Murat Bozun da olduğu studiya suya qərq oldu - Köməksiz qaldılar+Video
İstanbulda baş verən şiddətli yağışlar səbəbindən Ayazağa bölgəsində yerləşən “Cendere Phoenix” studiyasını su basıb.
Hurriyyet.net xəbər verir ki, məşhur türkiyəli müğənni Murat Boz heyəti ilə birlikdə studiyada köməksiz vəziyyətdə qalıb.
Sənətçi sosial media hesabında canlı yayım açaraq AFAD, bələdiyyə və İstanbul Yanğından Mühafizə Xidmətindən təcili təxliyə olunmaları üçün kömək istəyib:
“Təcili vəziyyət olduğu üçün canlı yayın açmaq məcburiyyətində qaldım. Heyətlə birlikdə Ayazağada, “Phoenix” studiyasında çarəsiz qalmışıq. Yolu 2 metr su basıb, maşınlar üzür. Olduğumuz studiyaya da su dolmaqda davam edir, olduğumuz yerdən tərpənə bilmirik”.
Müğənni suyun səviyyəsinin sürətlə qalxması səbəbindən qadın əməkdaşları təhlükəsizlik üçün asma mərtəbəyə qaldırdıqlarını bildirib. Lakin o, həmin sahənin tutumunun məhdud olduğunu və orada ən çoxu 30-35 nəfərin qala biləcəyini vurğulayıb.
Bölgədə internet bağlantısının da zəiflədiyini qeyd edən M. Boz aidiyyəti qurumlara səslənib:
“AFAD-dan, bələdiyyədən, yanğınsöndürənlərdən yardım istəyirik. Burada 200-250 nəfər insan var. Mümkündürsə, təxliyə üçün təcili müdaxilə olunmasını xahiş edirik”.