📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Nazarbayev ya Rusiyada həbs olunub, ya da öldürülüb”

2022-01-11 10:34:00

“Nazarbayev ya Rusiyada həbs olunub, ya da öldürülüb”

Sərdar Cəlaloğlu: “Onun adından yalan bəyanatlar verirlər ki, guya, xalqa "Tokayevi müdafiə edin" deyə müraciət edib”

“Hadisələr davam edəcək və düzgün siyasət aparılacağı təqdirdə Rusiya oradan çıxacaq”

“Dünya təcrübəsi göstərir ki, Rusiya bu cür xarici müdaxiləyə cəhd edəndə həmişə öz ərazilərinin böyük bir hissəsini itirib…”

“…Bu, Rusiyanı Qazaxıstana soxmaq üçün Tokayevlə Putinin qurduğu teatr idi. Nursultan Nazarbayevsə, mənim ehtimalıma görə, heç Peterburqdan qayıtmayıb”

Qazaxıstandan baş verən hadisələr səngiməkdə olsa da, bu olaylar hələ dünya mediasında günlərlə müzakirə mövzusu olacaq. O cümlədən, Azərbaycanda da müxtəlif ekspertlər səviyyəsində qardaş ölkədə baş verənlərə münasibət bildirlir. Lakin bu zaman bəzi təzadlı fikirlərə də rast gəlirik ki, bu da istər-istəməz cəmiyyətdə çaşqınlıq yaradır. Odur ki, Qazaxıstanda baş verənlərin daha dolğun dəyərləndirilməsi üçün Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə söhbətləşdik.

- Sərdar bəy, necə düşünürsünüz, KTMT-nin geniş kontingenti Qazaxıstana yerləşdikdən sonra ölkənin Rusiya ilə Belarusun “Birlik dövləti”nə girişi baş verə və bu, onun Türk Dövlətləri Təşkilatında üzvlüyünü sonlandıra bilərmi?

-Əvvəla onu deyim ki, "bu xəmir çox su aparacaq" və Rusiyanın niyyəti budur, yəni Rusiya, Belarus, Qazaxıstan və Ukraynanın ittifaqını yaratmaqdır və sonra başqalarını da oraya zorla qatmaqdır. Amma Rusiyanın bu formatda yendən qurulması dünyada sülhə və təhlükəsizliyə böyük təhdiddir. Bu baxımdan, heç kəs nə Ukraynanın, nə də Qazaxıstanın asanlıqla Rusiya tərəfdən işğalına razılıq verməyəcək. Artıq Qazaxıstanda Rusiya işğalına qarşı ümumimilli hərəkatın başlanmasına çağırışlar səslənib. Qazaxıstan ziyalılar birliyi çıxışlar edir, hətta prezidenti xəyanətdə ittiham edirlər. Yəni bu, düşünüldüyü kimi, çox asan olmayacaq.

ABŞ qazax hökumətindən tələb edir ki, rus qoşunları niyə çağrılıb. Rus qoşunlarının oraya girməsinin KTMT-nin əsasnaməsinə uyğun olub-olmaması məsələsi var. Yəni Rusiya çox istəyir ki, bu məsələni həll etsin. Rusiya əgər bu qədər arxayındırsa, niyə ruslar Qazaxıstandan kütləvi şəkildə qaçırlar? Ruslar da başa düşür ki, burada işlər heç də hamar getməyəcək. Bununla Rusiya çox ciddi yeni münaqişə ocağı yaradır. Bura Əfqanıstan da sovrulacaq, türk dövlətləri müdaxilə edəcək. Necə ki, Rusiyaya qarşı Türkiyə-NATO cəbhəsi yaradıldı, Qazaxıstanda da daha bir cəbhə yaradılacaq. O cümlədən, islam ölkələri də buna münasibət göstərəcəklər. Yəni proses bizim başa düşdüyümüz kimi, "Rusiya hara girdi, oranı tutdu" deyil.  Hadisələr davam edəcək və düzgün siyasət aparılacağı təqdirdə Rusiya oradan çıxacaq.

- Hesab edirsiniz ki, Qazaxıstanı işğal cəhdi Rusiyaya baha başa gələ bilər?

-Bəli, Rusiyaya baha başa gələcək. Dünya təcrübəsi göstərir ki, Rusiya bu cür xarici müdaxiləyə cəhd edəndə həmişə öz ərazilərinin böyük bir hissəsini itirib. İndi də Putinin başçısılığı ilə Rusiya Ukraynaya, Azərbaycana, Qazaxıstana müdaxilələr edib. Bu da göstərir ki, belə müdaxilələr Rusiyaya baha başa gələcək. Qazaxıstan məsələsi iki amillə bağlıdır: Birincisi, bu gün - ayın 10-da Cenevrədə başlayan Rusiya-ABŞ danışıqlarında Rusiyanın hərbi mövqelərini gücləndirmək, ikincisi, Turan birliyinin önünə "daş qoymaq" üçün.

Türkiyə birmənalı şəkildə Ukraynanı dəstəkləyir. Qazaxıstansa Türk Dövlətləri Təşkilatında Türkiyənin müttəfiqidir. İndi Türkiyə seçim qarşısında qalacaq: ya Rusiyaya qarşı Ukraynanı dəstəkləməlidir, ya da Ukraynanın arxasından çəkilib Qazaxıstanı dəstəkləməlidir. Rusiyanın oyununun mahiyyəti budur. Türkiyə düşünəcək ki, əgər Türk Dövlətləri Təşkilatı lazımdırsa, Ukraynadan imtina etməyə məcburdur. Amma Ukraynadan da imtina edə bilməz. Çünki Türkiyə NATO üzvü kimi Ukraynanın arxasındadır. Məsələ olduqca mürəkkəbdir və Rusiya Qazaxıstandan sövdələşmə predmeti kimi istifadə edəcək. Rusiya üçün ən yaxşısı odur ki, buranı işğal etsin, ittifaq dövlətinə qatsın. Amma bu baş verməyəcəyi təqdirdə bir neçə hadisə olacaq: Birinci, Rusiya Qazaxıstanın şimalını qopara bilər. İkinci, alınmayacağı təqdirdə oraya bir muxtariyyat statusu almaq istəyəcək ki, gələcəkdə bundan istifadə etsin.

-Hansı ki, Rusiyanın 4 tələbi içində də bunlar var idi.

-Bəli. 3-cü hadisə budur ki, Qazaxıstanda hərbi baza yaradıb, öz hərbi mövcudluğunu saxlasın. Dördüncü isə Qazaxıstanda elə bir marionet rejim yaratsın ki, hərbi baza olmasa da istənilən vaxt ölkəni öz əyaləti kimi idarə etsin. Yəni Qazaxıstanla bağlı Rusiyanın çoxvariantlı "a, b, v, c, d..." planı var. Beynəlxalq ictimaiyyət, Türkiyə ciddi şəkildə təzyiq edəcək və Rusiya “b” variantını, sonra “c” variantını işə salacaq. Yəni böyük dünya dövlətləri siyasəti sadələşdirilmiş şəkildə həyata keçirmirlər. Bir addım irəli atıb, sonra bir addım geri atmırlar. Bir addım atır, sonra geri çəkilməyin 20 variantı olur. O variantlardan hansı mümkündürsə, siyasət də mümkünlük elmidir, həmin variantları həll edəcəklər. Burada hər şey ABŞ, Türkiyə və digər dünya ölkələrinin Qazaxıstana nə qədər dəstək verməsindən asılı olacaq. Ona görə, təcili bütün dünya müsəlmanlarının da Qazaxıstanın müdafiəsinə çağırılmasına çalışmaq lazımdır.

-Bu çağırışı kim etməlidir?

-Qazaxıstanın özü etməlidir. Qazaxıstanın liderləri, siyasi təşkilatları, dini xadimləri çağırmalıdır. Cəmiyyətin bütün təbəqələri ayağa qalxmalıdır. Çünki Qazaxıstan artıq işğal qarşısındadır. Qazaxıstanlı dissidentlər artıq çağırışlar edirlər ki, biz korrupsiyaya və rus işğalına qarşı milli azadlıq hərəkatına qalxmalıyıq. Artıq Qazaxıstanda hamı buna işğal deyir və Tokayev də həmin işğalın bir elementi kimi qəbul edilir.

-Yəni məsələnin adı qoyuldu.

-Bəli, bu işğaldır və Tokayev rus təhsillidir, ailəsi də Rusiyada yaşayır… Ailəsi Rusiyada olan bir adam Rusiyanı da oraya çağırdı. Ona görə də xalqı rus işğalına qarşı qaldırmaq lazımdır. Bu zaman isə qazax xalqına çox ciddi dəstək lazımdır.

-Sərdar bəy, Azərbaycanı hansısa yolla KTMT-yə daxil olmağa vadar edilə bilərmi?

-Yox, Azərbaycan buna vadar edilə bilməz. Bu ehtimal sıfra yaxındır. Çünki Azərbaycan Türkiyə ilə elə hərbi müttəfiqlik müqaviləsi imzalayıb ki, eynilə buna oxşar hadisələr olsa biz Türkiyəni çağıracağıq, KTMT-ni yox. Qazaxıstan KTMT ilə əməkdaşlıq edirdi, biz isə bu təşkilata qarşı tərəfik. Ona görə Qazaxıstana girmək asan oldu. O KTMT-nin üzvüdür, Rusiya bizə nə adla girəcək?! Digər tərəfdən, Qazaxıstanla Türkiyə arasında Azərbaycanla Türkiyə arasındakı kimi hərbi müqavilə imzalansaydı, bu gün türk qoşunları orada olacaqdı. İmzalamadılar. Mən mətbuatda dəfələrlə dedim ki, Türk Dövlətləri Təşkilatı yaranandan sonra birinci addım kimi bu təşkilatın ordusu yaranmalıdır. Bunlar isə ordunu 2040-cı ilə saxladılar. Hərbi müttəfiqlik olmadan geosiyasi maraqları necə təmin etmək olar? İqtisadi layihələri necə qorumaq olar? Qazaxıstanda ABŞ-ın bir neçə milyardlıq investisiyası var. Rus ordusu ölkəyə girəndən sonra o investisiyanı necə qorumaq olar? Bu cür məsələlər var. Təbii ki, gərək birinci hərbi güc yaradıla.

Azərbaycanda Türkiyə indi-indi geniş iqtisadi layihələrə qədəm qoyur. Birinci nədən başladılar - hərbi müttəfiqlikdən. Deməli, düzgün yol budur. İndi biz istənilən layihəni başlatsaq, bizə heç bir təhlükə yoxdur, arxamızda Türkiyə var. Mən neçə illərdir deyirdim ki, Azərbaycan Türkiyə və Pakistanla hərbi ittifaqa girməlidir. Qazaxıstan belə bir addım atmadı. Qazaxıstan rəhbərləri, Nursultan Nazarbayev istisna olmaqla, qalanları hamısı rusbaş adamlardır. Digər tərəfdən, belə nəhəng geosiyasi oyun oynayan liderlər gərək həddən artıq təmiz adamlar olsunlar. Korrupsionerlərin belə bir oyun oynaması artıq həm onların özlərini riskə salır, həm də dövləti. Nursultan Nazarbayev bir tərəfdən həm tayfabazlıq edib, korrupsiya ilə məşğul olub, digər tərəfdən doğrudan da milli işlər görüb. Məsələn, onun Qazaxıstanın müstəqilləşdirilməsi, Türk Dövlətləri Birliyinin yaradılmasında böyük rolu olub. Bu ikisi bir araya sığmaz.

-Sığmadı da.

-Fakt bundadır ki, Qazaxıstanla bağlı bu qədər nəhəng işlər görməsinə baxmayaraq, Nazarbayevin fəaliyyəti təzadlı idi. Qazaxıstanı müstəqilləşdirdi, qazax dilini dövlət dili etdi, qazax dilində tədrisi, latın qrafikası əsasında əlifbaya keçmək, paytaxtı köçürmək, demoqrafik dəyişikliklər kimi işləri gördü. Amma ölkə daxilində qohumbazlıq, tayfabazlıqdan imtina edə bilmədi. Qohum-qardaşı ölkəni taladı. Qazaxıstanda sosial-iqtisadi problemlər indi etirazların mənbəyi deyil. Qazaxıstanda camaat nədən narazı idi - niyə Nazarabayevin ailəsi çox dağıtdı... Xalq özü o qədər ağır vəziyyətdə deyil. Orada işsizlik sıfırdır, əksinə o qədər iş yerləri açılıb ki, işçi tələb edirlər.

İkincisi, Qazaxıstanda tibbi xidmətə görə bir qəpik vermirsən. Ən ağır əməliyyatlar dövlət hesabınadır. Məktəblər tamamilə pulsuzdur. Orada özəl məktəb görə bilməzsən. Müəssisələrin 90%-i dövlətindir. Sadəcə, nef-qaz məsələsində Nazarbayevin qohumları yeyib-dağıdırdılar. Qazaxları narahat edən bu idi. Bizdəki kimi acından ölənlər yoxdur. Orada həyat səviyyəsi bizdən iki-üç dəfə çoxdur. Pensiya bizim pulla müqayisədə üç yüz dollardır. Olduqca ucuzluqdur.

-Rus teleqram kanallarında Türkiyənin dəstəklədiyi iddia olunan Suriyadakı "Cəbhət əl Nusra" terror təşkilatının Qazaxıstandakı hadisələrdə rolu olması barədə iddialar var. Həmçinin Qazaxıstandakı hadisələrin ilk günlərində belə bir iddia ortalığa atıldı ki, qarşıdurmalarda istifadə olunan silahlar Türkiyədən gətirilib. Türkiyəyə qarşı bu qarayaxma kampaniyası nəyə xidmət edir?

-Deyir, “adımı sənə qoyum, səni yana-yana qoyum”. Rusiya özünün bu oyunlarda iştirakını danmaq üçün çalışır ki, başqa dövlətləri ittiham etsin. Birinci “Soros”u, ABŞ-ı ittiham etdi, sonra Türkiyəni. Amma bunu Rusiya təşkil edib, həm də məhbuslardan istifadə edib. Yalnız Almatı seçilib. Almatıda həmin məhbusları küçələrə buraxıblar. Onlara imkan veriblər ki, bankları, dövlət binalarını dağıtsınlar. Sadə camaat görsün ki, hökumət zəifdir, müqavimət göstərmir, çıxsın küçəyə. Küçəyə çıxan kimi başladılar camaatı güllələməyə. İki saatın içində dedilər ki, Rusiya gəlsin. Bu, Rusiyanı Qazaxıstana soxmaq üçün Tokayevlə Putinin qurduğu teatr idi. Nursultan Nazarbayevsə, mənim ehtimalıma görə, heç Peterburqdan qayıtmayıb. Böyük ehtimalla onu həbs etdilər. Hətta Maksim Şevçenko deyir ki, onu öldürüblər. Sağ deyil, amma onun adından yalan bəyanatlar verirlər ki, guya, xalqa "Tokayevi müdafiə edin" deyə müraciət edib. Tokayev onu işdən çıxarıb, Nazarbayevsə deyir ki, onu müdafiə et. Yəni bu onu göstərir ki, Nursultan Nazarbayev öldürülüb. Öldürülməyibsə, çıxsın da televiziyalara. Çünki deyəndə ki, o, Dubaya gedib, Dubay deyir bizə gəlməyib. Hansı ölkəyə deyirlərsə ordadır, o ölkələr deyir ki, bizdə yoxdur. İndi deyirlər ki, Nursultan şəhərindədir. Nursultan şəhərindədirsə, hanı? Yəni bunlar hamısı onu göstərir ki, Nazarbayev ya Rusiyada həbs olunub, ya da öldürülüb.

- Əgər Çin-Rusiya savaşı baş verərsə, Qazaxıstanda "islamçı qrupların" iştirakının olmasından müharibəni fitilini çəkmək üçün bəhanə kimi istifadə edilə bilərmi? Yaxud terrorçu qruplarla mübarizə adı altında onlardan istifadə oluna bilərmi?

-Qazaxıstanda üç min adam tutublar, hələ də guya orada belə qrupların olmasına dair bir fakt da açıqlamayıblar. Çalışırlar ki, dezinformasiya yaratsınlar. Hibrid müharibə gedir, Rusiyanın rolu azaldılır. O hadisələrin ən qızğın vaxtı bir dənə internet televiziyası işləmədi. Qazaxıstanla bütün əlaqələr kəsildi. Jurnalistlər ora buraxılmadı. İndi hadisələr aydınlaşarkən nə cinayətkar var, nə günahkar var. Özləri kimin üstünə istəsələr yıxmaq istəyəcəklər. Bir tərəfdən deyirlər ki, xarici qüvvələrin əli var, bir tərəfdən də Qazaxıstanın Təhlükəsizlik Komitəsinin sədrini tutublar ki, bu vətənə xəyanət edib.

KTMT-nin Qazaxıstana girməsi bu təşkilatın öz nizamnaməsinə ziddir. Bu təşkilatın nizamnaməsinin 5-ci maddəsində belə bir müddəa var ki, o halda KTMT müdaxilə edə bilər ki, başqa bir dövlət KTMT üzvü olan dövlətə hərbi müdaxilə etsin. Hətta xaricdəki o gəncləri kimsə öyrətsə belə, bu, xarici müdaxilə deyil. Hərbi müdaxilə tankdır, topdur, raketdir. Adından da görünür. Lap səni Tokayev çağırır, niyə gedirsən ora?

Yadınıza gəlir, Ermənistan da Qarabağ müharibəsində çağırdı. KTMT dedi ki, biz ona qarışa bilmərik. Niyə bəs ora girdi. Deməli, bu quramadır və həm də Qazaxıstan konstitusiyasına ziddir. Qazaxıstanın 130 minlik ordusu var. Dünya orduları içində 63-cü yerdədir. Ölkədəki sabitliyi saxlaya bilmirsə, bu nə ordudur ki. Ordunu istifadə etmədi. Niyə? Çünki orduda həddən artıq Türkiyədə təhsil almış zabitlər var idi. Onlar imkan verməyəcəkdi ki, camaata güllə atılsın. Məsələn, bir general intihar edib. Atəş açmaqdan imtina edib. Deməli, ordu xalqa oyun oynamayacaqdı. Həm də Qazaxıstan ordusunu küçəyə çıxarsalar, rus ordusunun gəlməsinə ehtiyac qalmayacaqdı. Əvvəlcədən qazax ordusunu saxladılar kənarda. Daxili İşlər Nazirliyini saxladılar kənarda, rusları çağırdılar. Ruslar da gələn kimi başladılar camaatı qırmağa. Bu, Rusiyanın oyununa şərait yaratmaq idi. Hər halda qazaxlar ruslarla razılaşmayacaq.       

Ülviyyə ŞÜKÜROVA