📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvadan İrəvana sərt xəbərdarlıq: "Cavabsız qalmayacaq"

2026-09-18 21:51:03

Moskvadan İrəvana sərt xəbərdarlıq:

Moskva İrəvandakı Rusiya iqtisadi operatorlarının maraqlarının pozulmasına adekvat reaksiya verəcək.

Hurriyyet.media  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Qaluzin Ermənistandakı Rusiya şirkətlərinin mövcud vəziyyətini şərh edərkən bildirib.

Diplomatın sözlərinə görə, Ermənistan rəhbərliyi ölkədəki Rusiya investisiyalarının təhlükəsizliyinə zəmanət versə də, bu bəyanatlar reallığı əks etdirmir. Qaluzin xüsusilə Rusiya Dəmir Yollarının törəmə müəssisəsi olan "Cənubi Qafqaz Dəmir Yolu"nun (CQDY) konsessiya müqaviləsinə toxunub.

O, İrəvanın konsessiyanın üçüncü ölkəyə satılması ilə bağlı bəyanatlarını Moskvanın tam ciddiliklə qarşıladığını vurğulayıb:

"İddia olunur ki, guya Rusiyanın iştirakı Qərb sanksiyaları təhlükəsinə görə Ermənistanı rəqabət üstünlüklərindən məhrum edir. Reallıqda isə əksinədir - Rusiya şirkəti uzun illərdir bütün gəlirlərini Ermənistan dəmir yolu infrastrukturunun saxlanılmasına, yenilənməsinə və inkişafına yönəldir".

XİN rəhbərinin müavini iş adamı Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri"nin milliləşdirilməsi prosesinə də münasibət bildirib. O, İrəvanın bu addımı korrupsiyaya qarşı mübarizə və şirkətin səmərəliliyinin artırılması kimi qələmə verməsini inandırıcı hesab etmədiyini deyib.

Qaluzin baş verənləri daxili siyasətdəki rəqiblərdən birinə qarşı siyasi motivli təzyiq kimi qiymətləndirib və Karapetyan siyasi səhnəyə çıxanadək şirkətin fəaliyyətinə heç bir iradın olmadığını xatırladıb.