📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"NATO bundan sonra postsovet məkanında daha fəal siyasət yürüdəcək" - XAQANİ CƏFƏRLİ

2021-12-02 10:10:00

"Bu, tamamilə yeni yanaşmadır və postsovet məkanında ciddi siyasi proseslərə start verilməsi kimi də dəyərləndirilə bilər"

"Şimali Atlantika Alyansına üzv ölkələrinin xarici işlər nazirlərinin Riqada keçirilən sammitindən sonra mətbuat üçün açıqlama ilə çıxş edən NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Rusiyanın təsir dairəsi ola bilməz". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloqun sözlərinə görə, Yens Stoltenberq "Rusiyanın maraq dairəsinin olması fikri bizim üçün qəbuledilməzdir. Rusiyanın təsir dairəsinin tanınması onun suveren dövlətlər olan qonşularının nə etdiyinə nəzarət edə biləcəyinin de-fakto etirafı olardı" deməklə yanaşı, NATO-nun Gürcüstan və Ukrayna ordularının inkişafına fəal kömək edəcəyini də əlavə edib: "NATO-nun baş katibinin açıqlaması belə qənaət yaradır ki, Alyansın Riqada keçirilən sammitində Şimali Atlantika Alyansının postsovet məkanı ilə bağlı dəqiq siyasəti müəyyən olunub. Bundan sonra NATO postsovet məkanında daha fəal siyasət yürüdəcək. Çünki postsovet məkanın Rusiyanın təsir dairəsi kimi tanımaqdan imtina edilib".

Xaqani Cəfərli qeyd edib ki, bu, tamamilə yeni yanaşmadır və postsovet məkanında ciddi siyasi proseslərə start verilməsi kimi də dəyərləndirilə bilər.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az