NATO ölkələri Ukraynanın alyansa daxil olmasına etiraz edirlər
ABŞ və Almaniya da daxil olmaqla bir sıra NATO üzvü Rusiya ilə münasibətlərin kəskinləşməsindən ehtiyat edərək, Ukraynanın alyansa daxil olma vaxtının dəqiqləşdirilməsinə və bu prosedurun sürətləndirilməsinə etiraz edir.
Bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti Vaşinqton və Brüsseldəki mənbələrə istinadən yazır.
Nəşr göstərir ki, Ukrayna prezidenti Vladimir Zelenskidən NATO-nun iyul sammitindən əvvəl alyansın sürətlə genişlənməsini müdafiə edən ölkələrə əlavə təzyiq göstərməməsi xahiş olunub. Böyük Britaniya, Litva və Fransanın yekun sənədində Kiyevə ünvanlanmalı olan “dəvət” sözünün olmasında israr etdikləri bildirilir.
“The Daily Telegraph” yazır ki, sammitdə Ukraynanın alyansa qoşulması üçün son tarix müəyyən edilməsə də, Kiyevə bu məqsədə çatmaq üçün marşrut təklif olunacaq ki, bu da bu təşəbbüsün davamlı dəstəyini vurğulamaq məqsədi daşıyır.
Məlumatlı diplomat nəşrə deyib: “Bu dəvət deyil, lakin təklif oluna biləcək ən yaxşı variantdır”.
Ülviyyə, Hurriyyet.az