📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskva Brüsselin real sülh təşəbbüsünə qarşı HƏRƏKƏTƏ KEÇİB

2022-04-26 12:23:00

Moskva Brüsselin real sülh təşəbbüsünə qarşı HƏRƏKƏTƏ KEÇİB

Məhəmməd Əsədullazadə: "Paşinyanın Moskva səfərindən sonra fərqli mövqe ortaya qoyması Avropa İttifaqı ilə İrəvan arasında ciddi problemlər yarada bilər"

Şahin Cəfərli: "Moskvadakı qapalı söhbətlərdə Paşinyana "lazımı" mesajların çatdırıldığına şübhə yoxdur"

Nazim Cəfərsoy: "Paşinyan getdi, Putinlə görüşdü və balans dəyişdi" yorumları çox da keçərli deyil"

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar. Həmçinin, tərəflər Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər. O da qeyd olunur ki, Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub. Tərəflər eyni zamanda, humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Məsələnin maraqlı tərəfi ondadır ki, Ermənistanın baş naziri Nikol Paşinyan bugünlərdə Rusiyaya işgüzar səfər çərçivəsində Vladimir Putinlə görüşündən sonra Brüsselin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə zərbə vuracaq mövqe sərgiləməyə başlayıb.

"Azərbaycan üçün Rusiyanın nəzarətində olacaq Zəngəzur dəhlizinin bir o qədər strateji əhəmiyyəti yoxdur"

Mövzuya məhz bu konteksdən yanaşan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Hürriyyət"ə açıqlamasında bildirib ki, Paşinyanın Moskva səfərindən sonra Brüsseldən fərqli mövqe ortaya qoyması Avropa İttifaqı ilə İrəvan arasında ciddi problemlər yarada bilər: "Artıq münaqişə bitib və Avropa İttifaqı da bunu qəbul edir, regionda yeni geosiyasi, o cümlədən geoiqtisadi strategiya ortaya qoyur. Əgər Nikol Paşinyan bunu pozarsa, o zaman Kremlin mövqeləri möhkəmlənəcək. Hazırda Paşinyan üçün son şans verilib. Prezident İlham Əliyev də Şuşada Ermənistana bu xüsusda mesajını verdi. Düşünürəm ki, Paşinyanın mövqeyinin Kremlin şərtlərinə uyğun dəyişməsi taktiki ola bilər. Yəni, strateji olaraq Paşinyan sülh müqaviləsini imzalamağa məcburdur və siyasətini bunu uyğun olaraq davam etdirəcək".

Moskvanın Zəngəzur dəhlizində maraqlı olduğunu ortaya qoyduğunu vurğulayan Milli Cəbhə Partiyasının sədr müavini qeyd edib ki, Azərbaycan artıq alternativ marşrut əldə edib: "Rusiya Zəngəzur dəhlizində maraqlı olduğunu ortaya atmaqla Cənubi Qafqazda mövqelərini gücləndirməyə çalışır. Çünki Zəngəzur dəhlizində 10 noyabr Birgə Bəyannaməsinə uyğun olaraq təhlükəsizliyi məhz Rusiya Federal Təhlükəsizlik Xidməti həyata keçirməlidir. Əvvəlcə Zəngəzur dəhlizinin açılmasına mane olan Rusiya Avropa İttifaqının regionda real sülhə aparan vasitəçiliyinə mane olmaq üçün bu məsələdə "maraqlı" olduğunu qeyd edir. Lakin Azərbaycan üçün Rusiyanın nəzarətində olacaq Zəngəzur dəhlizinin bir o qədər strateji əhəmiyyəti yoxdur".

"Rusiya Ukraynada tam məğlub olmayınca iki ölkə arasında sülh müqaviləsinin bağlanması mümkün görünmür"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Moskva "Minsk qrupu" və "Qarabağ münaqişəsini" ortaya atmaqla prosesi əngəlləməyə çalışır: "Bununla da Kreml rəhbərliyi "Soçi Bəyannaməsi"nə və Moskvada Azərbaycanla imzalanmış "müttəfiqlik" bəyannaməsinə qarşı olduğunu göstərir. Bu, həm də o deməkdir ki, Moskva Brüsselin real sülh təşəbbüsünə qarşı hərəkətə keçib. Yəni, Rusiya Ermənistanla Azərbaycan arasında sülhün qarşısını almaq və Avropa İttifaqının vasitəçiliyinə mane olmaq üçün sərhəddə lokal müharibənin başlanması üçün düyməni basıb. Ermənistan rəhbərliyi isə siyasi iradə göstərməkdə acizdir. Düşünürəm ki, Ermənistanın Zəngilan istiqamətində sərhəddə diversiya həyata keçirməsi məhz Kremlin təlimatıdır. Odur ki, Rusiya Ukraynada tam məğlub olmayınca iki ölkə arasında sülh müqaviləsinin bağlanması mümkün görünmür".

"Paşinyan son seçkilərdə qələbə çalsa da, Rusiya Ermənistanda hələ də ciddi destabilizasiya yaratmağa qadir olan önəmli gücdür"

Təxminən, eyni mövqedən çıxış edən siyasi şərhçi Şahin Cəfərli də bu qənaətdədir ki, Paşinyan Moskvaya səfərindən sonra işi yoxuşa sürür: "Rusiya özünün tərtib etdiyi 10 noyabr razılaşmalarının həyata keçirilməsində, o cümlədən Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır. Nəqliyyat əlaqələrinin bərpası üçün sərhəd problemlərinin həlli lazım olduğundan, Rusiya prosesin onun liderliyində aparılması şərti ilə bu istiqamətdə də hansısa bir çözümün tərəfdarıdır. Lakin Moskva Qarabağ mübahisələrinə birdəfəlik, qəti olaraq nöqtə qoyacaq hərtərəfli sülh müqaviləsinin imzalanmasında maraqlı deyil". Siyasi şərhçinin sözlərinə görə, Rusiya bu məsələni Azərbaycan-Ermənistan sülh prosesindən ayırıb: "Putin-Paşinyan birgə bəyanatında "Dağlıq Qarabağ nizamlanmasının siyasi-diplomatik vasitələrlə aparılmasına ehtiyac"dan bəhs olunması məsələyə 44 günlük müharibədən əvvəlki yanaşmaları xatırladır. Paşinyan son seçkilərdə qələbə çalsa da, ölkə daxilində mövqeləri sabit və dayanıqlı deyil. Rusiya Ermənistanda hələ də ciddi destabilizasiya yaratmağa qadir olan önəmli gücdür. Paşinyanın səfəri ərəfəsində müxalifətin aktivliyinin artması bu baxmdan bir siqnal idi. Moskvadakı qapalı söhbətlərdə isə ona "lazımı" mesajların çatdırıldığına şübhə yoxdur".

"Həm bizə, həm Türkiyəyə, həm də Rusiya və Qərbə müxtəlif motivlərlə də olsa Paşinyan sərf edir"

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy isə hesab edir ki, həm bizə, həm Türkiyəyə, həm də Rusiya və Qərbə müxtəlif motivlərlə də olsa Paşinyan sərf edir: "Zəngəzur dəhlizinin açılması barədə strateji qərar 10 noyabr 2020-ci il tarixində verilib və hətta Ermənistanın başında Koçaryan olsa belə, dəhliz açılacak! Amma həm bizə, həm Türkiyəyə, həm də Rusiya və Qərbə müxtəlif motivlərlə də olsa Paşinyan sərf edir! Qərb, konkret olaraq Avropa Birliyi Qafqaz regionunda yeni təhlükəsizlik düzəninin əsas aparıcı aktyoru ola bilməz. Bu regionda yeni düzənin əsas qurucu aktyorları Türkiyə, Rusiya və Azərbaycan üçbucağıdır. Digərləri ya bu prosesdə iştirak edərlər, ya da prosesdən kənarda qalarlar. Bu səbəbdən də kənarda qalmamaq üçün Fransanın, Avropa Birliyinin bölgə siyasəti yavaş-yavaş yeni reallığa uyğunlaşır".

QAFSAM-ın sədr müavini qeyd edib ki, artıq İran prosesə daxil olur, Gürcüstan isə öz növbəsində, geri qalmamaq üçün fəallaşır: "Ancaq prosesə başda Qərb olmaq üzrə digər aktyorların daxil olması siyasi, iqtisadi, mədəni və hərbi motivlərlə bizə sərf edir. Bu durumu həm Avropa Birliyi, həm də Ermənistan baş naziri yaxşı bilir. Odur ki, "Paşinyan getdi, Putinlə görüşdü, balans dəyişdi və belə oldu" yorumları isə yuxarıda qeyd olunan səbəblərlə çox keçərli deyil. Çünki bölgədə strateji proseslərlə əlaqədar qərarlar alınıb, hazırda baş verənlər bunun xüsusilə Ermənistan cəmiyyətinə, elitasına və diasporasına qəbul etdirilməsidir. Paşinyan və Putin isə bu prosesdə bir-birinə müxtəlif motivlərlə lazımdır".

Vazeh BƏHRAMOĞLU