"Moskva regionda mövcudluğunu qorumaq üçün ənənəvi imperialist oyunlarına davam edir" - ŞAHİN CƏFƏRLİ
"Odur ki, hər iki tərəf bu düşmənçiliyin davam etməsindən hansı gücün qazanclı çıxdığını nəhayət ki, anlamalı və buna uyğun strategiya qurmalıdır"
"8 noyabr - Zəfər bayramımız mübarək! İlk növbədə şəhid əsgər və zabitləri sevgi və sayğı ilə xatırlamaq, onların ailələrini unutmamaq lazımdır. Qaziləri lazımi səviyyədə sosial dəstəklə əhatə etmək zəruri vəzifədir və bu məsuliyyət ilk növbədə dövlətin və onu idarə edənlərin üzərinə düşür. Təəssüf ki, 8 noyabr qələbəsi hələ problemə yekun nöqtə qoymayıb. Bölgədə uzunmüddətli, dayanıqlı sülhə nail olmağın yolu Rusiya ordusunun Qarabağdan, hətta gələcəkdə Ermənistandan da çıxarılmasından keçir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.
Siyasi şərhçinin fikrincə, bunun üçün şübhəsiz ki, hər iki tərəfin - Azərbaycan və Ermənistan dövlətlərinin və toplumlarının qarşılıqlı etimada əsaslanan səmimi əməkdaşlığı və ardıcıl səyləri tələb olunur: "Lakin biz görürük ki, Moskva bunu əngəlləmək və regionda mövcudluğunu qorumaq üçün yenə ənənəvi imperialist oyunlarına davam edir, erməni toplumunda revanş ümidləri yaradır. Bu təhlükəli oyunu boşa çıxarmaq üçün Azərbaycan çox diqqətli və soyuqqanlı siyasət aparmalı, qarşı tərəfə yönəlmiş düşmənçilik ritorikasından, hədə-qorxulardan vaz keçməlidir. Təbii ki, Ermənistan hökuməti də öz növbəsində bu yolda üzərinə düşənləri etməlidir. Hər iki tərəf bu düşmənçiliyin davam etməsindən hansı gücün qazanclı çıxdığını nəhayət ki, anlamalı və buna uyğun strategiya qurmalıdır".
Şahin Cəfərlinin sözlərinə görə, bizim üçün başqa bir problem odur ki, müharibədən sonra bu mövzu yenə ölkə gündəmini zəbt etməkdə davam edir və digər ümummilli məsələlər demək olar ki, müzakirə olunmur: "Demokratik inkişaf, insan hüqüq və azadlıqlarının təminatı, iqtisadi tərəqqi, təhsil, səhiyyə və digər sahələrdəki köklü problemlərin həlli arxa plana atılıb. "Qalib, amma hüquqsuz xalq" tragikomik paradoksu aradan qaldırılmalıdır. Bu necə qalib xalqdır ki, adicə öz bələdiyyəsini seçməkdən də məhrum edilib? Bu eybəcərliyə son qoymaq üçün qeyri-adi nələrsə tələb olunmur - Azərbaycan Konstitusiyasının müvafiq müddəaları yerinə yetirilməlidir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az