əməliyyatdan xəbər tutması isə ikinci mərhələnin həyata keçirilməsini ciddi şəkildə çətinləşdirib. 1975-ci ildə layihənin davam etdirilməsindən imtina edilib. Bununla belə, ABŞ kəşfiyyatı əməliyyat nəticəsində əldə olunan materiallardan müəyyən məlumatlar əldə edib. K-129-un rabitə və hərbi sistemləri, Sovet sualtı qüvvələrinin imkanları və digər texniki məsələlər barədə məlumatların Vaşinqton üçün əhəmiyyət daşıdığı bildirilib. Layihənin özü isə “soyuq müharibə” tarixində ən bahalı və texniki baxımdan ən mürəkkəb gizli əməliyyatlardan biri kimi yadda qalıb.

Əməliyyatın bir hissəsi uğursuzluqla nəticələnsə də, “Project Azorian”ın sirri bu günə qədər “soyuq müharibə”nin ən maraqlı kəşfiyyat hekayələrindən biri olaraq qalıb. Ən paradoksal məqam isə bu olub: ABŞ-ın illərlə gizlətdiyi nəhəng əməliyyatın sirrini okeanın dərinliyi deyil, Los-Ancelesdəki bir ofisə daxil olan oğrular üzə çıxarıb. Beləliklə, 5 kilometr dərinlikdə başlayan gizli əməliyyat sonda ABŞ mətbuatının manşetlərinə çıxıb və MKİ tarixində ən qeyri-adi layihələrdən birinə çevrilib.//Musavat.com