Naxçıvanın atəşə tutulmasının səbəbi: - "ABŞ İrəvanı cəsarətləndirir"
Xəbər verdiyimiz kimi, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Xatırladaq ki, ermənilərin Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutuması son günlər intensiv hal alıb.
Bəs, Naxçıvan istiqamətində mövqelərimizin hədəf seçilməsində məqsəd nədir?
Hurriyyet.az xəbər verir ki, bakupost.az-ın sualını cavablandıran hərbi ekspert Ədalət Verdiyev hazırda Ermənistanın ABŞ-la genişmiqyaslı hərbi və hərbi texniki əməkdaşlıq proqramına malik olduğunu bildirdi. O, bu proqramın bir hissəsi olaraq ABŞ tərəfindən Ermənistanın silahlandırılmasının davam etdiyini dedi:
“Paralel olaraq ABŞ-in hərbi bazasının Qərbi Zəngəzur ərazisində yerləşdirilməsi də Ermənistan tərəfini bir qədər cəsarətləndirib. Daha əvvəllər Rusiyayla əməkdaşlıq edən Ermənistan davamlı olaraq Azərbaycanı Rusiyayla qarşı-qarşıya gətirməyə çalışırdı. İndi isə Qərbi Zəngəzurda yerləşən ABŞ bazasının mövcudluğundan cəsarətlənən Ermənistan, məhz Naxçıvan istiqamətində atəşkəsi pozmağa və həmin ərazi yaxınlığında mövcud olan ABŞ qüvvələri ilə Azərbaycanı qarşı-qarşıya gətirməyə çalışır. Buna görə də intensiv şəkildə həm Naxçıvan, həm də Laçın istiqamətində təxribatlara və atəşkəs pozuntularına yol verir”.
Hərbi ekspert deyib ki, bütün bunlar Azərbaycanın səbrini daşıra və onu Ermənistana qarşı sərt addımlar atmağa vadar edə bilər:
“Bildiyiniz kimi, Azərbaycan tərəfinin proseslərə bir qədər təmkinli yanaşması Ermənistanı daha da cəsarətləndirir. Hesab edirəm ki, Azərbaycan tərəfi bu təxribatların qarşısını almaq üçün mütləq daha təsirli addımlar atmalıdır”.