Moskva İrəvanı dialoqa çağırır
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Rusiya Ermənistana KTMT-dəki vəziyyətlə bağlı dialoqa başlamağı təklif edir. RF hakimiyyəti bu məsələnin müzakirəsinin əməkdaşlığın normallaşmasına imkan verəcəyinə ümidvar olsa da, Ermənistan hələlik məsafəli davranmağı seçib.
Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin "RİA Novosti" agentliyinə müsahibəsində Rusiya hakimiyyətinin Ermənistanı tənqidi açıqlamalar üslubundan imtina eləməyə çağırdığını və KTMT-dəki mövcud vəziyyəti müzakirə eləməyə hazır olduğunu bildirdiyini söyləyib.
Pankin deyib: "İrəvandakı həmkarlarımızı təşkilatı açıq-aşkar, düşməncəsinə, emosional şəkildə tənqid eləmək əvəzinə, ortaya çıxmış problemlərin siyasi və ekspert səviyyələrində müzakirəsinə başlamağa dəvət edirik".
Onun sözlərinə görə, bu yolla təşkilat tərəfdaşlıq münasibətlərini təkmilləşdirə bilər, lakin Ermənistan uzaqlaşmağı üstün tutur.
Pankin deyib: "Biz hamımız gələcəkdə KTMT-nin fəaliyyətinin və hərbi-siyasi ittifaq kimi effektliliyinin təkmilləşməsində maraqlıyıq. Şübhəsiz ki, Ermənistanın tez bir zamanda təşkilat çərçivəsində normal işə qayıtması buna kömək edə bilərdi. Çox təəssüf ki, bizim erməni müttəfiqlərimiz hələlik həqiqətən də təşkilatdan uzaqlaşıblar".
Pankin bəyan edib ki, KTMT ilə əlaqələrin saxlanılması İrəvan üçün faydalıdır və Cənubi Qafqazda və Avrasiya məkanında sülhün və sabitliyin inkişafına kömək edər.
Hürr Tərcüman