Nazirlik bəraət alan şəxsə təzminat ödəmək istəmir
Kirayə qaldığı evin sahibini öldürməkdə təqsirli bilinərək 11 il həbs cəzasına məhkum edildikdən 3 il 10 ay sonra bəraət alan yük maşını sürücüsü Polad İsmayılova ödənilən təzminat azaldılıb.
“Qafqazinfo”nun məlumatına görə, təzminatla bağlı üç fərqli məhkəmədə qərar qəbul edilib.
İsmayılov əvvəlcə Gəncə Şəhər Məhkəməsinə müraciət edib. O, həbsdə qaldığı illərin əvəzi olaraq dəymiş maddi ziyana görə 78 min 200 manat, mənəvi ziyana görə isə 100 min manat təzminat istəyib.
Bəraət almış şəxs iddia tələbini belə əsaslandırıb ki, o, həbsinə qədər Azərbaycandan xarici ölkələrə yük daşıyan maşının sürücüsü olub. Ayda iki dəfə yük aparıb-gətirib, hər dəfə də 1000 dollar pul alıb. Hesabladıqda həbsdə qaldığı 3 il 10 ay ərzində 46 min dollar gəlirdən məhrum edilib. Mənəvi ziyana gəldikdə isə ağır cinayətlə günahlandırıldığından keçirdiyi əzab-əziyyət hisslərinin əvəzi olaraq 100 min manat konpesasiya tələb etməsi ədalətlidir.
Məhkəmə iddianı qismən təmin edib, P.İsmayılova ümumilikdə 59 min 240 manat təzminat kəsilib.