📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

MONQOLUSTAN ƏTİNİ YERLİ ƏTDƏN NECƏ AYIRMAQ OLAR? - Mütəxəssis AÇIQLADI

2026-10-07 22:09:13

MONQOLUSTAN ƏTİNİ YERLİ ƏTDƏN NECƏ AYIRMAQ OLAR? - Mütəxəssis AÇIQLADI

Monqolustandan Azərbaycana gətirilən ətin yerli istehsal olunan ətdən necə fərqləndirilməsi məsələsi istehlakçıların diqqətindədir. Alıcılar ətin rəngi, qoxusu, teksturası və yağının quruluşuna baxaraq onun mənşəyini müəyyənləşdirməyə çalışırlar. 

Bəs bu əlamətlər həqiqətən ətin hansı ölkədən gətirildiyini müəyyən etməyə imkan verirmi?

Mövzu ilə bağlı "Azpolitika"ya danışan qida texnoloqu Ağa Salamov bildirib ki, istehlakçının yalnız görünüşə əsaslanaraq ətin hansı ölkədən gətirildiyini dəqiq müəyyənləşdirməsi olduqca çətindir: “İstehlakçılar texnoloq deyil. Ətin markeoloji xüsusiyyətlərini bilmələri kifayət etmir. Onun mənşəyini müəyyənləşdirmək üçün analizlər aparılmalıdır. Bu, çox çətin məsələdir”.

Mütəxəssisin sözlərinə görə, Monqolustandan gətirilən ətlə yerli istehsal olunan ət arasında müəyyən fərqlər olsa da, məhsul düzgün şəraitdə saxlanılıb və daşınıbsa, onun istehlakı ilə bağlı xüsusi problem yaranmır: “Bizim yerli ətlərimiz daha dadlı və ləzzətlidir. Bu, daha çox istehlakçının ağız dadı ilə bağlı məsələdir. Amma Monqolustandan gələn məhsul da düzgün soyuq zəncir şəraitində gətirildiyi halda heç bir problem yaratmamalıdır. Zəhərlənməyə səbəb olması üçün konkret əsas yoxdur”.

 

Ətraflı

 

 

Ağa Salamov qeyd edib ki, istehlakçı ət alarkən ilk növbədə onun rənginə, qoxusuna və xarici görünüşünə diqqət yetirməlidir. Ətin xarab olub-olmadığını müəyyənləşdirmək baxımından bu əlamətlər daha önəmlidir: “İstehlakçılara məsləhət görə bilərik ki, ət alarkən onun rənginə və qoxusuna diqqət etsinlər. Ətin şirə salması da müəyyən ipucu verir. Rənginin dəyişməsi, qoxusunun kəskinləşməsi məhsulun xarab olmağa doğru getdiyini göstərə bilər. Belə halda həmin ətdən uzaq durmaq lazımdır”.

Qida texnoloqu əlavə edib ki, Monqolustandan gətirilən ət əsasən dondurulmuş şəkildə daşınır və burada əsas məsələ soyuq zəncirin qorunmasıdır: “Əgər Monqolustandan gətirilən ətlər düzgün soyuq qida zənciri ilə daşınıbsa və dondurucuların işləməsində problem olmayıbsa, bu halda həmin məhsulla bağlı narahatlığa əsas yoxdur”.

Beləliklə, mütəxəssis vurğulayır ki, ətin yalnız rənginə, yağının quruluşuna və teksturasına baxaraq onun Monqolustan və ya yerli istehsal olduğunu dəqiq müəyyənləşdirmək mümkün deyil. İstehlakçı üçün əsas göstəricilər isə məhsulun təzəliyi, qoxusu, rəngi, şirə buraxıb-buraxmaması və qablaşdırma üzərindəki mənşə, istehsalçı, saxlanma şəraiti və son istifadə müddəti barədə məlumatlardır.