Nazirlik müvəqqəti təyinat barədə açıqlama verdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə yeni direktor təyin edildiyi barədə xəbər yayılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, mərkəzin fəaliyyətinin fasiləsizliyinin, idarəetmə prosesinin və işlərin davamlılığının təmin edilməsi məqsədilə direktor vəzifəsinin icrası həmin mərkəzdə baş meşəbəyi vəzifəsində çalışan Vahid Qaraşova müvəqqəti olaraq həvalə edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi ilkin istintaq-əməliyyat tədbirləri nəticəsində 2025-2026-cı illərdə həmin mərkəzin direktoru vəzifəsində çalışmış Fizuli Məmmədov və meşəbəyi Vidadi Əsgərov barəsində cinayət işi başlanıb.
Toplanmış sübutlar əsasında hər iki şəxsə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub.
Məhkəmənin qərarı ilə Fizuli Məmmədov barəsində həbs, Vidadi Əsgərov barəsində isə ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.