Nazir müavininin sərvəti üzə çıxdı
Rusiyada “xarici agentlər”ə qarşı sərt tədbirlərin tərəfdarı kimi tanınan yüksək vəzifəli məmurun ailəsinin milyardlarla rublluq sərvətə sahib olduğu iddia edilir. Araşdırmaya görə, həmin əmlaklar arasında Fransada yerləşən bahalı mənzil də var.
Musavat.com xəbər verir ki, bu barədə Aleksey Navalnının yaratdığı Korrupsiya ilə Mübarizə Fondu (FBK) araşdırma yayımlayıb.
Araşdırmanın əsas fiquru Rusiyanın ədliyyə nazirinin müavini Oleq Sviridenkodur. O, ölkədə “xarici agentlər” reyestrinin aparılmasına cavabdeh olan vəzifəli şəxslərdən biridir.
Rəsmi sənədlərdə boşanıb, amma...
FBK-nın məlumatına görə, Sviridenko rəsmi sənədlərdə subay göstərilir. O, 1999-cu ildə həyat yoldaşı Natalya Poluyçikdən boşanıb.
Lakin araşdırma müəllifləri boşanmanın formal xarakter daşıdığını iddia edirlər. Onların sözlərinə görə, Poluyçik sosial şəbəkələrdə Sviridenkonu həyat yoldaşı kimi təqdim edir və onunla birgə fotolar paylaşır.
Üstəlik, cütlüyün rəsmi boşanmadan sonra – 2002-ci ildə qızı, 2005-ci ildə isə oğlu dünyaya gəlib.
160 min rubl maaş, 2 milyardlıq sərvət
Araşdırmada bildirilir ki, Natalya Poluyçik rəqs məktəbinin baş direktoru vəzifəsində çalışır və aylıq 160 min rubl maaş alır.
Bununla belə, onun bank hesablarında 110 milyon rubl olduğu iddia edilir.
FBK-nın məlumatına əsasən, Poluyçik 2015-ci ildə Soçidə 170 milyon rubla 179 kvadratmetrlik mənzil alıb. Bundan əlavə, onun Moskvada iki mənzili, iki evi və Moskva vilayətində kotteci var.
Araşdırmaçılar yüz milyonlarla rubl dəyərində digər daşınmaz əmlakların da Poluyçikin yaşlı anasının adına rəsmiləşdirildiyini bildirirlər.
Fransada 70 milyon rublluq mənzil
Ən diqqətçəkən məqamlardan biri ailənin xaricdəki əmlakı ilə bağlıdır.
FBK-nın iddiasına görə, Poluyçik 2012-ci ildə Fransada təxminən 70 milyon rubl dəyərində mənzil alıb. Sviridenkonun ailəsinin burada dəfələrlə istirahət etdiyi bildirilir.
Araşdırma müəllifləri ailə üzvlərinə məxsus daşınmaz əmlakın və bank hesablarındakı vəsaitin ümumi dəyərini 2 milyard rubl qiymətləndirirlər.
“Xarici agentlərlə daha nəvazişlə davranmaq olmaz”
Oleq Sviridenkonun adı Rusiyada “xarici agentlər”ə qarşı sərt siyasətlə əlaqələndirilir.
Onun cavabdeh olduğu reyestrə artıq 1200-dən çox şəxs və təşkilatın daxil edildiyi bildirilir.
Nazir müavini əvvəllər “xarici agentlərlə nəvazişlə davranmağa son qoyulmalı olduğunu” söyləyib və reyestrə salınan şəxsləri həbs cəzaları ilə hədələyib.
İndi isə məhz həmin məmurun ailəsinin Fransada bahalı mənzilə və Rusiyada böyük sərvətə sahib olması barədə iddialar gündəmə gəlib.