📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Naxçıvanın statusu ilə bağlı beynəlxalq sənədlərə istinad məntiqsiz yanaşmadır" - NATİQ CƏFƏRLİ

2022-12-21 16:25:00

"Naxçıvanın statusu ölkə Konstitusiyası ilə müəyyən olunur, deməli, Ana Yasanın referendumla dəyişdirilməsi baş verəcəksə, yeni redaksiyada da Naxçıvanın statusu müəyyən edilə bilər"

"Naxçıvan Muxtar Respublikasının statusu ilə bağlı məsələnin müzakirəsində bəziləri tez-tez müxtəlif beynəlxalq sənədlərə, Qars müqaviləsinə, Moskva sənədinə istinad edirlər. Tamamilə məntiqsiz yanaşmadır, hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasında açıq-aydın yazılıb ki, Naxçıvanın statusu ölkə Konstitusiyası ilə müəyyən olunur. Deməli, Ana Yasanın referendumla dəyişdirilməsi baş verəcəksə, yeni redaksiyada da Naxçıvanın statusu müəyyən edilə bilər". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

Politoloqun sözlərinə görə, buna heç bir beynəlxalq sənədlər mane ola bilməz: "Artıq illərdir bu haqda yazırıq. Ölkənin gələcək inkişafı, idarəetmənin təkmilləşdirilməsi və iqtisadi-sosial problemlərin, hətta Xankəndi məsələsinin həlli üçün məmləkətdə yeni Konstitusiyası qəbul edilməli, unitar dövlət olan Azərbaycanda Qarabağ, Şərgi Zəngəzur və Naxçıvan da daxil olmaqla 14 inzibati ərazi vahidi yaradılmalı (indiki 14 iqtisadi rayonlara uyğun şəkildə), yerli özünüidarə gücləndirilməli və Mer institutları təsis edilməlidir".

Natiq Cəfərli onu da əlavə edib ki, hakimiyyətin qolları arasında səlahiyyət və məsuliyyət bölgüsü klassik idarəetmə fəlsəfəsinə görə müəyyənləşdirilməlidir: "Gecikmədən bu addımların atılması vacibdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az