Nazirlik müəllimlərə jest edir, yoxsa şagirdlərə? - NƏ BAŞ VERİR?
İbtidai sinif səviyyəsində bəzi summativ qiymətləndirmələrin azaldılması və ya ləğvi məsələsi müzakirə olunur.
Bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Şöbə müdiri bildirib ki, qiymətləndirmə siyasətində bəzi təkmilləşdirmələr aparılacaq. Nazirlik rəsmisi həmçinin əlavə edib ki, ümumi təhsilin dövlət standartlarının yenilənməsi 5 ildən bir nəzərdə tutulur:
“2020-ci ildə təsdiq olunmuş dövlət standartları növbəti ildə yenilənəcək. Yeni standartların hazırlanması ilə bağlı işlər gedir”.
Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı təhsil ekrperti Elmin Nuri "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu addım mediada, həm də sosial şəbəkələrdə müəllimlər tərəfindən müsbət qarşılanıb:
"Artıq uzun illərdir ki, biz summativlərin sayının azaldılması və ləğvi barədə müəllimlərdən fikirlər eşidirdik. Bunun əksini düşünənlər də var idi, summativlərin azaldılmasını və yaxud ləğvini tənbəllik əlaməti kimi görən müəllimlər də az deyildi. Fikirlər birtərəfli deyildi. Reallıq bundan ibarətdir ki, çoxluq summativlərdən şikayətlənirdi".
Ekspert qeyd edib ki, summativlərin ləğvindən söhbət gedə bilməz, onlar azaldıla bilər:
“Necə ki, bununla bağlı müzakirələr aparılır. Summativ qiymətləndirmələrin formal, yaxud lazımsız olduğunu deyə bilmərik. Tədris prosesində qiymətləndirmə geniş mövzudur. Dünya ölkələrindən də misal gətirmək olar, məsələn, Skandinaviya ölkələrində ibtiadi siniflərdə, ümumiyyətlə, qiymətləndirmə yoxdur. Bunu uşağın psixologiyasına vurulan zərbə kimi qiymətləndirirlər. Lakin qiymətləndirmədən tamamilə imtina edən ölkə yoxdur.
Burada əsas məsələ qiymətləndirmənin yoxlayıcı element olmasıdır. İnanırıq ki, summativlərin sayının azaldılması müəllimlər tərəfindən müsbət addım kimi qiymətləndiriləcək".