"Moskva Bakı ilə Xankəndi arasında təmasların və dialoqun əleyhinədir" - ELXAN ŞAHİNOĞLU
"Rusiya XİN-nin və Kremlin nəzarətindəki media strukturlarının Sergey Kazaryanı "xain" kimi göstərməsi məhz bundan xəbər verir"
"Rusiya Xarici İşlər Nazirliyi iddia edib ki, ABŞ-ın Qarabağdakı maraqlarını separatçıların "xarici işlər naziri" Sergey Kazaryan təmsil edir. Moskvanın iddiasına görə, Amerika üçün lobbiçilik edən Kazaryan Vaşinqtonun rəsmi Bakı ilə Qarabağ erməniləri ilə dialoqunun tərəfdarıdır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzini rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloqun fikrincə, Rusiya XİN-nin və Kremlin nəzarətindəki media strukturlarının Sergey Kazaryanı "xain" kimi göstərməsi ondan xəbər verir ki, Moskva Bakı ilə Xankəndi arasında təmasların və dialoqun əleyhinədir: "Kremlin yaydığı xəbərdə bir məqam da diqqəti çəkir, deməli amerikalılar Qarabağ ermənilərini xəbərdar ediblər ki, Bakı ilə dialoq alınmasa Azərbaycan ordusu bölgədə anti-terror əməliyyatına başlayacaq. Burada gizli heç nə yoxdur, həqiqətən dialoq alınmasa, separatçılar tərksilah olunmasalar anti-terror əməliyyatı qaçılmaz olacaq".
"Atlas" Araşdırmalar Mərkəzini rəhbərinin sözlərinə görə, Kreml sülhdə maraqlı olsaydı, Vaşinqtonu ittiham etmədən əvvəl özü Qarabağ ermənilərini anlatmalıydı ki, Bakı ilə dialoqu davam etdirmək lazımdır.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az