Nə onda susmuşam, nə də indi
Cahangir müəllim, sizin “canlı klassik” adlandırdığınız Anar, Elçin bir dəfə də olsun xalqın qarşısına çıxıb əsl fitnəkarları susdurmağa cürət etmədilər...
Çoxdandır ki, biz bu erməni vələdüzinanı lənətləyəndə “vandal” , “vandalizm” sözünü harada gəldi belədən-belə işlədirik. Durub üzvlərinin sayı az qala bir milyona çatan YAP-ın nadirəlvücud əşxasına müraciət edib, bu sözün nəmənə olduğunu soruşsan, beş nəfər doğru-düzgün cavab versə adımı dəyişərəm.
Bizim doğma ensiklopediyanın 1978-ci ildə çap olunmuş ikinci cildində “Vandalizm” sözünün şərhinə baxırıq: “Vandalizm – mədəni və maddi sərvətlərin bihudə məhv edilməsi. Vandalizm termini 455-ci ildə Roma şəhərini dağıdıb antik mədəniyyət abidələrini məhv edən qədim german tayfaları vandalların adından yaranmışdır. İkinci dünya müharibəsində alman faşistlərinin şəhərləri və sənət əsərlərini məhv etməsi vandalizm timsalıdır”. Erməni faşistləri bizim maddi və mədəni sərvətlərimizi bihudə məhv etmirdilər. Ortada iblisanə niyyət vardı.
...Çingiz xanın nəvəsi Hülaku (1217-1265-ci illər) məğlubediməz sayılan ordusu ilə çox qısa zamanda İsmaililər və Abbasilər dövlətlərini tarmar etdi. Oxucuların nəzərinə çatdırmaq istərdim ki, Hülakunun bütün ərkani-hərbi, yəni, ordu başçıları nəsrani xaçpərəstlər idi. Sevimli zövcəsi Dokuz xatun da tərtəmiz xristian kimi bütün ayinləri yerinə yetirirdi. Məhz onun göstərişi ilə Bağdaddakı məşhur xəlifə sarayı erməni yepiskopuna verildi. Müsəlmanlar üçün bundan böyük həqarət düşünmək olmazdı. Qəsdən yerlə yeksan olunan həşəmətli ictimai binaların, türbə və məqbərələrin sayı-hesabı yox idi. Qəribə əhvalatlar baş verdi, bir tərəfdə Hülakunun əmrilə Marağada dünya şöhrətli rəsədxana inşa edilirdisə, digər tərəfdə isə nadir memarlıq inciləri dağıdılırdı. Günlərin bir günü şair Əhmədi dözə bilməyib hökmdardan soruşur ki, fatehsiniz, bunu küllü-aləm bilir, bəs bu qədər tikililəri , sarayları dağıdıb yer üzündən silmək vacibdir?
Hülaku cavab verir: - İstəmirəm ki, burada yetişəcək gələcək nəsillər “buralar bizimdir” desinlər.
1940-cı ildə də buna bənzər əhvalat baş vermişdir. Zalsburqda müşavirədə Polşanın gələcək taleyi həll olunur, ortada ancaq bir məsələ vardı. Polşanın əhalisi ilə necə rəftar etməli, onun yaşamağa haqqı varmı? Hitler qabacadan hazırladığı bir siyahını nasist başçılarına verir, tələb edir ki, hamı onu diqqətlə öyrənsin. Məclis əhli siyahını gözdən keçirir və heç nə başa düşmür. Hitler deyir:
- Bunlar polyakların iftixar mənbəyi olan tarixi memarlıq abidələridir. Biri də qalmamalıdır. Xalqın əlindən bütün maddi mədəniyyət abidələrini alın, ikinci nəsli yarananda o bir millət kimi aradan çıxacaqdır.
Fikir verin, XIII əsrdə yaşamış Hülakunun dedikləri ilə XX əsrdə aləmi bir-birinə vuran Hitlerin sözləri arasında bir o qədər böyük fərq yoxdur. Belə ki, bizim milli düşmənlərimiz nə törətdiklərini əla bilirdilər(Bunları yazdıqca vaxtilə Natəvanın məzarı üzərindəki sinə daşını aparıb həyətində əl-üz yuyan düzəltmək üçün istifadə edən binamus müsəlman məmur yadıma düşür). Yuxrıda ərz elədim ki, “vandalizm” mədəni-maddi sərvətlərin bihudə məhv edilməsi kimi başa düşülməlidir. Bihudə yəni, elə-belə, mənasız yerə, yəni itirən olur, qazanan yox. Bakının Xətai rayonunda illər boyu yaşıllığa tutulan divana vandalizm demək mümkün deyil, bu əsl yamyamlıq idi. Rəhmətlik Elmir Şərifovdan sonra bu rayona kim canişin, yəni icra başçısı təyin edildisə, fikri-zikri ancaq cibini doldurmaq oldu. Biz qoca sakinlər bilirik ki, Heydər Əliyev MK-nin katibi işləyəndə bu rayonun başdan ayağa yaşıllığa qərq olması üçün əlindən gələni etmişdi. Tragikomediya onda idi ki, kişinin bütün səyini, zəhmətini yerə vuran, hər iki prezidentin şəkillərini utanmadan-qızarmadan ikona kimi başlarının üzərində asan icra başçılarının birinə də güldən ağır söz deyilmədi. Halbuki bunların hər birini məsuliyyətə cəlb eləmək lazım idi. Amma kimin nə hünəri vardı Ramiz Mehdiyevin kadrlarına toxunaydı? Xətai rayonunun ziyalı güruhu da dillənmədi, göz qabağında daha o barbarlıq, o vəhşilik qalmadı ki, törədilməsin...
... On minlərlə ağac, bəzək kolu kəsildi, köşklər, dükanlar yan-yan düzüldü, onsuz da dar həyətlərdə göydələnlər tikildi, ... biz yazdıq, yazdıq heç kim vecinə almadı.
Gözə kül üfürməyin təzə fəndləri tapıldı, tələm-tələsik haradasa bir həyəti abadlaşdırıb uşaqlar üçün yelləncək, karusel sahmanlayıb sonra da telekanalların birindən operatorları dəvət edirlər. Axşam onu görürsən ki, aparıcı özünə əl qatıb! Biri demir ki, ay nakəslər, vaxtilə tutaş meşələri xatırladan yaşıllıqlar hanı?
... 30-40 il bundan əvvəl onu görürdün ki, məhəllə adamları iməcilik-filan elan etmədən çıxıblar həyətlərə, hərə bir işin qulpundan yapışıb. Çox çəkmirdi ki, həyət cənnətə dönürdü... Rüşvətxor icra başçıları xalqın inamını qırdılar, daha o yer qalmadı ki, satmasınlar. Şəxsən mən öz məhəlləmizdə, yaxın küçələrdə elə vicdansızlıqlarla üzləşdim ki, qol-qanadım qırıldı. Əsl vandalizm bu idi. İndi yazacağım sözlərdən bəziləri qəzəblənib, fikirləşmədən götür-qoy eləmədən mənə nifrin yağdıra bilər. Yaşadığım binada sakinləri yaxşı tanıyırdım. Çox yox, beş ilin içində iki – üç veteranı istər həyətdə, istərsə də küçədə vaxt-bivaxt əlləşib ağac əkib qulluq etdilər. Elə yaşıllıq yaranmışdı ki, adam gözünü çəkə bilmirdi. Öz millətimizdən olan qeyrətmənd kişilər də əlbəttə ki, əllərindən gələni edirdilər.
...Bəli, günlərin bir günü barmağımız bala batdı, onu gördük ki, Ramiz Mehdiyevin himayəsində olan icra başçılarının “dobro” sunu alan yırtıcılar ağacları kəsirlər. O yer qalmadı ki müraciət etməyək, xeyri olmadı. Hamı inandı ki, Razim Məmmədov kimilərin arxasında duran nakəs üçün xalqın rəyi, dövlətin şərəfi boş şeydir. Yaşıl terror isə davam edirdi... Maraqlısı bu idi ki, təkcə Xətai rayonunda yox, bütün şəhər boyu davam edən barbarlığa qarşı bir titullu qələm yiyəsi dillənmədi. Narazılığını, hiddətini açıqdan açığa büruzə verə sadə camaat idi.
Bu zəfərdən və onu bu millətə qazandıranlardan imanında sabitqəm insanlar danışmalıdırlar
“525-ci qəzet”in bu ilki 171-ci sayında Cahangir Məmmədlinin “Qarabağ dastanı: otuz ilin həsrəti - 44 günün zəfəri” adlı kitab haqqında yazısı diqqətimi çəkdi. Oxudum, amma kaş oxumasaydım, yazı ötən əsrin ortalarında “Kommunist” qəzetində çap olunan “zəfərnamələrin” eynidir. Sözüm sizədir Cahangir müəllim, sağ olun ki, bizi bir məsələdən agah etdiniz. Biz rəiyyət doğrudan da naşükürük, heç demə göz qabağında iki canlı klassikimiz – Anar və Elçin varmış. Canlı klassik, qiyamət səslənir, erməni köpəkoğlunun bir dənəsi də yoxdur.
Cahangir müəllim, sizin sayənizdə öyrəndik ki, bu son qərinə ərzində bizim qələm ərbabının fikri-zikri ancaq Qarabağ olub. Müharibə illərinin rus ədibləri kimi bir gün olsun hərbi paltarı əyinlərindən çıxarmayıblar, nə Türkiyəyə başmaq seyrinə çıxan olub, nə karyera barədə düşünən, nə də yaltaqlıqla törəmələrinə gün ağlayan.
Cahangir müəllim, yaşlı adamsınız, rəva görmürəm ki, sizinlə bir az tünd danışım. Amma susub bəzilərinin tayı da olmaq istəmirəm. Erməni bədxahlara qarşı guya uzun illər qələmlə mübarizə aparmış bu boyda qoşun-ləşkərin içindən niyə bu vaxta qədər iki kişi çıxıb ağır günlərdə milləti yetmiş iki tirə edən, mədəniyyətimizi “balaqana” döndərən, gəncliyin mənəvi aləmini şikəst edən naqislərə beş kəlmə demədi? Qarabağda kəndlər , şəhərlər əldən gedirdi. Bakıda isə xaos yaranmışdı. Cahangir müəllim, sizin “canlı klassik” (??) adlandırdığınız Anar, Elçin bir dəfə də olsun xalqın qarşısına çıxıb əsl fitnəkarları susdurmağa cürət etmədilər. Bütün şüurlu həyatları boyu kommunist irticasına canla-başla qulluq edib, əsl ağa həyatı sürmüş, Moskva qarşısında sadiq təbəə kimi durmaları ilə fəxr etmiş bizim qorxaq yazarlardan millətçi, vətənpərvər düzəltməyin.
Xalq çoxdan kimin kim olduğunu yaxşı bilir. Qarabağda onlarla nekropol kolxoz kotanları altında məhv ediləndə, məscidlər, somiələr ambara, emalatxanalara döndəriləndə hansı titullu qələm sahibi danışdı? Mənim kəskin danışmağa tam haqqım var, Cahangir müəllim, bir qocaman jurnalist kimi əla bilirsiniz ki, ötən əsrin 60-70-ci illərində maddi mədəniyyətimiz, ələlxüsus arxeoloji, memarlıq abidələrimiz haqqında mətbuatda ən çox çıxış edən mən bədbəxt idim. İmkanları olanda Telman Haqverdiyev, Cəfər Qiyasi mənə səs verərdilər. Bəzən çap olunmuş məqaləmi götürüb qapı-qapı düşər, özlərini xalqın nağdı-nisyəsi sayan ədalı müstəmləkə şairlərinə, yazıçılarına müraciət edib onlardan məhv olan abidələrin dadına çatmalarını xahiş edərdim. Cahangir müəllim, sizin canlı klassik adlandırdığınız unikumların və onların aftafa gəzdirənlərinin dünya veclərinə də deyildi. Çalışırdım ki, Səməd Vurğunun Ağa Məhəmməd şah Qacar, İbrahim xan, Əhməd Cavad, Sanılı, Hüseyn Cavid üzərinə atdığı çirkabı silim. Axı onlar elə həqarət, föhsə layiq deyildilər. Cahangir müəllim, məlumatlı bir şəxs kimi yaxşı bilirdiniz ki, Xankəndindəki müəssislərdə çalışan azərbaycanlıları heç vaxt adam yerinə qoymayıblar. Bakıda bir söz sahibi dilləndimi?
Firidun Şuşalının başına oyun açılanda kim onun dadına çatdı? (Bu məsələ barədə ötən məqalələrimdə yazmışam) Neçə vaxtdır telekanallarda muğam və xanəndələr barədə verilişlər gedir. Yaxşı çıxışlar da olur, bunu danmaq insafsızlıq olardı. Amma, bir-iki özündən razı “sənətşünasın” göz qabağında Firudun Şuşalının əsərlərinə sahib çıxması rəzalətdir. Mən hələ Azərbaycanın klassik musiqisinin tarixinə aid məqalələrimdən danışmıram. Təxminən qırx il ərzində respublikanın elə populyar qəzeti yox idi ki, orada mənim musiqimizin qədim tarixi, muğamların etimologiyası barədə bir yazım çıxmasın. Tədqiqatlarımın nəticələrini toplayıb kitab halında buraxa bilməmişəm. Qələm zinakarları mənim ora-bura səpələnmiş məqalələrimdən istədikləri kimi istifadə ediblər. Onu da deyim ki, bu muğam “biliciləri” Firidun Şuşalı sağ olanda cürət edib ona yaxınlaşa da bilmirdilər. İndi isə heç kimdən çəkinmədən nə istəyirlər onu da edir, haradan nə gəldi köçürür, ucuz çayxana söhbətlərini tədqiqat bəhrəsi kimi camaata sırımağa çalışırlar. Dərd budur ki, telekanal sahibləri belələrinə meydan verir. Əlqərəz, mətləbdən yayınmayaq. Cahangir müəllim, sizin canlı klassik deyib təriflədiyiniz zatları mən konformist, yəni bütün üsuli-idarələrlə bacarıb yola gedən, hakim küləyin nə vaxt, haradan əsəcəyini qabaqcadan bilib ona uyğunlaşan, taxta qalxmış bütün hökmdarların qılığına girməyi bacaran məxluq sayıram. Ulu Öndər Heydər Əliyevin üzərinə ləyənlərlə çirkab atılanda “canlı klassiklərin” birinin də cəsarəti çatmadı müxalifət qəzetlərinin üzərinə getsin. Hürriyyət havasından məst olmuş gədə-güdənin Azərbaycan mətbuatına əsl “Kubinka” ab-havasını gətirməsini nə tez unutdunuz. İnciməyin, sözün açığını deyəcəyəm, Siz də qorxudan səsiniz çıxarmırdınız? Fəxr edirəm ki, mən heç vaxt susmamışam! Xəlil Rza Ulutürk kimi uşaq ürəkli pak insanın necə təkləndiyini, necə əzab çəkdiyinin canlı şahidiyəm. Ona vaxtilə xalqın düşməni deyən həpəndləri indi tərifləyənlərin cərgəsindəsiniz, Cahangir müəllim! “Miladdan əvvəl” Anarın Qarabağa gedərkən yolda çay içməsini az qala tarixi hadisə sayıb, sonra da basıb bağlayırsınız, vallahi yerinizə xəcalət çəkirəm. Özünüz yaxşı bilirsiniz ki, yetmiş il ərzində beyinləri zəhərlənmiş qələm sahiblərinin arasında nə döyüş meydanında parça-parça edilmiş Petöfi Sandor, nə Müşfiq, nə Əhməd Cavad, nə Xəlil Rza Ulutürk, nə Məmməd Araz, nə Musa Yaqub yetişməzdi. Yetişənləri də “canlı klassiklər” və onların aftafa gəzdirənləri didib param –parça edərdilər. Təəssüflər olsun ki, nə ixtiyarım var, nə imkanım, yoxsa heç vaxt imkan verməzdim ki, Vətən müharibəsi mövzusuna hər qondarma canlı klassik və belələrinin məddahları əl uzatsınlar.
Firuz Haşımov