📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvadakı tədbirdə Bakıya və MDB ölkələrinə şok təklif

2026-11-09 19:11:44

Moskvadakı tədbirdə Bakıya və MDB ölkələrinə şok təklif

Moskva MDB ölkələrini vahid təhlükəsizlik sistemində birləşdirmək istəyir – Şoyqunun planı nədir?

Noyabrın 9-da Moskvada MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin XIV görüşü keçirilib.

Hurriyyet.net  qurumun rəsmi saytına istinadən xəbər verir ki, toplantıda Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov da iştirak edib.

Moskvanın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli toplantıda təşkilata üzv ölkələrin təhlükəsizlik şuraları arasında koordinasiyanın gücləndirilməsi, vahid informasiya məkanının yaradılması, terrorizm və ekstremizmlə mübarizə, eləcə də xarici müdaxilələrə qarşı birgə fəaliyyət məsələləri müzakirə olunub.

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinin müraciətini oxuyub. Prezidentin müraciətində deyilir ki, mürəkkəb geosiyasi vəziyyətin hökm sürdüyü və dünyanın bir sıra regionlarında münaqişələrin kəskinləşdiyi şəraitdə – MDB dövlətlərinin təhlükəsizliyinin və suverenliyinin möhkəmləndirilməsi, Birliyin bütün məkanında sabitliyin təmin olunması üçün sizin qurumlarınızın ciddi analitik və proqnostik potensialından maksimum istifadə etmək vacibdir. Putin iştirakçıları baş verən prosesləri hərtərəfli və obyektiv təhlil etməyə, eləcə də təhlükəsizlik sahəsində ümumi vəzifələrin uğurla həlli üçün dövlətlərin müvafiq qurumları arasında əməkdaşlığı daha da genişləndirməyə çağırıb.

Rusiya Təhlükəsizlik Şurasının katibinin çıxışında diqqət çəkən əsas məqam MDB ölkələri üçün alternativ texnoloji və təhlükəsizlik infrastrukturu yaratmaq çağırışı olub. Rusiya rəsmisi bildirib ki, Qərbin texnoloji, o cümlədən rəqəmsal həlləri dövlət idarəçiliyinin və iqtisadiyyatın kritik sahələrində suverenliyin itirilməsinə səbəb ola bilər. Onun sözlərinə görə, belə infrastrukturun bir anda söndürülməsi mümkündür.

Şoyqu bu təhlükələrin qarşısını almaq üçün milli texnoloji həllərin hazırlanmasını vacib sayıb. O, Rusiyada fəaliyyət göstərən “Büro 1440” şirkətinin “Rassvet” adlı aşağıorbitli peyk sistemi əsasında qlobal internet xidmətləri yaratdığını bildirib və MDB ölkələrinin nümayəndə heyətlərini bu sistemin imkanları ilə tanış olmaq üçün Moskvaya dəvət edib. Bu o deməkldir ki, Rusiya postsovet ölkələrinin informasiya və kommunikasiya sahəsində Qərb texnologiyalarından asılılığının azaldılmasını təklif edir. Məlumat üçün deyək ki, 2026-cı ilin mart ayında “Büro 1440” şirkəti “Rassvet” peyk qrupunun ilk peyklərini orbitə buraxıb. Bu peyklər vasitəsilə saniyədə 1 Gbit-ə qədər sürətlə internetə çıxış əldə etmək mümkün olacaq. Daha sonra orbitə əlavə peyklər də buraxılıb. Xüsusilə, Rusiyada qatarlar üzərində peyk internetinin sınaqlarına artıq başlanılıb. Belə görünür ki, bu, sadəcə texnoloji layihənin təqdimatı deyil. Moskva rəqəmsal infrastrukturu da təhlükəsizlik və suverenlik məsələsinin tərkib hissəsi kimi təqdim edir. Başqa sözlə, Rusiya postsovet ölkələrinin informasiya və kommunikasiya sahəsində Qərb texnologiyalarından asılılığının azaldılmasını təklif edir.

Şoyqu çıxışında Qərbi postsovet məkanında siyasi və seçki proseslərinə müdaxilədə, informasiya müharibələrində, sanksiyalardan və dini amildən istifadə də etməkdə ittiham edib. Onun fikrincə, Qlobal Cənub və Şərq ölkələrinin beynəlxalq siyasətdə artan rolu yeni dünya nizamının formalaşmasına təsir göstərir.Rusiya rəsmisi terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlıq, narkotik və silah qaçaqmalçılığını da MDB ölkələri üçün ümumi təhdidlər sırasında göstərib.O bildirib ki, Avropada hərbiləşmə prosesi davam edir: hərbi xərclər artır, Polşa və Baltikyanı ölkələrdə NATO infrastrukturu genişləndirilir. Onun sözlərinə görə, sərhədyanı ərazilərdə mütəmadi olaraq təxribatlar törədilir.Rusiya Təhlükəsizlik Şurasının katibi region üçün əsas təhdidlər sırasında terrorizm və ekstremizmin yayılmasını göstərib. O, Əfqanıstandakı sabitliyin Mərkəzi Asiyadakı vəziyyətə birbaşa təsir etdiyini vurğulayaraq, Kabil ilə əməkdaşlığın vacibliyini qeyd edib.

Toplantıda MDB baş katibi Sergey Lebedev də çıxış edərək təşkilata üzv ölkələrin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb. O, ayrı-ayrı dövlətlərin milli monitorinq sistemlərinin əhalinin təhlükəsizliyini tam təmin edə bilmədiyini bildirib. Buna görə də vahid informasiya məkanının yaradılmasını strateji prioritetlərdən biri adlandırıb.