"Mövcud şəraitdə Ermənistanla sülh müqaviləsinin bağlanması sual altındadır"
Məhəmməd Əsədullazadə: "Samvel Babayan erməni icmasının rəhbərliyinə gələ bilər, Araik Arutyunyanın isə Qarabağı tərk etməsi mümkündür"
Elxan Şahinoğlu: "Ermənistan hakimiyyətini və Qarabağ separatçılarını bölgədə yaşayan ermənilərin sosial problemlərinin həlli maraqlandırmır, məqsədləri beynəlxalq aləmdə Azərbaycanı çətin duruma salmaqdır"
Xankəndidəki separatçıların avqustun 25-də rəsmi Bakı ilə görüşün təşkil edilməsi üçün Rusiyaya ünvanladığı müraciət cavabsız qalıb. Bununla bağlı publika.az-da yer alan informasiyada deyilir ki, separatçıların qondarma "dövlət naziri" Qurgen Nersisyan görüşün "təhlükəsiz yerdə" keçirilməsini istədiklərini açıqlamışdı. Separatçılar "təhlükəsiz yer" dedikdə Bakının təklif etdiyi əraziləri – Bərdə, yaxud Yevlax şəhərlərini istisna edir, onlar daha çox Rusiya sülhməramlılarının nəzarətində olan yerdə danışmaq istəyirlər.
Nersisyanın açıqlamasında əsas diqqətçəkən məqamlardan biri "Bakı ilə danışıqların xalqa açıq olması" ilə bağlı dedikləridir. Separatçı bildirir ki, "təşəbbüs göstərmək, xalqa açıq dialoq aparmaq lazımdır". Separatçılar bir tərəfdən Rusiyaya Bakı ilə görüşün təşkil edilməsi üçün yalvarır, digər tərəfdən, “dialoq xalqa açıq olmalıdır” deyir. Bu, onların düşdüyü çıxılmaz vəziyyətdən xəbər verir. Bakı isə öz növbəsində Ağdam yolundan istifadədə israrlıdır və Qarabağdakı erməni nümayəndələri ilə Yevlax, daha sonra Bərdədə görüşün keçirilməsini, Ağdam marşrutu və reinteqrasiya məsələsinin müzakirəsini təklif etdi. Ağdam yolundan istifadənin alternativi yoxdur, bunu separatçılar da anlayır. Erməni mənbələr ötən həftə məlumat yayırdı ki, Araik Arutyunyan və başının dəstəsi Ağdam yolundan istifadəni müzakirə edir, yaxın günlərdə bununla bağlı qərarı açıqlayacaq. Bu məlumat separatçılar tərəfindən təkzib olundu, hərçənd, Nersisyanın açıqlamaları Ağdam yolunun açılmasını qəbul etmək məcburiyyətində qaldıqlarını göstərir. Lakin separatçılar öz oyunlarını oynamağa da cəhd edir: Ağdam yolunun açılması ilə razılaşmaq məcburiyyətində olsalar da, bununla bağlı müzakirələrin Yevlaxda, yaxud Bərdədə yox, sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərdə keçirilməsinə çalışır, Rusiyanı vasitəçiyə, özlərini “tərəfə” çevirmək istəyirlər.
Beləliklə, Xankəndidə üç gündür cavab gözləsələr də, nəticə yoxdur. Çünki Bakı onların istəklərini qəti şəkildə rədd edir. Yeganə yol Bakının təklif etdiyi ərazidə Ağdam marşrutunu, ümumiyyətlə reinteqrasiya prosesini müzakirə etməkdir.
"Fransa, İran və Rusiya Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamasına imkan verməyəcək"
Qeyd edək ki, həm sözügedən mövzu, həm Fransanın Ermənistan üzərindən Qarabağa "humanitar yük" göndərmə cəhdi, həm də Parisin BMT-nin Təhlükəsizlik Şurasına Laçın yolunda maneəsiz giriş-çıxışın təmin olunması, Qarabağda yaşayan ermənilərin "blokadası" ilə bağlı qətnaməni müzakirəyə çıxarması ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Qarabağda erməni icmasının rəhbərliyinə Samvel Babayan gələ bilər. Azərbaycanın buna məqbul yanaşdığını vurğulayan politoloqun sözlərinə görə, Araik Arutyunyanın Qarabağı tərk etməsi mümkündür.
Milli Cəbhə Partiyasının sədr müavini onu da bildirib ki, mövcud şəraitdə Ermənistanla sülh müqaviləsinin bağlanması sual altındadır: "Ermənistanla sülh üfüqdə belə, görünmür. Fransa, İran və Rusiya Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamasına imkan verməyəcək. Ermənistanın baş naziri Nikol Paşinyan sülhə mane olan "Müstəqillik aktını" dəyişsə də sülh müqaviləsi tezliklə bağlanmayacaq. Ona görə də Azərbaycan hərbi cəhətdən güclənməli və erməniləri Qarabağdan tam çıxarmalıdır. O da məlumdur ki, Fransa Qarabağda ermənilərə "humanitar yük" göndərəcək. Azərbaycan sərhədinə tam nəzarəti bərpa edib. Heç bir ölkə Azərbaycanın icazəsi olmadan sərhəddən keçə bilməz. Fransanın bu siyasəti açıq şəkildə Azərbaycanın suverenliyinə təhdiddir. Düşünürəm ki, yaxın günlərdə proseslər gərginlik xəttinə keçəcək".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Azərbaycan Ermənistandan tərəfindən girişi bağlamalı, yalnız Qarabağdan birdəfəlik gedənlərə icazə verməlidir: "Azərbaycana qarşı bu təhdid siyasəti heç də Laçın yolu və guya blokada məsələsi deyil. Bu, regionda sülhə mane olmaq və Cənubi Qafqazda qeyri-sabitliyi saxlamaqdan ibarətdir. Ermənilərdən isə alət olaraq istifadə edilir. Onu da bildirməliyəm ki, Fransanın BMT-nin Təhlükəsizlik Şurasına Laçın yolunda maneəsiz giriş-çıxışın təmin olunması, Qarabağda yaşayan ermənilərin "blokadası" ilə bağlı qətnaməni müzakirəyə çıxarması gözlənilir. Fransanın belə bir qətnaməni BMT-nin Təhlükəsizlik Şurasında gündəliyə çıxarması məlum olduqdan sonra separatçılar Xankəndi-Ağdam yolunun açılması ilə paralel Laçın yolunun da maneəsiz açılmasını şərt kimi irəli sürdülər. Bütün bunlar göstərir ki, Fransa Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına mane olur. Fransanın bu siyasəti daha çox Rusiyanın geosiyasi maraqlarına cavab verir. Ümumiyyətlə, Parisin Cənubi Qafqazda anti-Azərbaycan siyasəti Fransanın regionda siyasi mövqelərinin güclənməsinə gətirib çıxarmayacaq. Fransa üçün Cənubi Qafqaz nə Afrika, nə də Aralıq dəniz regionudur. Bura yeni geosiyasi nizamın yaradıldığı və bu nizamı diktə edən Azərbaycan-Türkiyə tandemi hakimdir. Ona görə də Fransanın bu kimi siyasi təxribataları müsbət nəticə verməyəcək. Hesab edirəm ki, Fransa anti-Azərbaycan qətnaməni səsverməyə çıxarsa üzv ölkələr tərəfindən buna veto qoyula bilər".
"Arutyunyan Moskvadan istefasına razılıq alan kimi Rusiya hərbi kontingentinə aid helikopterlərin biri ilə bölgədən qaçmağa çalışacaq"
Separatçıların lideri Araik Arutyunyanın müqavimət güclərinin azaldığını anladığını deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, onun yeni hiyləsi Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın hökumət təmsilçiləri ilə növbəti dəfə Xocalıda görüşün təşkilidir: "Arutunyan bu məqsədlə "dövlət naziri" Qurgen Nersisyanı qabağa verib. Separatçıların "dövlət naziri" Azərbaycan hökumətinin təmsilçiləri ilə görüşmək istədiklərini açıqlayıb. Görüş istəsələr də azərbaycanlılarla üzbəüz qalmaqdan qorxurlar, tələb edirlər ki, masada ya Rusiya, ya da hansısa qeyri-müəyyən üçüncü tərəf otursun. Bu Azərbaycanın maraqlarına cavab vermir. Üçüncü tərəfin iştirakıyla görüşə razılaşmaq məsələni beynəlliləşdirmək deməkdir. Havalar soyumağa başladıqca vəziyyətləri daha da ağırlaşacaq və onda vasitəçisiz görüşməkdən başqa alternativləri qalmayacaq, ya da sürətlə Qarabağı boşaltmağa başlayacaqlar".
Son günlər Xankəndidə qarşıdurmaların və atışmaların sayının artdığını qeyd edən politoloq bildirib ki, məhz hazırkı durum Qarabağ separatçılarının lideri Araik Arutyunyanın sonunun necə olacağını gündəmə gətirir: "Araik Arutyunyan İkinci Qarabağ müharibəsinə qədər işğal altındakı bölgəni Ermənistanın baş naziri Nikol Paşinyanla birgə istədiyi kimi idarə edirdi. Azərbaycan ordusu müharibə günlərində Arutyunyanın yerini müəyyənləşdirməyə çalışırdı. O məhv olunmalıydı. Çünki Arutyunyan Gəncə və digər şəhərlərimizin bombalanması əmrini verdiyini açıq ifadə etmişdi. Həmin zərbələr nəticəsində yüzlərlə mülki vətəndaşımızı itirdik. Arutyunyan müharibədən sağ çıxdı. O istefa verib aradan çıxmağa çalışsa da, Moskvadan icazə vermədilər. Müharibədən sonra Arutyunyan artıq Moskvanın nəzarətinə keçmişdi. O indi də istefa vermək istəyir, ancaq Moskvadan hələ razılıq almayıb. Razılıq alan kimi Rusiya hərbi kontingentinə aid helikopterlərin biri ilə bölgədən qaçmağa çalışacaq. Əgər Arutyunyan "vəzifəsinin" icrasına davam edərsə, bu separatçıların və bölgənin erməni sakinlərinin durumunu daha da ağırlaşdıracaq. Çünki Araik Arutyunyan Azərbaycanın hökumət təmsilçiləri ilə görüşə neqativ yanaşır, üçüncü qüvvənin iştirakıyla neytral zonada dialoqun mümkünlüyünü bildirib. Buna isə rəsmi Bakı razılaşmayacaq. Bu gedişat Qarabağdakı ermənilərin sosial problemlərini dərinləşdirəcək. Qazları, elektrikləri, internetləri kəsiləcək, bunların hamısı işğal dönəmində qanunsuz çəkilib. Qarabağ erməniləri Azərbaycan qanunlarına tabe olmayana qədər işğal dövründəki rahat həyatlarına qayıda bilməyəcəklər".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, bu vəziyyətdə Qarabağ erməniləri və əli silahlı separatçıların bir qismi Araik Arutyunyanı hədəf götürəcəklər: "Nə qədər ki, separatçılar torpaqlarımızı işğal altında saxlayıb, ərazilərimizin nemətlərindən istifadə edirdilər, onlar fikir birliyi içində idilər, elə ki, müharibədə məğlub oldular və Laçın yolunda sərhəd keçid məntəqəsi yaradıldı, aralarında ixtilaf dərinləşdi və günahkar axtarışına çıxdılar. Bu durum separatçıların öz aralarında silahlı qarşıdurmaya gətirəcək. Araik Arutyunyanı bizdən əvvəl elə özləri bitirəcəklər".
Laçın sərhəd keçid məntəqəsində növbəti terrorçunun həbs olunduğunu xatırladan Elxan Şahinoğlunun sözlərinə görə, erməni saytları həmin terrorçunu İrəvana qayıdan "tələbə" kimi qələmə verirlər: "Yenə haray-həşir salmağa başlayacaqlar. Xaçartyan sərhəddə həbs olunanda da bağırırdılar, bir nəticə hasil etmədilər. Azərbaycana təzyiqin nəticə vermədiyini anlamırlar, doğrusu bizə qarşı elə böyük təzyiq də yoxdur. Laçın yoluna yaxın ərazidə yükləri bir aydır durduğu yerdə qalıb. Həmin yükləri Ağdam istiqamətindən çatdırılmasına razılaşsaydılar, məsələ çoxdan həll olunmuşdu. Demək, Ermənistan hakimiyyətini və Qarabağ separatçılarını bölgədə yaşayan ermənilərin sosial problemlərinin həlli maraqlandırmır, məqsədləri beynəlxalq aləmdə Azərbaycanı çətin duruma salmaqdır. Yenə nəticə əldə etmədikləri halda hələ də ərazi bütövlüyümüzə müqavimət göstərirlər".
Vazeh BƏHRAMOĞLU