Münhen görüşlərinin AZƏRBAYCAN ÜÇÜN ƏHƏMİYYƏTİ...
"Münhen Təhlükəsizlik Konfransından sonra Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davamlı olacaq"
Məhəmməd Əsədullazadə: "Paşinyanın siyasi iradə ortaya qoya bilmədiyini üçün Ermənistana silah verən ölkələr ondan hərbi təxribatlar tələb edir"
Vüqar Bayramov: "Sülh Qafqaz üçün yeni inkişaf imkanları deməkdir, bu imkanlardan isə region ölkələrinin faydalanması vacibdir"
Natiq Cəfərli: "Yarı-marginal qrup siyasətdən bixəbərcəsinə "Azərbaycan Rusiya tərəfə yıxıldı, ölkənin müttəfiqi Rusiyadır", tezisi yayırlar və düşünürlər ki, bu ritorika ilə Qərbdən dəstək alacaqlar, bu yanaşma ilə iqtidara siyasi opponentlik edə biləcəklər, lakin yenə sinifdə qalırlar, öz ritorikalarının mənasız olduğunu görmürlər"
Elxan Şahinoğlu: "Münhen Təhlükəsizlik Konfransı da göstərdi ki, Qərbin Azərbaycanla əməkdaşlığa ehtiyacı var"
Bugünlərdə, daha dəqiq desək, fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Almaniya Federativ Respublikasının kansleri Olaf Şoltsun, Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Xoysqenin, Bundestaqın Xristian-Demokrat / Xristian-Sosialist İttifaqı fraksiyasının üzvü Armin Laşetin, ATƏT-in baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin, o cümlədən Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburqun görüşü olub.
Onu da qeyd edək ki, Münhendə həmçinin, Almaniya kanslerinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. İlham Əliyev sözügedən görüşün konstruktiv və faydalı mühitdə keçdiyini bildirməklə yanaşı, artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğunu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığını da diqqətə çatdırıb. Sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının çox real olduğunu vurğulayan ölkə başçısı regionda de-fakto sülhün mövcud olduğunu da qeyd edib.
Nikol Paşinyan isə öz növbəsində, İlham Əliyevlə keçirdiyi görüşün nəticələri barədə erməni diasporuna məlumat verərkən "Masada vacib bir məsələ vardı: tərəflər Praqada dördtərəfli görüş, eləcə də Brüssel danışıqları zamanı əldə edilmiş razılaşmaları təsdiqləyəcəklərmi? Ümumiləşdirsək, qeyd etmək olar ki, tərəflər bu razılaşmalara sadiq qalırlar", deyə vurğulayıb. Paşinyan bildirib ki, xarici işlər nazirlərinin tezliklə görüşməsi, bundan sonra sərhədlərin demarkasiyası ilə bağlı görüşün də baş tutması razılaşdırılıb: "Ümumiyyətlə, əldə olunmuş razılaşmalara əməl olunarsa, o zaman razılaşmaların həyata keçirilməsi sərhəddəki gərginliyin azaldılmasına kömək edər, bir daha deyirəm, razılaşmalara əməl olunarsa. Biz öz tərəfimizdən, əlbəttə ki, bu razılaşmalara əməl etməkdə qərarlıyıq". Ermənistanın baş naziri əlavə edib ki, xarici işlər nazirlərinin görüşü sülh müqaviləsinin mətni üzrə gələcək müzakirələrə və razılığa həsr olunmalıdır: "Əlbəttə ki, sülh sazişinin bir sıra maddələri razılaşdırılıb, lakin bir sıra əsas maddələr hələ də razılaşdırılmayıb. Bu istiqamətdə işlər aparılmalıdır və biz bu işi həyata keçirməyə razılaşdıq".
"Ermənistan və Azərbaycan arasında hərbi toqquşmaya heç bir əsas yoxdur, amma İrəvana dəstək verən ölkələr onu hərbi qarşıdurma üçün silahlandırır"
Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Münhen Təhlükəsizlik Konfransından sonra Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davamlı olacaq: "Ermənistan rəhbərliyi şərti sərhəddə Azərbaycan ordusunun geri çəkilməsini sülhün əsas şərti hesab edir. Fransa və Rusiya bu amildən istifadə edərək Ermənistanın hərbi təxribatlarında maraqlıdır. Rusiya, İran və Fransa sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Onların hər birinin burada öz geosiyasi məqsədləri var. Azərbaycan isə Ermənistandan yeni konstitusiya qəbulunu tələb edir. Ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında hərbi toqquşmaya heç bir əsas yoxdur, amma İrəvana dəstək verən ölkələr onu hərbi qarşıdurma üçün silahlandırır".
Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi iradə ortaya qoya bilmədiyini deyən Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, Ermənistana silah verən ölkələr öz geosiyasi məqsədləri üçün İrəvandan hərbi təxribatlar tələb edir: "İki ölkə arasında yerdə qalan problem birgə komissiya vasitəsi ilə həll olunacaq bir səviyyədədir. Amma bunu beynəlxalq müstəviyə çıxarmaqla prosesi uzadır, qəlizləşdirirlər. Bu səbəbdən də prezident İlham Əliyev məsələnin beynəlxalq müstəviyə çıxarılmasının əleyhinədir və burada hər hansı bir vasitəçiyə ehtiyac olmadığını elan edib. Göründüyü kimi, Ermənistan hakimiyyəti regional sülhü və təhlükəsizliyi Qərbdə axtarmağa çalışır. 30 il Moskvaya arxayın olan Ermənistan biabırçı şəkildə məğlub oldu. Qərb isə Ermənistana Rusiya kimi hərbi təminat verə bilməyəcək".
"Hazırda Qafqaz üçün prioritet məsələ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh gündəminin inkişaf etdirilməsindən ibarətdir"
Ölkə başçısı İlham Əliyevin Almaniyanın kansleri Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüşünə toxunan İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov isə bildirib ki, hazırda Qafqaz üçün prioritet məsələ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh gündəminin inkişaf etdirilməsindən ibarətdir: "Almaniyanın təşəbbüsü ilə keçirilən görüş ikili xarakter daşıyan Ermənistan-Azərbaycan danışıqlarının davam etdirilməsidir. Qeyd edək ki, Almaniya burada vasitəçi deyil, ev sahibi kimi görüşün təşkilatçısıdır. Azərbaycan Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, münaqişə artıq bitib. Bununla yanaşı, regionda dayanıqlı sülhün əldə edilməsi üçün danışıqların davam etdirilməsi vacibdir. Hazırda Qafqaz üçün prioritet məsələ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəminin inkişaf etdirilməsindən ibarətdir. Münaqişənin həll olunduğu Qafqaz indi sülhə həmişəkindən daha yaxındır. Sülh region üçün yeni inkişaf imkanları deməkdir. Bu imkanlardan isə region ölkələrinin faydalanması vacibdir".
"Müxalif kəsim eyni səhvləri dəfələrlə təkrarlayır, axmaq çıxışlarına görə üzr istəmir, yalan danışdıqlarını etiraf edib nəticə də çıxarmırlar"
"Azərbaycanda müstəqillikdən üzü bəri hərbi ritorikanın hakim olması anlaşılan idi. Torpaqlarımız işğal edilmişdi, milli qürurumuz zədələnmişdi, xalq, toplum olaraq böyük bir məğlubiyyət travması yaşayırdıq. İllər ötdükcə travma daha da genişlənirdi, hətta ən populyar yanaşmalardan biri, "əşi bizdən xalq olmaz, bir şey çıxmaz", deyiminə qədər məsələ dərinləşmişdi" deyən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə qeyd edib ki, əsgərimiz, ordumuz qəhrəmanlıq dastanı yazdı, siyasi-hərbi rəhbərlik, Ali Baş Komandan doğru qərarlarla ölkəmizə qələbə nəsib etdi: "30-35 il deyil, azı 200 illik bir problem həllini tapdı, ərazi bütövlüyümüz, suverenliyimiz bərqərar oldu. Qəddimiz düzəldi, xalq olaraq özügüvən qazandıq. Rus və Sovet İmperiyasının öz ərazilərində basdırdığı "minanı" təmizləməyi bacaran yeganə dövlət Azərbaycan oldu, digər post-sovet ölkələrinə də Allah belə uğur nəsib etsin. Baş verən hadisələr, böyük qələbə çox təzə və "istidir" deyə əhəmiyyətini hələ tam anlaya bilmirik. Amma başqa səbəb də budur ki, böyük uğurun, möhtəşəm qələbənin iqtisadi-sosial "dividendlərini" xalq olaraq hiss etmirik. Bu qələbə bizə rifah dövlətinin qapısını açmalı, iqtisadi yüksəlişə keçmək üçün təməl yaratmalıdır. Lakin hələ də məmləkətdə hərbi-militarist ritorika hakimdir, iqtisadi-sosial mələlərin həlli yolları haqqında diskurs açmaq olmur. Hökumət bu ritorikadan istifadə edərək problemləri arxa plana keçirir. Bunu anladıq, amma müxalif kəsim də eyni yanaşma ilə davrananda anlamaq olmur. Özü də eyni səhvləri dəfələrlə təkrarlayırlar. Xatırlayın, 2020-ci ildən sonra həmin yarı-marginal qrupun nümayəndələri, "hanı Xocalı, Xocavənd, Xankəndi, iqtidar o bölgələri rusa verdi və s.", kimi cəfəng militarist rirorika ilə meydan suladılar. İndi çıxıb öz axmaq çıxışlarına görə üzr də istəmirlər. Yalan danışdıqlarını etiraf edib nəticə də çıxartmırlar və eyni yanaşmanı davam etdirirlər".
REAL-ın icra katibinin sözlərinə görə, hökumət indi Qazaxın kəndləri, anklavlar və eksklavlar haqqında danışır, həmin yarı-marginal qrup da eyni mövzulara girir: "Guya öz aləmlərində hökumətə irad bildirirlər ki, bəs nə oldu o torpaqlar, niyə qayıtmır. Yenə "təkərə düşüblər", çünki o kəndlər də qayıdacaq, amma yenə üzr istəməyəcəklər. Halbuki, mövzu başqa olmalıdır, demək lazımdır ki, zatən o məsələlər danışıqlarla həll olunacaq, amma ölkədə minlərlə kənd-qəsəbə var, bəlkə onların problemlərinin həlli yollarından danışaq, bəlkə hökumətə deyək ki, gəlin əvvəl əlimizdə olanları gülüstana çevirək, inkişaf etdirək, rifah yaradaq. Zatən, Qazaxın kəndləri qayıdacaq, bu indi aktual mövzu deyil. Hökumət nədən bu mövzunu aktual saxladığını anlamaq olar. Mesaj budur ki, hələ məsələlər bitməyib, bir az da dözün, sosial-iqtisadi problemləri dilə gətirməyin, görmürsüz ki, hələ kəndləri qaytarmaqla məşğuluq?! Yaxşı, bəs bu yarı-marginal qrupa nə düşüb ki, o mövzuya girib bu ritorikanı gücləndirirlər?! Anlamırlarmı ki, bu mövzuda yenə iqtidara uduzacaqlar?! Və ya yenə həmin yarı-marginal qrup, guya, iqtidarı vurmaq üçün siyasətdən bixəbərcəsinə, "Azərbaycan Rusiya tərəfə yıxıldı, ölkənin müttəfiqi Rusiyadır", tezisi yayırlar, düşünürlər ki, bu ritorika ilə Qərbdən dəstək alacaqlar, bu yanaşma ilə iqtidara siyasi opponentlik edə biləcəklər. Bu fonda İlham Əliyev MDB liderləri arasında ən çox Zelenski ilə görüşən prezident olur, Ukraynaya ən çox humanitar yardım göstərən ölkələrdən birinə çevrilirik, Əliyevi Qərb təbrik, Münxendə konfransa dəvət edir, ölkəyə GOP29 kimi tədbirin ev sahibi olmasına razılıq verir. Yenə sinifdə qalırlar, öz ritorikalarının mənasız olduğunu görmürlər. Anlamırlar ki, Azərbaycanın gerçək, imzalanmış və parlamentlər tərəfindən təsdiq edilmiş müttəfiqi NATO ölkəsi olan Türkiyədir".
Natiq Cəfərli əlavə edib ki, bir ölkə daim təhlükələrdən danışırsa, hərbi-militarist ritorika hakim olursa, həmin ölkəyə nə investisiya gələr, nə də yatırım qoyan tapılar: "Ona görə də bu ritorikanı maksimum azaltmaq, sülh və rifah mövzularını hakim qılmaq lazımdır. Ölkəyə ciddi yatırım lazımdır, yaxın 10-15 ildə 100 mlrd. dollara yaxın büdcədən əlavə vəsaitə ehtiyac yaranacaq ki, işğaldan azad olunan torpaqlarımızı yeni iqtisadi "driver"ə çevirə bilək, məmləkətdə rifah dövlətinin yaranmasına nail olaq. Bunun üçün isə sülh ritorikası militarist yanaşmanı üstələməlidir. Təbii, heç kim demir ki, ordumuzu gücləndirməyək, müdafiə qabiliyyətimizi artırmayaq. Bunlar vacib məsələlərdir, hətta peşəkar orduya da keçməliyik, amma bu o demək deyil ki, səhər-axşam yeni müharibələrdən, təhlükələrdən danışaq, əsas mövzumuz rifah, rifaha aparan sülh və köklü islahatlar olmalıdır".
"ABŞ və Avropa İttifaqı Rusiya işğalı qarşısında Ukraynaya dəstəkdən imtina etməyən, Kiyevə yanacaq və zəruri avadanlıqlar göndərən Azərbaycanın bu rolunu da nəzərə almaq məcburiyyətindədirlər"
Ölkə başçısı İlham Əliyev üçün Münhen Təhlükəsizlik Konfransında iştirakın vacib olduğunu bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, bu, Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra dövlət başçısının beynəlxalq əhəmiyyətli toplantıda ilk iştirakı idi: "Dünyada bir neçə ənənəvi konfrans və forum o birilərindən fərqlənir, liderlərin və medianın bu toplantılara marağı daha çox olur. Bunlardan biri Münhen Təhlükəsizlik Konfransıdır. Liderlər Münhendə açıq diskussiya aparır, panellərdə müxtəlif təhlükələrin miqyasının mənzərəsini təsvir etməyə çalışırlar. Bu toplantılarda bəzi liderlər gələcək planları barədə də mesaj verirlər. Misal üçün Rusiya prezidenti Vladimir Putin Kremlin xarici və təhlükəsizlik siyasətinin sərtləşəcəyini ilk dəfə 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransındakı çıxışında bəyan etmişdi. Dediyi kimi də oldu, Rusiya bir il sonra Gürcüstanın ərazilərini işğal etdi, 7 il sonra isə Krımı ilhaq edərək Ukraynanın şərqinin işğalını planlaşdırdı. Qərb dövlətləri 2007-ci ildə Putinin çıxışını diqqətə alıb zəruri tədbirlər görsəydilər, bəlkə də bugünkü faciələr baş verməzdi. Misal üçün Gürcüstan və Ukrayna elə həmin ərəfədə NATO-a üzv qəbul edilsəydilər, Rusiya Şimali Atlantika Blokuna yeni üzv olan ölkələrə hücuma risk etməzdi. Azərbaycan prezidenti İlham Əliyev üçün də Münhen Təhlükəsizlik Konfransında iştirak vacibdir. Bu Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra dövlət başçısının beynəlxalq əhəmiyyətli toplantıda ilk iştirakı idi. Münhendə Azərbaycan dövlət başçısı ilə görüşmək istəyənlər sırada gözləyirdilər. Halbuki, Ermənistanın ümidi onaydı ki, Qarabağda anti-terror əməliyyatından sonra Qərb ölkələrinin Azərbaycana münasibəti dəyişəcək, Bakıya təzyiq artacaqdı. Qərbin Azərbaycanla əməkdaşlığa ehtiyacı olduğunu Münhen Təhlükəsizlik Konfransı da göstərdi". Politoloqun fikrincə, Qərbdə bəziləri Qarabağ mövzusunu gündəmdə saxlamağa çalışsa da, onların sayı getdikcə azalır, qərar verən mərkəzlər Bakı ilə əməkdaşlığın genişlənməsində maraqlıdırlar: "Ukrayna prezidenti Volodimir Zelenski Münhendə İlham Əliyevlə görüşdə ölkəsinə humanitar dəstəyi davam etdirdiyinə görə Azərbaycanın dövlət başçısına bir daha minnətdarlığını bildirdi. ABŞ və Avropa İttifaqı Rusiya işğalı qarşısında Ukraynaya dəstəkdən imtina etməyən, Kiyevə yanacaq və zəruri avadanlıqlar göndərən Azərbaycanın bu rolunu da nəzərə almaq məcburiyyətindədirlər".
"Azərbaycan üçün Fransadansa Almaniyanın vasitəçi kimi təşəbbüskarlığı daha faydalıdır, ancaq Berlin vasitəçilik təşəbbüsündə Brüsseli əvəz etməyəcək"
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhendə görüşün Almaniya kansleri Olaf Şolstun istəyi ilə baş tutduğunu xatırladan Elxan Şahinoğlu hesab edir ki, hər iki tərəf ev sahibinə "yox" deməmək üçün görüşə razılaşıb: "Ancaq əvvəlcədən də aydın idi ki, mümkün görüşdə irəliləyiş əldə olunmayacaq. Çünki tərəflərin baxışlarındakı fərqlər ortadan qaldırılmayıb. Buna baxmayaraq, Münhen görüşünün nəticəsi olaraq Azərbaycan və Ermənistan liderlərinin hər iki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirməsi və yenidən yaxın zamanda görüşmək tapşırığı verməsi ortamın yumşaldılmasına xidmət etməlidir. Liderlər eyni zamanda, xarici işlər nazirlərinə sərhədlərin delimitasiyası ilə bağlı danışıqların davam etdirilməsi ilə də bağlı tapşırıq da veriblər. Almaniyanın vasitəçilik təşəbbüsünə gəldikdə, bunun daimi xarakter daşıyacağını söyləmək çətindir. Əlbəttə, Azərbaycan üçün Fransadansa Almaniyanın vasitəçi kimi təşəbbüskarlığı daha faydalıdır. Ancaq Berlin vasitəçilik təşəbbüsündə Brüsseli əvəz etməyəcək. Digər tərəfdən, baş verənlərin fonunda Azərbaycanın vasitəçilərə inamı və ehtiyacı yoxdur. Sadəcə, kansler Olaf Şolts Münxen Təhlükəsizlik Konfransının imkanlarından istifadə edərək İlham Əliyevlə Nikol Paşinyanı görüşdürüb. Şoltsun vasitəçiliyini davam etdirməsi üçün xüsusi planı yoxdur. Şolts görüşü təşkil etməklə özünün və ölkəsinin Avropada rolunu və Fransadan geri qalmaq istəmədiyini göstərməyə çalışıb. Onun sosial hesabında yazdığı "hər iki tərəfin zorakılıq olmadan qalan məsələləri həll etməyə razı olması yaxşıdır" cümləsi də Şoltsun xanəsinə yazıla bilər. Ancaq Ermənistan yenə sərhəddə təxribata əl atarsa artıqmasıyla cavabını alacaq və Şolts bunun qarşısını ala bilməyəcək".
Vazeh BƏHRAMOĞLU