Moskvadan Kiyevdəki səfirliklərə TƏHLÜKƏ XƏBƏRDARLIĞI: Kremlin mətbuat katibindən KRİTİK AÇIQLAMALAR
Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi Ukraynanın paytaxtı Kiyevdə fəaliyyət göstərən xarici dövlətlərin səfirliklərinə rəsmi xəbərdarlıq edərək diplomatik missiyaların işini davam etdirməsinin ciddi təhlükə daşıdığını bəyan ediblər.
Hurriyyet.net xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı açıqlama verərək diplomatik nümayəndəliklərin Kiyevdə qalıb-qalmamaq barədə qərarı sərbəst şəkildə, öz məsuliyyətləri altında verməli olduqlarını bildirib. Kremlin sözçüsü vurğulayıb ki, xarici ölkələrin bu barədə qəbul edəcəyi hər hansı qərardan asılı olmayaraq, Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisində müəyyən olunmuş hərbi tapşırıqları və zərbələri icra etməkdə davam edəcək.
Mətbuat konfransı zamanı cəbhədəki vəziyyəti və Rusiya ordusunun son addımlarını şərh edən Peskov, münaqişə zonasından kənardakı obyektlərin vurulmasına da toxunub.
O, dinc iqtisadiyyat infrastrukturunu hədəf siyahısına daxil edərək müharibənin miqyasını ilk genişləndirən tərəfin Kiyev rəhbərliyi olduğunu iddia edib və Rusiya tərəfinin hazırda həyata keçirdiyi kütləvi hücumların bu addımlara qarşı birbaşa qisas xarakteri daşıdığını qeyd edib.
Açıqlamalarının davamında Moskva ilə Vaşinqton arasındakı pərdəarxası təmaslara də toxunan Dmitri Peskov, amerikalı həmkarlarla keçirilən görüşlər zamanı energetika sahəsində ehtimal olunan ikitərəfli əməkdaşlıq imkanlarının da müzakirə edildiyini diqqətə çatdırıb.
Kremlin rəsmi nümayəndəsi jurnalistlərin Braziliyada keçirilən seçkilərlə bağlı sualını isə cavabsız qoyaraq, prosesə müdaxilə etmək istemədiklərini və rəsmi yekun nəticələri gözləməyin daha doğru olacağını vurğulayıb.