📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir müavini Tərtərdə - Fotolar

2026-11-03 12:26:14

Nazir müavini Tərtərdə - Fotolar

Ötən gün elm və təhsil nazirinin müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib.

Hurriyyet.net  xəbər verir ki, səfər çərçivəsində bir sıra təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq, vətəndaş qəbulu, eləcə də görüşlər keçirilib.

Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

Daha sonra nazir müavini Ağdərə rayonunun Suqovuşan kənd tam orta ümumtəhsil məktəbində olub. Məktəbin mövcud vəziyyəti, tədris şəraiti və təhsilalanlar üçün yaradılmış imkanlarla tanışlıq zamanı təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verilib.

Səfər zamanı vətəndaş qəbulu keçirilib. Qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Firudin Qurbanov Tərtər şəhəri 5 nömrəli körpələr evi-uşaq bağçasında da olub. Müəssisənin fəaliyyəti, uşaqların təlim-tərbiyəsi üçün yaradılmış şərait və tədris prosesi ilə tanış olub.

Bununla yanaşı, nazir müavini şəhid ailələri və region üzrə Vətən müharibəsi iştirakçısı olan bir qrup təhsil işçisi ilə görüşüb. Görüşdə şəhid olmuş təhsil işçilərinin təhsil sahəsindəki fəaliyyəti və Vətən qarşısındakı xidmətləri ehtiramla yad edilib. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından bəhs olunub, onların müraciətləri və qaldırdıqları məsələlər dinlənilib. Həmçinin şəhid ailələrinin sosial məsələlərinin diqqətdə saxlanılmasının, onların müraciətlərinə həssaslıqla yanaşılmasının vacibliyi vurğulanıb.

Görüşün sonunda nazir müavini Firudin Qurbanov iştirakçıları qarşıdan gələn 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və uğurlar arzulayıb.

Səfərin davamında Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, gənc müəllimlər, psixoloqlar və tərbiyəçi-müəllimlərlə görüş keçirilib. Görüşdə yeni tədris ili üzrə prioritetlər və qarşıya qoyulan hədəflər, təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı, eləcə də təhsilalanların inkişafında psixoloji-pedaqoji dəstəyin əhəmiyyəti müzakirə olunub.

Çıxışlar zamanı regionda təhsilin inkişafı, mövcud çağırışlar, təhsil göstəricilərinin yaxşılaşdırılması və pedaqoji kollektivlərin qarşısında duran əsas vəzifələr diqqətə çatdırılıb. Görüş iştirakçılarının fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.