"Müstəqilliyin bərpası günü 30 avqustdur" - ARAZ ASLANLI
"28 may tarixinin Cümhuriyyət Günü, 30 avqust tarixinin isə "müstəqilliyin bərpası günü" kimi qeyd olunması daha məqsədəuyğun ola bilər"
"Müstəqillik gününün adı və tarixi ilə bağlı məsələyə yanaşmada obyektivlik və məqsədyönlülük ön planda olmalıdır. Günün adı müstəqillik günü deyil, müstəqilliyin bərpası günü olmalıdır. Çünki biz tarixən müstəqil olmuşuq. İşğal edilmişik, 1918-ci ildə Cümhuriyyət qurmuşuq, onu da işğal ediblər. 1991-ci ildə yenidən müstəqilliyimizi bərpa etmişik". Hurriyyet.az xəbər verir ki, bunu Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı deyib.
QAFSAM rəhbəri hesab edir ki, günün adı mahiyyətinə uyğun olmalıdır: "Günün tarixi düzgün qeyd edilməlidir: 18 oktyabrda deyil, 30 avqustda. Çünki məhz 30 avqust 1991-ci il tarixdə Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul edilib (Qərar № 179-XII). Azərbaycan parlamentinin elə həmin gün qəbul etdiyi başqa bir qərarda (30 avqust 1991-ci il tarixli və 181-XII saylı) isə Azərbaycanın artıq müstəqilliyini elan etmiş bəzi dövlətləri tanıdığı bildirilib və onlara da Azərbaycanın müstəqilliyini tanımaqla bağlı çağrış edilib".
Araz Aslanlının sözlərinə görə, 18 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktındakı ifadələrdə də aydın görünür ki, müstəqilliyin bərpası günü 30 avqustdur: "Yeri gəlmişkən, 30 avqust 1991-ci il tarixdə Türkiyə Xarici İşlər Nazirliyində Azərbaycanın müstəqilliyini tanımaqla bağlı məsələ müzakirə edilmişdir. 28 may Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu gündür və özünü AXC-nin varisi elan etmiş dövlətin müstəqillik günü kimi bu tarixi qeyd etməsi mümkündür. Amma cümhuriyyət (respublika) dəyərlərinə, şərqdə və İslam dünyasında ilk demokratik cümhuriyyətin məhz Azərbaycanda qurulmasının vurğulanmasına diqqət çəkməsi baxımından bəlkə də o günü elə hazırda olduğu kimi (“Respublika günü” kimi) saxlamaq da olar".
O, hesab edir ki, 28 may tarixinin Cümhuriyyət Günü, 30 avqust tarixinin isə "müstəqilliyin bərpası günü" kimi qeyd olunması daha məqsədəuyğun ola bilər: "Beləliklə Azərbaycanın tarixən mövcudluğu, 28 may 1918-ci il tarixdə şərqdə ilk demokratik cümhuriyyətin məhz Azərbaycanda elan edildiyi (28 may tarixini Respublika Günü kimi qeyd edərək), müəyyən mərhələlərdə itirilmiş müstəqilliyin isə 30 avqust 1991-ci il tarixdə bərpa edildiyi göstərilmiş olar".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az