📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Müharibə uzandıqca, Putin rejimi daha da aqressivləşir" - ŞAHİN CƏFƏRLİ

2022-03-02 12:11:00

"Putin artıq Ukraynanın şərqində də Rusiyaya nifrət yarada bilib, Stepan Banderanın ruhu məmnundur"

"Belarus ordusu adlanan dəstənin Ukraynaya daxil olmasının hərbi baxımdan önəmi yoxdur. Bu, daha çox filmlərdəki "massovka"ya oxşayır. Sərhədə topladığı qruplaşmanın üçdə ikisini ötən 5 gündə hərbi əməliyyatlara cəlb edən Rusiya komandanlığı zərbə almamış, itki verməmiş yeni hərbi birləşmələrə ehtiyac duyur. Lakin aqrorəhbərin ordusunun döyüş qabiliyyəti böyük şübhə doğurur, ən azı bu sahədə Rusiya ordusundan geri qaldıqları dəqiqdir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

Siyasi şərhçi bildirib ki, yəni bunların Ukrayna ordusu ilə ilk toqquşmada pərən-pərən düşməsi təəccüblü olmayacaq: "Həmin istiqamətdə (Çerniqov) döyüş aparan Ukrayna qüvvələri 5 gündür saysız-hesabsız hərbi texnika ilə hücuma keçən Rusiya ordusunun qarşısını uğurla alır. Bu gün Xarkov şəhər meydanının bombalanması müharibə uzandıqca, Putin rejiminin daha da aqressivləşdiyini göstərir. İlk günlərdə Rusiya nisbətən "səliqəli" müharibə aparmağa çalışırdı. Lakin Xarkov kimi rusdilli şəhərdə bu gün yaşanan Hələb mənzərələri, dinc insanların bütün dünyanın gözü önündə qətliama məruz qalması onu deyir ki, bunker sakini hər cür incə hesabı bir yana buraxaraq nəyin bahasına olur olsun, nəticə almağı əmr edib".

Şahin Cəfərlinin sözlərinə görə, bunun bir səbəbi də şərqdə işğal olunmuş yaşayış məntəqələrindən gələn görüntülərdir: "Kupyansk (Xarkov vilayəti) və Berdyansk (Zaporojye) şəhərlərində sakinlər meydana toplaşıb Ukrayna himnini oxuyur, Rusiya hərbi texnikasının önünə canlı sədd çəkir. Kupyanskda camaat şəhərdəki inzibati binaya yenidən Ukrayna bayrağı sancıb. Bu, gül-çiçəklə qarşılanmalarını gözləyən rus führerin əqli müvazinətini, psixikasını pozur. Gördüyünüz kimi, "dahi strateq" Putin artıq Ukraynanın şərqində də Rusiyaya nifrət yarada bilib. Az iş deyil. Stepan Banderanın ruhu məmnundur. Bu müharibə çox açıq şəkildə Ukrayna xalqına qarşı müharibəyə çevrilib. Şəhərlərin fiziki işğalı bu durumda həlledici önəmə sahib deyil. Xalqa savaş açmağın nəticəsinin sonda nə olacağı məlumdur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az