"Moskva üçün ya Makronun, ya da Pekresin seçilməsi olduqca vacibdir" - ZAUR MƏMMƏDOV
"Fransada kimin hakimiyyətə gəlməsi gələcək aylarda Ukrayna ətrafındakı proseslərə təsir edəcək"
"Fransalı prezidentliyə namizədlərin bəzilərinin Xankəndiyə getməsi, bəzilərinin isə ora buraxılmaması Rusiyanın bu ölkədəki seçkilərdə öz adamını hakimiyyətə gətirmək istəyi ilə bağlıdır. Rusiyaya qarşı çıxışları ilə seçilən Erik Zemmur Ermənistana gələn ilk namizəd olsa da, onu separatçılarla görüşə buraxmadılar. Amma Rusiyanın agenti sayılan Valeri Pekrez Xankəndinə getdi". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov qeyd edib.
Politoloqun sözlərinə görə, beləcə, Rusiya Pekresin Fransadakı erməni diasporasının əksər hissəsinin səsinin almasına kömək etmək istəmiş olub: "Hazırda NATO-Rusiya münasibətləri baxımından da çox gərgin ilə daxil oluruq. "Şimal axını 2" və Rusiya ilə ilıq münasibətlərin tərəfdarı Merkel yoxdur. Makronun da qalıb-qalmayacağı məlum deyil. Buna görə Moskva üçün Fransadakı prezident seçkilərində ya Makronun, ya da Pekresin seçilməsi olduqca vacibdir. Fransada kimin hakimiyyətə gəlməsi gələcək aylarda Ukrayna ətrafındakı proseslərə təsir edəcək. İkincisi, Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırlığı ola bilər. Onun son açıqlamaları kifayət qədər ciddidir. "Qarabağ hüquqi cəhətdən Azərbaycansız ola bilməz" deyən Paşinyan həqiqəti dilə gətirdi. Təkcə BMT tərəfindən bir neçə dəfə Qarabağın işğal edildiyi təsdiq edilib. 1993-cü ildə qəbul edilən qətnamələrdə həm də belə bir ifadə var: Azərbaycanın sərhəd toxunulmazlığı. 21 dekabr 2001-ci il tarixdə BMT- ATƏT əməkdaşlığının müzakirəsi zamanı BMT Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı haqqında qətnamə qəbul edib. 2008-ci ildə BMT Baş Assambleyası "Qarabağ Azərbaycandır" deyib. Həmin gün BMT Assambleyasının əksər dövlətləri Qarabağı Azərbaycanın ərazisi kimi bir daha tanıyıblar. Aşağıdakı cümlələrdən istifadə olunub: A. Hər kəs Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. B. İşğal altındakı torpaqlardan erməni hərbi birləşmələri çıxmalıdırlar. Yeri gəlmişkən, 2008-ci ildə Minsk qrupunun həmsədr dövlətləri qətnamənin əleyhinə səs vermişdilər".
Bunun isə təsadüf olmadığını vurğulayan Bakı Politoloqlar Klubunun sədri qeyd edib ki, həm keçmişdə, həm də indi Qarabağ mövzusunda ABŞ, Fransa və Rusiya arasında konsensus olub: "Beləliklə, son həftələr ərzində fransızların Ermənistana səfərləri, bir neçə namizədin sülhməramlıların qarşısından keçərək Xankəndinə getməsi geosiyasi mahiyyət daşıyır. Bununla da, şimal həm Fransadakı gələcək elektoral proseslərə müdaxilə edir, həm də sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərlə bağlı öz mövqeyini ortaya qoymuş olur. Öz növbəsində, Ermənistanın baş naziri Paşinyanın çıxışı onun bütün separatçılar tərəfindən mövzuyla bağlı səlahiyyətsiz şəxs elan edilməsinə gətirib çıxarır. Beləcə, həm Ermənistan, həm də separatçılar demarkasiya- delimitasiya məsələsində öz aləmlərində "oyun" qurmuş olurlar. Amma bütün tərəflər bilsinlər ki, XXI əsr bizim əsrdir. Azərbaycan bundan sonra da hədəflərinə layiqincə çatacaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az