📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NAĞD, YOXSA ONLAYN KREDİT? – Ekspertdən XƏBƏRDARLIQ

2026-11-27 14:26:43

NAĞD, YOXSA ONLAYN KREDİT? – Ekspertdən XƏBƏRDARLIQ

Banklardan kredit götürmək istəyən vətəndaşlar qarşısında seçim yaranır. Krediti nağd şəkildə, yoxsa onlayn rəsmiləşdirmək daha sərfəlidir? İlk baxışdan onlayn kreditlər daha rahat və sürətli görünsə də, faiz dərəcələri, komissiyalar, sığorta və digər əlavə xərclər yekun məbləğə ciddi təsir edə bilər. Bəzi hallarda filiala müraciət ünvanlamaqla daha əlverişli şərtlər əldə etmək də mümkündür. 

Bəs banklar hansı kredit növünə daha aşağı faiz təklif edir? Vətəndaşlar seçim edərkən nələrə diqqət yetirməlidirlər və hansı variantla daha az xərcə düşmək mümkündür?

Mövzunu "AzPolitika"ya şərh edən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bank sektorunda onlayn kreditlərin rəsmiləşdirilməsi zamanı faiz dərəcələrinin filialdakı kreditlərlə müqayisədə aşağı olacağı və ya əksinə, bankda götürülən kreditin şərtlərinin əlverişsizliyi ilə bağlı ümumi bir qayda yoxdur: "Praktikada həm onlayn qaydada, həm də banka yaxınlaşmaqla rəsmiləşdirilən kreditlərin baza faiz dərəcələri eynidir. Bununla belə, banklar bəzi hallarda xüsusi kampaniyalar tətbiq edə bilərlər və onları bu cür təşəbbüslərdən məhdudlaşdıran hər hansı qadağa yoxdur. İki kanal arasındakı əsas fərq prosesin təşkilində və risklərin idarə olunmasındadır. Onlayn kreditləşmənin ən böyük üstünlüyü çeviklik, operativlik və vaxt itkisinin olmamasıdır. Rəqəmsal mühitdə sənədlərin yoxlanılması və müştərinin ilkin qiymətləndirilməsi qısa zamanda həyata keçirilir, vətəndaş kredit alıb-almayacağı ilə bağlı qərarı sürətli şəkildə öyrənir. Eyni zamanda, rəqəmsallaşma şəffaflığı artırır və vətəndaşın banka gedib-gəlməsi ilə bağlı nəqliyyat və digər əlavə tranzaksiya xərclərini aradan qaldırır. Lakin onlayn kreditlər adətən kiçik məbləğləri əhatə edir. Bank bu mərhələdə müəyyən risk götürərək kiçik həcmli kreditləri məsafədən təqdim edir. Məsələn, söhbət 10 min, 20 min, 30 min və daha yüksək məbləğlərdən gedirsə, həcm artdığı üçün bank əlavə yoxlama və rəsmiləşdirmə məqsədilə müştərini fiziki olaraq filiala dəvət edir".

 

 

Ekspertin sözlərinə görə, digər vacib nüans müqavilə şərtləri ilə tanışlıqdır: "Onlayn rəsmiləşdirmə zamanı istifadəçiyə kredit və hesab müqaviləsi, eləcə də digər sənədlər təqdim olunur. Bəzən vətəndaşlar sənədlərin məzmununu oxumadan "razıyam" düyməsini sıxaraq prosesi yekunlaşdırırlar. Filiala gəldikdə bank əməkdaşından əlavə izah almaq və daha ətraflı məlumatlanmaq imkanı yaranır. Əgər vətəndaş banka getmədən də müqavilənin bütün şərtlərini diqqətlə oxuyub, öz maraq və xeyrinə uyğun qiymətləndirmə apara bilirsə, məsələnin tamamilə onlayn şəkildə, əlavə vaxt və yol xərci sərf etmədən həll olunması mümkündür".