Moldovanın nə zaman Aİ üzvü olacağı ilə bağlı açıqlama
Hurriyyet.az "Yevropeyskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Moldova 2030-cu ildən əvvəl Avropa İttifaqına daxil olmaq istəyir. Bu barədə açıqlamanı Moldova parlamentinin spikeri İqor Qrosu Rumıniyanın "digi24.ro" portalına açıqlamasında verib.
Jurnalistin "Moldova nə vaxt Aİ üzvü ola bilər?" sualının cavabında Qrosu deyib: "Prezident Mayya Sandu Moldovanın 2030-ci ilə qədər Aİ-yə daxil olmasına çalışır. Bu bizim qarşımıza qoyduğumuz hədəfdir. Mən də bu hədəfi dəstəkləyirəm. Lakin eyni zamanda həm həmkarlarıma, həm də ümumilikdə hamıya deyirəm ki, biz bu prosesi sürətləndirməyə can atırıq. Mənim fikrimcə, həm Moldova ilə Ukrayna, həm də bütünlükdə Avropa bu gün sürətli dinamika yaşayırlar - hadisələr çox sürətlə dəyişir. 10 il əvvəl belə deyildi. Biz adaptasiya olunmalı, bu mürəkkəb vəziyyətdə imkanlar tapmalıyıq".
Qeyd edək ki, Moldova Prezidenti M.Sandunun təşəbbüsü ilə 2024-cü ilin payızında ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı referendum keçirilməsi nəzərdə tutulur.
Hürr Tərcüman