"Moskva Bakı və Ankaranın irəli sürdüyü "3+3" formatının tezliklə reallaşmasını istəyir" - ASİF NƏRİMANLI
"Rusiyanın platformanın reallaşmasını tezləşdirmək istəyi Ermənistanın bizim şərtlərimizin olduğu masaya əyləşməyə məcbur olması deməkdir"
"Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Bakı və Ankaranın irəli sürdüyü "3+3" formatının tezliklə reallaşmasını istəyir. Bunun reallaşmasını şərtləndirən amillər var: sərhədlərin delimitasiyası, kommunikasiyanın bərpası (Zəngəzur dəhlizi daxil olmaqla), Bakının şərtləri çərçivəsində sülh sazişinin imzalanması". Hurriyyet.az-ın məlumatına görə, bu fikirlər siyasi ekspert Asif Nərimanlıya məxsusdur.
Siyasi ekspert hesab edir ki, Rusiyanın platformanın reallaşmasını tezləşdirmək istəyi Ermənistanın bizim şərtlərimizin olduğu masaya əyləşməyə məcbur olması deməkdir: "Hətta əməkdaşlıq platformasının ilkin dövrdə 2+2 formatında ola biləcəyi də mümkündür. Türkiyə-Rusiya və Azərbaycan-Ermənistan; İran və Gürcüstan sonradan prosesə qoşula bilərlər. İran təzyiq yolu ilə regiondakı vəziyyəti dəyişdirə bilməyəcəyini anladı, bu baxımdan, Tehranın formata qoşulması ehtimalı güclənir". Asif Nərimanlının sözlərinə görə, Gürcüstan da birbaşa olmasa belə, hansısa formada iştirakının zəruri olduğunu anlayır.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az