📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Moskva Qərb siyasətçilərinin bir çoxunun ikiüzlüyündən öz maraqlarına uyğun istifadə etməyi bacarır" - ELÇİN MİRZƏBƏYLİ

2022-01-27 15:05:00

"Bu prosesdə ən maraqlı məqam AŞPA üzvü olan parlamentarilərin nümayiş etdirdikləri və president olaraq unikallığı ilə seçilən siyasi riyakarlıqdır"

"Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanın təsisatdakı nümayəndə heyətinin səlahiyyətini təsdiqləyib. Bununla da 3 gün öncə Ukrayna və Litvadan olan parlamentarilərin Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunmaması ilə bağlı müraciətləri nəticəsiz qalıb". Hurriyyet.az xəbər verir ki, bu fikirlər siyasi ekspert Elçin Mirzəbəyliyə məxsusdur.

Siyasi ekspert qeyd edib ki, Litva və Ukraynadan olan parlamentarilər müraciətlərində Boris Nemtsovun qətlini, Aleksey Navalnının həbsini, Krımın ilhaqını və Rusiyada Dövlət Dumasına keçirilən son seçkilərin demokratik olmadığını əsas gətirmişdilər: "Bu prosesdə ən maraqlı məqam AŞPA üzvü olan parlamentarilərin nümayiş etdirdikləri və president olaraq unikallığı ilə seçilən siyasi riyakarlıqdır. Öncə Ukrayna və Litvadan olan deputatların Rusiya ilə bağlı şikayətlərini dəstəkləyən parlamentarilərin 2 gün sonra keçirilən səsvermədə tamamilə əks mövqedən çıxış etmələri əslində çox şeydən xəbər verir. Xatırladım ki, 142 parlamentarinin 97-i Rusiya nümayəndə heyətinin səlahiyyətinin təsdiq edilməsinin lehinə səs verib. Yerdə qalanların əhəmiyyətli hissəsi isə səsvermədə iştirak etməyib".

Elçin Mirzəbəylinin sözlərinə görə, məsələ burasındadır ki, Moskva Qərb siyasətçilərinin bir çoxunun ikiüzlü, riyakar, prinsipsiz və satqın olduğunu yaxşı başa düşür və bundan da öz maraqlarına uyğun istifadə etməyi bacarır: "Bu baxımdan, həmişə Qərbin gəlişigözəl vədlərinə uyub öz xalqlarını uçuruma aparan siyasətçilərin müvəqqəti “parlaqlığı”ndan həvəslənənlərin sadəlöhvlüyünə təəccüblənmişəm. İllər boyu “parladılan” siyasi “ulduz”ların əksəriyyətinin indi “səma”da heç izləri də qalmayıb. Amma bəziləri yenə də nəticə çıxarmırlar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az