📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO baş katibinin Azərbaycana səfəri ÖLKƏMİZƏ NƏ VƏD EDİR?

2024-03-19 11:02:20

NATO baş katibinin Azərbaycana səfəri ÖLKƏMİZƏ NƏ VƏD EDİR?

"NATO-nun baş katibinin səfərə Azərbaycandan başlaması ölkəmizin bölgənin "açarı" olduğunu sübut edir"

Məhəmməd Əsədullazadə: "NATO Türkiyə vasitəsilə Azərbaycana ciddi dəstək verə bilər"

Elxan Şahinoğlu: "Moskva Stoltenberqin Cənubi Qafqaza səfərinin məqsədini özü üçün aydınlaşdırmağa çalışır"

Sahib Alıyev: "Məncə, NATO-nun baş katibinin bəyanatından ilk dərs çıxarmalı ölkə Fransadır"

Natiq Cəfərli: "Cənubi Qafqaz ölkələrinin ayrı-ayrılıqda Avropa Birliyi və NATO üçün həyati əhəmiyyəti yoxdur"

Fuad Qəhrəmanlı: "Türkiyənin NATO üzvü olması və Qərbin dəstəyi ilə Rusiyanın Cənubi Qafqazdakı yerinə iddia etməsi Bakının Kremllə münasibətlərinə yenidən baxmasını zəruri edir"

Bugünlərdə NATO-nun baş katibi Yens Stoltenberq ölkəmizə rəsmi səfərə gəlib. O, prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında alyansın Azərbaycanla uzunmüddətli əlaqələri olduğunu və müxtəlif istiqamətlərdə əməkdaşlıq etdiyini bildirib: "Azərbaycan NATO-nun çoxdankı tərəfdaşıdır, biz uzun illərdir birlikdə işləyirik. Sizin təhlükəsizlik məsələlərinə verdiyiniz töhfə çox önəmlidir. Qeyd etdiyiniz kimi, Azərbaycan Ordusu Əfqanıstanı sonuncu tərk edib. Hava limanını ittifaq qüvvələrinin geri çəkildiyi yerdən qorumaq missiyasını yerinə yetirib və bu, çox vacib bir vəzifə idi".

Stoltenberq qeyd edib ki, Cənubi Qafqaz regionunda sülh çox vacibdir və indi Azərbaycanın onu bərqərar etmək imkanı var. Belə ki, NATO-nun baş katibinin sözlərinə görə, Azərbaycan və Ermənistanın indi uzun illər davam edən münaqişədən sonra davamlı sülh əldə etmək imkanı var: "Mən sizin sülh sazişinə həmişəkindən daha yaxın olduğunuz barədə dediklərinizi yüksək qiymətləndirirəm və sadəcə olaraq sizi Ermənistanla davamlı sülh sazişi əldə etmək üçün bu fürsətdən istifadə etməyə təşviq edə bilərəm".

"Stoltenberqin səfəri NATO-Azərbaycan əlaqələrində yeni səhifə açacaq"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, NATO-nun baş katibinin regiona səfəri Rusiya və Qərb arasında davam edən hərbi-siyasi konfrontasiya fonunda reallaşıb. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırdığını deyən politoloqun sözlərinə görə, məhz bu fakt NATO-nun regional maraqlarına cavab verir: "Bu səfər onu göstərir ki, Azərbaycan Qərblə təhlükəsizlik sahəsində ciddi əməkdaşlıq edir. Türkiyə faktoru isə burada əsas rol oynayır. NATO-nun baş katibinin ölkəmizə səfəri Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına müəyyən mənada dstək verə bilər. Onu da nəzərinizə çatdırım ki, NATO Rusiyanın Azərbaycan və Ermənistan sərhədində mümkün təxribatlarından narahatdır. Düşünürəm ki, məhz bu kontekstdə Ermənistanla ciddi müzakirələr aparılacaq".

Milli Cəbhə Partiyasının sədr müavini hesab edir ki, Cənubi Qafqazın Rusiya ilə Qərb arasında rəqabət mərkəzi olması istisna deyil: "Bu səfər həmçinin, NATO-Azərbaycan əlaqələrində yeni səhifə açacaq. Azərbaycan öz hərbi sahəsini NATO standartlarına uyğunlaşdırır. Bu müstəvidə NATO Azərbaycana Türkiyə vasitəsilə ciddi dəstək verə bilər. NATO Cənubi Qafqazda son üç ildə yaranan geosiyasi nizamı qiymətləndirir və bu xüsusda Azərbaycana tam dəstək veriləcək. Bu da Qərbdə müəyyən mərkəzlərin Azərbaycana qarşı təzyiqlərinin neytrallaşdırılmasına gətirib çıxara bilər".

"Azərbaycan ordusunun Türkiyə ordu modelinə keçidi elə NATO standartlarının tətbiqidir"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, Rusiya NATO-nun baş katibinin Gürcüstan, Azərbaycan və Ermənistana səfərlərinin məqsədini özü üçün aydınlaşdırmağa çalışır: "Yens Stoltenberqin bölgəyə səfəri yekun hesabat üçündür. Stoltenberqin baş katiblik müddəti bu ilin oktyabr ayında bitir və o vətəni Norveçə qayıdacaq. Ona görə də Stoltenberq müxtəlif ölkələrə səfərlər edib, işini uğurla yekunlaşdırmağa çalışır. Əlbəttə, NATO-nun baş katibinin gündəlik fəaliyyətinin böyük hissəsini Ukrayanadakı müharibə əhatə edir. Ancaq Stoltenberq NATO tərəfdaşları ilə təmasları da arxa plana keçirmir. Bunun da hardasa Ukraynadakı müharibə ilə əlaqəsi var. Cənubi Qafqaz ölkələrindən yalnız Gürcüstan Şimali Atlantika Blokuna üzv olmaq istəyir, digər iki dövlətin – Azərbaycanın və Ermənistanın oxşar məqsədi yoxdur. Əlbəttə, NATO-nun baş katibi İrəvanda Ermənistanın Rusiyadan nə qədər uzaqlaşmağa hazır olmasıyla və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi prosesi ilə maraqlanacaq. Ancaq NATO-nun Ermənistana təhlükəsizlik təminatına yönəlik alternativ proqramı yoxdur. Azərbaycana gəldikdə, ölkəmizlə NATO arasında konstruktiv əməkdaşlıq mövcuddur. Azərbaycan Şimali Atlantika Blokunun müxtəlif proqramlarında iştirak edir. Azərbaycan NATO-nun ikinci böyük dövləti – Türkiyə ilə strateji müttəfiqdir. Azərbaycan ordusu Türkiyə ordusu modelinə keçib. Bu elə Azərbaycan ordusunda NATO standartlarının tətbiqidir. Bu Şimali Atlantika Bloku üçün yetərlədir".

"Makronkimilər ha atlanıb düşsələr də, Azərbaycanın zəfərini həzm etməkdən başqa yol yoxdur"

Millət vəkili Sahib Alıyev isə qeyd edib ki, prezident İlham Əliyev və ölkəmizdə səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberqin mətbuata birgə bəyanatlarında diqqət çəkən ən mühüm məqamlardan biri dövlətimizin başçısının Gürcüstanın baş naziri ilə görüşdə bildirdiyi kimi bizim "heç vaxt olmadığı qədər" sülhə yaxınlaşdığımız haqda dediyi sözlər idi: "Və cənab İlham Əliyevin heç vaxt olmadığı qədər sülhə yaxınlaşmamızda Azərbaycanın 2020-2023-cü illərdə atdığı hərbi-siyasi addımların mühüm rol oynadığını vurğulayaraq bunu "uzunsürən münaqişələrin necə həllini tapa biləcəyinin əsl örnəyi" kimi təqdim etməsində isə məncə, artıq hər kəsin razılaşdığı bir reallıq sərgilənirdi. Reallıq isə bundan ibarətdir ki, Birləşmiş Ştatlarının Kəşfiyyat Birliyinin son hesabatından da göründüyü kimi, qərbdəkilər də konfliktin bitməsi ilə razılaşıblar. Və konflikti bitirən də, sülh təşəbbüsü ilə çıxış edən də məhz özü öz təhlükəsizliyini təmin edib indi də Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilən Azərbaycandır".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan liderinin ölkəmizin torpaq bütünlüyünü və üzərində suverenliyimizi hərbi-siyasi yolla təminini uzun sürən münaqişələrin həlli üçün örnək olaraq təqdim etməsinin əleyhinə bir kəlmə belə deməyən, quruma üzv dövlətlərin enerji təhlükəsizliyində oynayacağımız rolu dəyərləndirmək məqsədilə ölkəmizə təşrif gətirdiyini bildirən NATO-nun baş katibinin bəyanatından ilk dərs çıxarmalı ölkə Fransadır: "Bizə qarşı sanksiya xülyası quran rəsmi Paris baxıb görsün, cənab Stoltenberq nə deyib. O deyib ki, Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini alqışlayır və ölkəmizin qazla yanaşı, gələcəkdə elektrik enerjisinin də Avropaya ötürülməsində daha mühüm rol oynadığını görməkdən məmnundur. Bu isə o deməkdir ki, makronkimilər ha atlanıb düşsələr də, bəli, "game over" və Azərbaycanın zəfərini həzm etməkdən başqa yol yoxdur".

"Hələ ki, Ermənistanın Rusiyadan qopması mümkün deyil, amma Kremlin Cənubi Qafqazda zəifləməsi artıq faktdır"

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə hesab edir ki, Rusiya-Ermənistan sözlü "davası" yenə qızışıb, yenə qarşılıqlı olaraq ritorika sərtləşib: "Lakin mən öz fikrimdə qalıram, Ermənistan Rusiyaya göbəyindən deyil, boğazından bağlıdır, göbək bağını kəsmək olar, amma boğazdan bağlı olanda nə qədər çox çırpınsalar, bir o qədər çox boğulacaqlar. Ona görə də Ermənsitan küskündür, inciyib, Kremlə olan inamları sarsılıb, amma gedəsi yerləri yoxdur. Sadəcə incikliklə daha çox kömək və dəstək qazanmağa çalışırlar. Onu da deyim ki, Ermənistanda belə bir anti-rusiya ovqatını yaradan Azərbaycan, ölkəmizin Türkiyə ilə qurduğu müttəfiqlik əlaqələri oldu, Kremli neytrallaşdıran həmlələr nəticə etibarı ilə Cənubi Qafqazda Rusiyanı xeyli zəiflətdi. Ermənistan da ayıldı, yüzillərlə Moskvaya təhvil verdikləri təhlükəsizlik konsepsiyasının dağıldığını gördülər. İrəvanın Kremldən qopması, hələ ki, mümkün deyil, amma Kremlin Cənubi Qafqazda zəifləməsi artıq faktdır. Bunu bütün dünyada ağllı təhlilçilər görür, yazır, danışır, amma bizdə bəzi içiboşlar və marginallar bu yeni reallığı anlaya, qavraya bilmirlər, ya da, cığallıq edirlər. Azərbaycan dövləti olaraq Rusiya-Ermənsitan münasibətlərinə aydın mövqeyimiz belə olmalıdır ki, özünüz bilərsiz, xətanızı bizdən uzaq edin, sizin ailəiçi davanızda biz yoxuq, bir-birinizi sevsəniz də, boğsanız da bizə bunun isti-soyuğu yoxdur. Kreml İrəvana cəza kəssə də özü bilər, sevsə də, biz bu işdə yoxuq".

"Cənubi Qafqazın hər 3 ölkəsi üçün ilk hədəf Kremlin təsirlərini minimuma endirməkdir, sonra daha asan olacaq"

Politoloqun fikrincə, indiki qarışıq dünyada NATO-nun baş katibinin regiona, Azərbaycana səfəri ciddi hadisədir. Natiq Cəfərlinin sözlərinə görə, Stoltenberqin Cənubi Qafqaz səfərinə ölkəmizdən başlaması, ən sıx görüş qrafikinin Azərbaycanda olması məmləkətimizin bölgənin "açarı" olduğunu sübut edir: "Dəfələrlə bu haqda publik çıxışlarım olub, bir daha təkrar edim: Cənubi Qafqazın hər 3 respublikası nə vaxtsa üzv olacaqlarsa yalnız bir yerdə Avropa Birliyinə və ya NATO-ya üzv olacaqlar, ayrı-ayrılıqda hansısa ölkənin bu qurumlar üçün həyati əhəmiyyəti yoxdur. Ona görə də hər 3 ölkə Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi üçün birgə çalışmalıdır. Zatən, Azərbaycanın son 4 ildə atdığı addımlar bölgədə Rusiyanın ciddi zəifləməsinə səbəb olub ki, bunu da bizdəki bəzi marginallardan fərqli olaraq, Qərb institutları çox yaxşı anlayır. Hər 3 ölkə üçün ilk hədəf Kremlin təsirlərini minimuma endirməkdir, sonra daha asan olacaq. Bölgəmizdə Moskvadan ən çox asılı olan ölkə Ermənistandır, əvvəl onları dartıb-çıxartmağa çalışırlar. Qərbin bəzi dairələrinin "ermənipərəstliyinə" emosional deyil, sırf praqmatik baxmaq, bu kontekstə dəyərləndirmək lazımdır".

"NATO-nun baş katibi səfəri həm də onu göstərir ki, Qərb Rusiya təhlükəsi qarşısında Cənubi Qafqazla bağlı öz hərbi planlarını və yanaşmasını region ölkələri ilə müzakirə etməklə, getdikcə kəskinləşən və yeni təhlükəsizlik riskləri daşıyan geosiyasi savaşın bütün istiqamətlərinə hazırlaşmağı vacib sayır"

Siyasi şərhçi Fuad Qəhrəmanlı da bu qənaətdədir ki, Ukraynada gedən müharibədə Rusiya ilə münaqişə vəziyyətində olan NATO rəhbərinin indiki vaxtda Cənubi Qafqaza səfəri önəmli bir hadisə kimi diqqəti cəlb edir: "Çünki son vaxtlar Qərblə Rusiya arasında Cənubi Qafqaz uğrunda gərgin geosiyasi mübarizə gedir və indi də bu kəskin rəqabət anında Qərb hərbi blokunun rəhbəri region ölkələri ilə təhlükəsizlik sahəsində müzakirələr aparmaq üçün təşrif buyurur. Aydındır ki, onun təmsil etdiyi hərbi blok üçün əsas təhlükə və təhdid mənbəyi Rusiya hesab olunur və bu baxımdan əsas müzakirələrin də Rusiyanın Qafqazda yaratdığı təhlükələrin önlənməsi istiqamətində olacağı heç bir şübhə doğurmur. Azərbaycana gəldikdə isə NATO- nun proksi savaş apardığı Rusiyanın Cənubi Qafqazdakı əsas müttəfiqi rolunda çıxış edən Bakı digər iki qonşusundan fərqli olaraq Qərbin regionda möhkəmlənməsinə isti baxmır. Bu baxımdan onun bu səfəri, xüsusi ilə də Bakıda aparacağı müzakirələr Moskva üçün də çox maraqlıdır. Azərbaycan-NATO münasibətlərinin əsası 1994-cü ilin mayında SNT proqramı üzrə Çərçivə Sazişinin imzalanması ilə qoyulub və sonrakı mərhələdə SNT Təqdimat Sənədi (1996), Planlaşdırma və Analiz Prosesi (1997) və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (2004) adlı layihələr üzrə əməkdaşlıq həyata keçirilib. Azərbaycanın 2004-cü ildən başlayaraq 2019-cu ilə qədər Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) çərçivəsində bu hərbi blokla əməkdaşlıq edib. Ancaq Rusiyanın Ukraynaya təcavüzü nəticəsində NATO ilə yaranmış qarışıdurma vəziyyətindən sonra Azərbaycanın da bu hərbi blokla münasibətlərində durğunluq yaranıb, rəsmi səviyyədə anti-Qərb ritorikası güclənib".

Fuad Qəhrəmanlının fikrincə, NATO-nun baş katibi Stoltenberqin səfəri zamanı Azərbaycanla NATO arasında səngimiş əməkdaşlığı yenidən gücləndirmək məsələsi müzakirə olunub və Cənubi Qafqaz regionunun təhlükəsizliyi ilə bağlı məsləhətləşmələr aparılıb: "Zənnimcə, ikitərəfli görüşlərdə xüsusilə ilə Bakı və İrəvan arasında sülh danışıqlarının vacibliyi vurğulanıb, Rusiyanın Azərbaycan vasitəsilə ilə Qərbə üz tutan Ermənistanı təhdid etməsi məsələsinin qəbuledilməzliyi diqqətə çatdırılıb. Bu səfər həm də onu göstərir ki, Qərb Rusiya təhlükəsi qarşısında Cənubi Qafqazla bağlı öz hərbi planlarını və yanaşmasını region ölkələri ilə müzakirə etməklə, getdikcə kəskinləşən və yeni təhlükəsizlik riskləri daşıyan geosiyasi savaşın bütün istiqamətlərinə hazırlaşmağı vacib sayır. Ona görə də Azərbaycan hakimiyyətinin indiki həssas mərhələdə bu məsələlərə münasibətdə atacağı addımlar, verəcəyi reaksiyalar həm də Qərb və Rusiya arasında geostrateji seçim etməyi tələb edir. Xüsusilə ilə də Türkiyənin NATO üzvü olması və Qərbin dəstəyi ilə Rusiyanın Cənubi Qafqazdakı yerinə iddia etməsi Azərbaycanın Moskva ilə münasibətlərinə yenidən baxmasını zəruri edir. Bu məsələdə qeyri-müəyənlik qəbuledilməz sayılır və kəskin qütbləşmə fonunda balanslı siyasət artıq heç bir tərəfi qane etmir. Böyük ehtimalla, Stoltenberq Azərbaycan hakimiyyətinə məhz bu istiqamətdə təkliflərini təqdim edib və regionun təhlükəsizliyi ilə bağlı NATO-nun ön gördüyü əməkdaşlıq və yanaşmaların qəbul edilməsinin zəruriliyini bildirib".

Vazeh BƏHRAMOĞLU