📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazarbayevin yaxşılıqları, yaxud Paşinyan Qazaxıstanı niyə “xilas” etmək istəyir?

2022-01-06 14:29:00

Nazarbayevin yaxşılıqları, yaxud Paşinyan Qazaxıstanı niyə “xilas” etmək istəyir?

Cəmi 3 il öncə, 2019-cu ilin martında  Qazaxıstan prezidenti seçilən Qasım-Comərd Tokayev əminliklə demişdi: “Nursultan Nazarbayev Qazaxıstanın əbədi atası kimi qalmaqda davam edəcək”.

Tokayev sonra da təklif eləmişdi ki, respublikanın bütün vilayət mərkəzlərinin əsas küçələri 2010-cu ildə qəbul edilən konstitusiya qanununa görə, “Elbaşı”, yəni “milli lider” statusu verilən Nazarbayevin şərəfinə adlandırılsın, Astanda ona heykəl qoyulsun. Dedikləri oldu.

Amma 2022-ci ilin 5 yanvarında “Elbaşı”nın heykəli yerlə bir edildi, onun adını daşıyan küçələr qana boyandı, obyektlər dağıdıldı. Baxmayaraq ki, Qazaxıstan Konstitusiyası “Elbaşı” statusunu alan keçmiş prezident və onun ailə üzvlərinin toxunulmazlığını tanıyırdı, qanun pozuntusu isə 5 illik həbslə cəzalandırılırdı. Nəinki onun heykəlinə toxunmaq yasaq idi, hətta şəkillərinin pozulması, yaxud ünvanına təhqiramiz söz söylənilməsi və ya tərcümeyi-halının təhrifi də cinayət  məsuliyyəti yaradırdı. Nə baş verdi ki, adı zirvələrə verilən “Xalıq Kaxarmanı”, yəni “Milli Qəhrəman”ını qəfildən tarixdən silməyə başladılar? Müəmmalar çoxdur. Amma hər halda Tokayevin “Elbası Nursultan Nazarbayevi ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırdım. Bu gündən etibarən bu vəzifəni mən tutacağam”, deməsindən sonra çox şeylər baş verdi.  

Ola bilsin ki, Nazarbayevi və hökuməti qurban verəndən sonra Tokayev özünü xilas edəcəyini zənn edirdi, amma alınmadı. Artıq ox yaydan çıxıb. Son nəticədə Tokayevin etirazçıları “terrorçu” adlandıraraq, kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) hərbi yardım üçün müraciət etməsi isə Azərbaycanda da üzüntü ilə qarşılandı.

Elbaşı Nazarbayev'in İstikrar ve Kalkınma Politikası Tokayev ile Devam  Edecek — ANKASAM | Ankara Kriz ve Siyaset Araştırmaları Merkezi

Görün vəziyyət hansı həddə gəlib çıxdı ki, öz ölkəsində normal vəziyyət yarada bilməyən kapitulyant Nikol Paşinyan o boyda Qazaxıstanı “xilas” üçün hərəkətə keçib. Paşinyan bildirib ki, KTMT sədri kimi, Tokayevlə telefonla danışdıqdan sonra digər üzv dövlətlərin rəhbərləri ilə də vəziyyəti müzakirə edib. Heç şübhəsiz, Nikol “Rus NATO-su”nun Qazaxıstandakı proseslərə müdaxilə etməsinə çalışır, özü də maksimum tez. Ona görə yox ki, qazaxlara, ya elə Tokayev iqtidarına ürəyi yanır. Ermənistan hakimiyyətinin bu hadisələrdə öz maraqları var.

Bəzi faktları xatırlayaq:

2014-cü ilin yayında Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqaviləni imzalayacağı gözlənilirdi. Hətta Serj Sərkisyan o zaman “Mən xahiş edirəm ki, iyulun 2-nin Ermənistanın Avrasiya İttifaqına üzv olacağı gün kimi rəsmən elan edilməsi baş versin” - deyə, müracilət etmişdi. O vaxt Qazaxıstan prezidenti Nursultan Nazarbayev toplantıda elan etmişdi ki, Azərbaycan prezidenti İlham Əliyev məktub yollayıb: Ermənistan quruma ancaq öz sərhədləri daxilində qoşula bilər, yəni birdən ağlından Qarabağı keçirməsin. Onun “Ermənistanın lideri bir məsələni həll etməlidir ki, siz BMT-nin tanıdığı Ermənistan sərhədləri çərçivəsində (Gömrük İttifaqına) daxil olursunuz”- sözlərindən sonra Ermənistan prezidenti Sərkisyan və XİN rəhbəri Nalbəndyan pərt çıxmışdılar o toplantıdan. Nazarbəyov faktiki olaraq Əliyevin vaxtilə Türkiyə haqqında dediyi tarixi fikri təkrarlamışdı, təqribən bu şəkildə: “Azərbaycan burda yoxdursa, mən burdayam!”

Paşinyan Nazarbayevə məktub yazdı:

Bu hadisədən sonra Ermənistanda anti-Nazarbayev mövqeləri o qədər artmışdı ki, hətta Şirak vilayətində onun adını daşıyan küçəyə başqa ad verilməsi məsələsi gündəmə gətirilmişdi.

İndi isə Prezident Nursultan Nazarbayevin Azərbaycana səmimi dostluq münasibətlərini təsdiqləyən bir neçə tarixi faktı yada salmaq istərdik. 1987-ci ilin sonlarından başlayaraq ermənilərin Azərbaycana qarşı əsassız iddiaları ortaya çıxanda Nazarbayev hadisələrin təhlükəli məcrada inkişaf etdiyini yaxşı başa düşür, münaqişənin alovlanmamasını istəyirdi.

Əslində Nursultanın Qarabağ məsələsinə həssas münasibəti yeni deyildi, hələ 90-lar gedib çıxırdı. 1991-ci ildə o, Rusiya prezidenti Boris Yeltsinlə birgə Azərbaycana, Dağlıq Qarabağ bölgəsinə səfər etmişdilər, məhz Nazarbayevin təşəbbüsü ilə. Həmin ilin 20 noyabrında Qarakənd səmasında vurulan helikopterdə Qazaxıstanın daxili işlər nazirinin müavini Saylau Serikov da var idi. Nazarbayev problemin həlli üçün davamlı səylər göstərirdi.   

Sonrakı dönəmlərdə isə Qazaxıstan dövləti daha prinsipial mövqe sərgiləməyə başladı.

2016-cı ilin Aprel döyüşləri yadınızdadırmı? O zaman Ermənistan faktiki olaraq KTMT-də təklənmişdi. Çox hay-küy saldılar, davamlı müraciətlər etdilər, amma bu təşkilatdan hərbi dəstək ala bilmədilər. Nəinki dəstək gəlmədi, hətta Nazarbayev və digər Azərbaycana dost ölkələrin rəhbərləri apreldə İrəvanın ev sahibliyi ilə keçirilməli olan toplantıya gəlməkdən imtina etdilər.

KTMT üzvü olan ölkələr müdafiə müəssisələri arasındakı əlaqəni gücləndirmək  niyyətindədirlər

Ermənistan Nazarbayevdən daha bir zərbəni 2016-cı ilin oktyabrda aldı. Qazaxıstan prezidentinin “xəstəlik” səbəbindən sammitdə iştirak etməməsinə görə İrəvanda Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi məsələsi müzakirələrdən çıxarıldı. Sonrakı dönəmlərdə məsələ dəfələrlə gündəliyə salınsa da, Ermənistan baş katibliyə tamarzı qaldı, Nazarbayev daxil, dost ölkə liderlərinin sayəsində. Hətta Ermənistanda dəli olurdular ki, quruma üzv olmayan Azərbaycanın KTMT və Avrasiya İqtisadi Birliyinə təsiri İrəvandan qat-qat artıqdır.

Sonrakı dönəmlərdə Nikol Paşinyan KTMT ətrafında yaranan vəziyyətin bu təşkilatın üzvü olmayan ölkə - Azərbaycanla müzakirəsinə görə Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən izahat tələb edəcəyi barədə sərsəmcəsinə hədə-şantaj taktikasına əl atmışdı.

Prosesləri izləyənlərin yadında olar. Qısa müddət KTMT-nin baş katibi olan Yuriy Xaçaturovun cinayət məsuliyyərtinə cəlb olunmasından sonra nin ali orqanı olan kollektiv təhlükəsizlik şurasının qərarı ilə vəzifəsindən azad edilən Ermənistanın xeyli çalışdı ki, onu özünün digər nümayəndəsi ilə əvəzləsin. Bu, baş versə, İrəvan  2018-2020-ci illərdə baş katib vəzifəsini daşıyacaqdı. Amma sammitə ev sahibliyi edən Nazarbayev dedi ki, rus dili üzrə əlifba ardıcıllığına görə Ermənistandan sonra növbəti baş katib Belarusdan olmalıdır. Təsəvvür edin, o dönəmdə KTMT rəhbərliyində Ermənistan nümayəndəsinin olmaması 44 günlük müharibədə bizim işimizə nə qədər yaradı. (Yeri gəlmişkən, Nazarbayev əleyhinə mövqe sərgiləyənlərin bu faktları xatırlamasında fayda var)

Müharibədən sonra da, elə ötən il boyunca Ermənistan bir neçə dəfə KTMT-nin Azərbaycana qarşı hərəkətə keçməsinə cəhd göstərdi, ancaq alınmadı.

İndi Nikol Paşinyan “burda mən varam” iddiası ilə boy göstərməyə çalışır. Həm də Qazaxıstan dövlətindən qisas almaq məqsədilə. Azərbaycana uzun illər ərzində verdiyi dəstəyə görə, əlindən gələn pisliyi edəcək, şübhəsiz. Həm də özünü başqa bir statusda təqdim etmək cəhdidir bu. Yəni “mən də bir işə yarayıram”. Lakin fikrimcə, Paşinyanın Qazaxıstandakı proseslərə, Tokayevin müraciətinə belə operativ reaksiyasının əsas səbəbi budur: İrəvan nəhayət, bir presedent yaratmaq istəyir, KTMT-nin xarici ölkələrə müdaxiləsilə bağlı. Uzun müddətdir Azərbaycan məsələsində buna nail olmayıb, düşünür ki, Qazaxıstanda hansısa rol oynasalar, bundan sonra eyni taktikadan istifadə adi hala çevriləcək, günün birində KTMT-yə arxalanıb, Azərbaycana qarşı da “xaric səs” çıxara bilər.

Hər halda, Tokayev yanlış addım atdı. Nazarbayev heç zaman bu yolu seçməz, Paşinyanın köməyinə arxalanmaqdansa, xalqının səsini eşidərdi. Hakimiyyətə gəlişindən az sonra “Mən Ermənistana böyük simpatiya ilə yanaşıram, bir müddət əvvəl Nikol Paşinyanla görüşmüşəm. Bizim Ermənistanla tarix və hətta dil baxımından ortaq nöqtələrimiz çoxdur. Ona görə də mən gələcək əməkdaşlığa optimist yanaşıram”, söyləməklə bizləri də şoka salan Tokayevsə bunu özünə rəva bildi. Qazaxıstan boyda ölkənin lideri öz polisi və ordusuna etibar etmirdisə, ən azı Türk Dövlətlər Birliyindəki üzv ölkələrlə məsləhətləşmələr apara bilərdi. Amma görünür, “rusca” hazırlanan plan əvvəldən masada olub, sadəcə ssenariyə uyğun hərəkət başlanıb...Turanın bir hissəsində baş verənlər üzücüdür. Təəssüflər, həlak olan, yaralanan soydaşlara, darmadağın edilən Qazax elinə görə...  

Elşad Paşasoy: Lider Flora Kərimovanı hansl haqla hədəfə alıb?!