Molla rejimi soydaşlarımızın sayını NİYƏ AZALTMAĞA ÇALIŞIR?
Xaqani Cəfərli: "Totalitar rejimə malik İranda soydaşlarımızın sayı 35-45 milyon arasındadır"
"Əhalinin etnik tərkibi strateji əhamiyyətə malik olmasaydı, xalqımızın düşmənləri və əleyhdarları İranda azərbaycanlıların sayını azaltmağa cəhd etməzdi"
"İranın mövcud düzənini qoruyub saxlaya bilməyəcəyi ilə bağlı əminlik artdıqca, İranın əhalisinin etnik tərkibi ilə bağlı məlumatlar daha çox maraq kəsb etməyə başlayıb. İsrail mənbələri istisna olmaqla, böyük əksəriyyət araşdırmaçılar soydaşlarımızın sayını azaltmağa çalışırlar. Belə ki, əksər araşdırmaçılar azərbaycanlıların sayının 20-25 milyon arasında olduğunu və İran əhalisinin 25 faizini təşkil etdiyini qeyd edirlər". "Hürriyyət"in məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloq iddia edir ki, Rusiya Xarici İşlər Nazirliyi kimi qərəzliyi aşkar görünən mənbələr İran əhalisinin 15-20 faizini azərbaycanlıların təşkil etdiyini göstərirlər. Xaqani Cəfərlinin sözlərinə görə, soydaşlarımızın sayını azaltmağa çalışanlar İranda 10 milyon kürdün və 5 milyon ərəbin yaşadığını əminliklə ifadə edirlər: ""Etnoloq: Dünya Dilləri" (Ethnologue: Languages of the World) layihəsi çərçivəsidə 1996-cı ildə aparılmış və 1999-cu ildə yenilənmiş araşdırma ən çox insanın doğma dili olan 100 dili müəyyənləşdirmişdi. Azərbaycanda 7059000 nəfərin Azərbaycan dilli (Şimali) olduğu qeyd edilən araşdırmada İranda 24364000 nəfərin Azərbaycan dilli (Cənubi) olduğu qeyd edilir. Bu isə həmin dövrdə İran əhalisinin ən azı 38 faizinin Azərbaycan dilli olması demək idi. Həmin araşdırmaya görə, 1999-cu ildə İranda fars dillilərin sayı Azərbaycan dillilərdən 84000 nəfər az olaraq 24280000 nəfər təşkil edib. Sıralamada Azərbaycan dili (Cənubi) 38-ci yerdə, fars dili (Qərbi) 39-cu sırada yer alıb. Azərbaycan dilinin (Şimali) 100-cü sırada yer aldığı siyahıda Əfqanıstanda da 7 milyon nəfərin danışdığı fars dili (Şərqi) sıralamada 103-cü yerdədir. Zimbabvedə 7 milyon nəfərin danışdığı Şona dili sonuncu 107-ci yerdədir. Bu siyahıda 7 milyon və çox insanın danışdığı dillər yer alıb. İranda isə Azərbaycan və fars dilindən başqa bu siyahıya daxil edilən başqa bir dil yoxdur. Bu isə o deməkdir ki, 1999-cu ilə İranda soydaşlarımızdan və farslardan başqa sayı 7 milyondan çox olan üçüncü bir xalq olmayıb".
Politoloq əlavə edib ki, 1999-cu ildə İranın əhalisi 64.47 milyon nəfər olub və həmin zaman 24364000 nəfər Azərbaycan dilli, 24280000 nəfər fars dilli olduğu halda, 15826000 nəfərin hansı dillərdə danışan xalqlar olduğu göstərilməyib: "Həmin 15826000 nəfər kürdlər, ərəblər, türkmənlər, bəluclar, lurlar və digər xalqların toplusudur. Ötən il İranın əhalisi 87.76 milyon nəfər olub ki, bu da 1999-cu ildən ötən müddət ərzində İranın əhalisinin 23.29 milyon nəfər və ya 36 faiz artdığını göstərir. Əgər soydaşlarımızın da təxminən, 36 faiz artdığını qəbul etsək, bu o deməkdir ki, 1999 cu ildə sayı 24364000 nəfər olan Azərbaycan dillilərin sayı 8771040 nəfər artaraq 33135040 nəfər təşkil etməlidir. Fars dilinin hakim olduğu totalitar rejimə malik ölkədə müəyyən kəsimin ana dilinin dəqiq göstərilmədiyini nəzərə alsaq, araşdırmanın aparıldığı 1999-cu ildə Azərbaycan dillilərin sayının 24364000 nəfərdən çox olduğu şübhəsizdir. Bu isə o deməkdir ki, İranda Azərbaycan dillilərin sayı 33135040 nəfərdən çox olmalıdır. Bütün bunlar İranda azərbaycanıların sayının 35 milyonla 45 milyon arasında olduğunu və İran əhalisinin ən azı 40 faizini təşkil etdiyini qeyd edən İsrail mənbələrinin məlumatlarının daha gerçək olduğunu sübut edir. Əhalinin etnik tərkibi strateji əhamiyyətə malik olmasaydı, xalqımızın düşmənləri və əleyhdarları İranda azərbaycanlıların sayını azaltmağa cəhd etməzdi".
Vazeh BƏHRAMOĞLU