Moskvanı təmin edən neft zavodu dayandı - Əsas qurğulardan biri sıradan çıxıb
Ryazan Neft Emalı Zavodu növbəti dron hücumundan sonra neft emalını qismən dayandırıb.
Hurriyyet.net xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadla məlumat yayıb.
Hələ 15 oktyabrda baş verən dron zərbəsi bu iri neft emalı zavodunun əsas distillə qurğularından birini sıradan çıxarıb.
Qeyd edək ki, "Rosneft" şirkətinə məxsus Ryazan Neft Emalı Zavodu Moskvanı və Moskva regionunu yanacaqla təmin edən əsas strateji müəssisələrdən biridir. Moskvadan təxminən 200 kilometr cənub-şərqdə, Ryazan vilayətində yerləşən bu zavodun gücü ildə 17 milyon ton və ya gündə təxminən 340.000 bareldir. Zavod ildə 3,4 milyon ton benzin və 3,8 milyon ton dizel yanacağı istehsal edə bilər, əlbəttə ki, Ukrayna PUA-ları imkan versə…
Məlumatda deyilir ki, son hücum zamanı neft emalı zavodundakı bir neçə boru kəməri də zədələnib.
Zavodun sahibi olan “Rosneft” son hücumla bağlı şərh verməyib. Lakin hücumdan sonra Rusiya Müdafiə Nazirliyi zavodda yanğın baş verdiyini təsdiqləyib.