Müəllimlərin TikTok fəaliyyətinə nəzarət gücləndirilsin
Sosial media platformalarında, xüsusilə TikTok-da aktiv olan müəllimlər son illərdə cəmiyyətdə həm böyük maraq doğurur, həm də geniş müzakirələrə səbəb olurlar. Bu tendensiya təhsilin rəqəmsallaşması, müəllim imici və sosial medianın cəmiyyətə təsiri baxımından müxtəlif aspektlərdən qiymətləndirilir.
Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli Modern.az-a danışıb.
O bildirib ki, müəllimlərin son dövrlərdə TikTok və digər sosial şəbəkələrdən fəal istifadə etməsi müasir təhsil mühitində ziddiyyətli və çoxşaxəli tendensiyadır. Ekspertin sözlərinə görə, bu platformaların müəllim fəaliyyətinə təsiri paylaşılan məzmunun məqsədindən və keyfiyyətindən asılıdır.
“Peşəkar və innovativ müəllimlər üçün TikTok-da qısa, maraqlı və vizual təhsil məzmunu hazırlamaq, şagirdlərin dilində danışmaq, dərsləri daha cəlbedici etmək və təcrübələrini geniş auditoriya ilə bölüşmək üçün effektiv vasitəyə çevrilə bilər. Bu yanaşma müəllimin nüfuzunu artıra və gənclərlə sağlam ünsiyyət körpüsü yarada bilər. Lakin digər tərəfdən, yalnız baxış sayı və trendlər naminə şagirdlərin şəxsi həyatına aid görüntülərin onların və valideynlərinin icazəsi olmadan paylaşılması, pedaqoji etikaya uyğun olmayan davranışların nümayiş etdirilməsi və dərsin keyfiyyətinin arxa plana keçməsi ciddi narahatlıq doğurur”, – deyə ekspert bildirib.
Əmrah Həsənli qeyd edib ki, məktəb və sinif otağında şagirdlərin hüquqları və müəllim peşəsinin nüfuzu hər şeydən üstün tutulmalıdır.
“Bu səbəbdən müəllimlərin sosial şəbəkələrdən istifadəsinə yanaşmada radikal qadağalar tətbiq etməkdənsə, aydın və şəffaf tənzimləmə mexanizmlərinin yaradılması daha məqsədəuyğundur. Çünki tam qadağa müasir rəqəmsal dövrün reallıqlarına uyğun deyil və effektiv həll yolu sayıla bilməz”, – deyə o vurğulayıb.
Ekspertin fikrincə, Elm və Təhsil Nazirliyi müəllimlərin rəqəmsal fəaliyyəti və sosial şəbəkə etikası ilə bağlı çərçivə sənədi və qaydalar hazırlamalıdır. Bu qaydalarda şagirdlərin görüntülərinin icazəsiz paylaşılmasına qadağa qoyulmalı, təlim prosesinin məxfiliyi qorunmalı, eləcə də müəllimin peşəkar nüfuzuna xələl gətirə biləcək davranışların sərhədləri aydın şəkildə müəyyənləşdirilməlidir.