"Mövcud proses NATO hərbçilərinin Zəngəzura yerləşdirilməsi deməkdir" - ZAUR MƏMMƏDOV
"Qərbin xüsusi missiyasının nümayəndələrinin toxunulmazlığı olacaq, onların baqajında axtarış aparıla bilməz və beləliklə, yük adı altında silahdan tutmuş casus texnikasına qədər hər şey Ermənistan ərazisinə gətiriləcək"
"Hazırda Rusiyaya qarşı tam açılım siyasəti yürüdən Nikol Paşinyan Qarabağla bağlı tam olaraq Moskvaya qarşı əgər dünənə qədər demarş edə bilmirdisə, bu gün bunu sərbəst şəkildə etməkdədir. Məlum olduğu kimi, burada əsas istiqamətlərdən biri Qərbin hərbçilərinin missiya adı altında Zəngəzura gətirilməsi idi. Avropa İttifaqının Ermənistandakı missiyası ötən ilin payızında İrəvan-Brussel arasındakı Praqa razılaşmasına görə 3 aylıq Zəngəzurda yerləşdirilmişdilər. Sonradan onların müddətinin uzadılması vaxtı ilə bağlı əlavə heç bir sənəd imzalanmamışdı". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.
Bakı Politoloqlar Klubunun rəhbəri bildirib ki, fevralın 20-dən noyabrın 20-dək hüquqi əsas olmadan bölgədə qalan Avropa İttifaqı missiyasına bugünlərdə leqallıq verildi: "Ermənistanla Avropa İttifaqı arasında missiyanın statusu haqqında sazişdə təsbit olunan əsas məsələ odur ki, avropalı missionerlər diplomatik status alırlar. Söhbət səhiyyədən tutmuş texniki məsələlərə qədər müşahidəçilər üçün əlçatan şəraitin yaradılmasından gedir. Avropa İttifaqının Ermənistandakı diplomatik missiyası faktiki olaraq daha 100 nəfər artacaq. Gələcəkdə isə 500 nəfərə qədər sayları artırıla bilinər. Qərbin xüsusi missiyasının nümayəndələrinin toxunulmazlığı olacaq, onların baqajında axtarış aparıla bilməz və beləliklə, yük adı altında silahdan tutmuş casus texnikasına qədər hər şey Ermənistan ərazisinə gətiriləcək".
Zaur Məmmədovun qənaətincə, mövcud proses Zəngəzur və Göyçə regionlarında sistemli silahlanma və faktiki olaraq NATO hərbçilərinin yerləşdirilməsi deməkdir.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az