Moskva NATO-nun İsveç və Finlandiya ilə genişlənməsindən kimə sığınır?
Məlum olduğu kimi beynəlxalq gündəmdə Finlandiya və İsveçin NATO-ya daxil olması müzakirə mövzularından biridir. NATO üzvü olan Türkiyə bu iki ölkənin üzvlüyünə veto qoymaqla mövqeyini açıq bildirdi. Ankara bu addımı onunla əsaslandırdı ki, bu halda alyans terrorçuların sığınacaq yerinə çevriləcək.
Bu açıqlamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib. Xatırladaq ki, prezident Ərdoğan və Türkiyə XİN naziri Çavuşoğlu Finlandiya və İsveçin bu terror təşkilatları-PKK və "İnqilabçı Xalq Qurtuluş Partiyası" ilə əməkdaşlıq etdiyini bildirmişdilər.
“Biz -hə- deyə bilmərik. Onda NATO təhlükəsizlik təşkilatı olmayacaq, terrorçuların çoxlu nümayəndələrinin olduğu yerə çevriləcək. Qoy onlar inciməsinlər”, deyə "RİA Novosti" Ərdoğanın sözlərini sitat gətirir.
Maraqlıdır ki, eyni zamanda, Türkiyənin XİN-dəki mənbənin "TASS"a verdiyi məlumata görə, bazar ertəsi, mayın 16-da nazir Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. Söhbətin təfərrüatları hələlik məlum deyil.
Daha bir məqam-ABŞ dövlət katibinin müavini Vendi Şerman Vaşinqtonda Türkiyə XİN nazirinin müavini Sedat Önal ilə görüşüb. Şerman “Ukraynaya güclü və fəal dəstəyinə” görə Önala təşəkkür edib.
Öz növbəsində, mətbuat katibi Karine Jan-Pyerin dediyi kimi, Ağ Ev əmindir ki, Türkiyənin etirazlarına baxmayaraq, NATO Finlandiya və İsveçin alyansa qoşulması ilə bağlı konsensus əldə edəcək. ABŞ “Finlandiya və İsveç hökumətlərinin NATO-ya üzv olmaq niyyətləri barədə cari açıqlamalarını alqışlayır”.
Türkiyənin məlum vetosuna gəlincə isə böyük ehtimalla Rusiya bundan çox razı qalıb. Türkiyə ilə Rusiya arasında zaman-zaman beynəlxalq məsələlərdə uzlaşmalar baş verir. Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə veto məsələsi də Rusiyanın bu mövzuda narahatlığını anlamış olduğunu göstərmək istəyini çatdırmaq məqsədilə atılmış ola bilər. Digər tərəfdən bu günlərdə prezident Putinin Türkiyəyə səfərinin baş tutacağı barədə informasiya məkanənda dolaşır. Bu informasiya Türkiyənin "Yeni Şafak" qəzetində verildi. Hərçənd Ruisya mətbuatında bu xəbər "Kreml Putinin Türkiyə səfərinə hazırlıqla bağlı məlumatı təsdiqləməyib" şəklində açıqlandı, amma prezident Putinin bu səpgidə ziyarəti istisna edilməmlidir. Görünür Ukrayna məsələsində küncə sıxışdırılan Putin NATO-nun Finlandiya ilə İsveçi öz tərkibinə almaqla onu dalana dirəməsinə qarşı çıxış yolunu Türkiyənin dəstəyinə sığınaraq müqavimət göstərməkdə görür.
Ülviyyə, Hurriyyet.az