📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Müharibə veteranı" vəsiqəsini ala bilməyən Salyan sakininə dövlət qurumundan CAVAB

2022-01-13 14:21:00

Salyan rayon sakini, 1959-cu il təvəllüdlü Məmiyev Məhəmməd Mehdiqulu oğlu "Hürriyyət"ə müraciət edərək bildirir ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də nə "Müharibə veteranı" vəsiqəsini, nə də hərbi biletini ala bilmir. O Birinci Qarabağ müharibəsində iştirakı ilə bağlı əlində faktlarının olduğunu vurğulayıb:

"Mən 1992-ci ildə Qarabağ döyüşlərində iştirak etmişəm. Salyan rayon Hərbi Komissarlığı tərəfindən xidmətə yollanmışam. Füzuli şəhərində 839 nömrəli hərbi hissənin tərkibində döyüşlərdə olmuşam. Eyni zamanda, 1992-ci ildə əsgərlərlə Azərbaycan televiziyası konsert çəkilişi aparıb. Bu televiziyada yayımlanıb. Mənim orda iştirakım da görünür. Dəfərlə aidiyyatı qurumlara müraciət etməyimə baxmayaraq mənə "Müharibə veteranı" vəsiqəsi verilmir. Bundan əlavə mənə hərbi biletim də təqdim edilmir".

Məsələylə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Qurumundan "Hurriyyet.az"a bildirilib ki, vətəndaşa “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıla bilər:

"Bildiririk ki, “Veteran haqqında” Azərbaycan Respublikası Qanununun və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarının tələblərinə əsasən, döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar olduğu təqdirdə (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti) vətəndaşa “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıla bilər.

Hazırda hərbi vəzifəli olmayan vətəndaş kimi ehtiyatda olmağın son yaş həddini (kişilər üçün 50 yaş müəyyən edilmişdir) keçdiyiniz üçün Sizə hərbi bilet verilməsi nəzərdə tutulmayıb. Hərbi bilet əvəzi arayışın verilməsi üçün Xidmətin Salyan rayon  şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur".

YƏHYA