"Nə pulum, nə dayım olub, həyatda hər şeyə nail olmuşam" — Baba Vəziroğlu
“Mənim gənclərimiz haqqında əzəli və əbədi bir fikrim var: “Bizim gənclik çox gözəl gənclikdir”. İndi bir arada bizdən asılı olmayan səbəblərə görə, məlum-məşğul bir keçid dövrü var idi. Orada bütün dəyərlər itmişdir, kriteriyalar yox olmuşdu, o cümlədən də gəncliyimiz çaşbaş qalmışdı. İndi şükür Allaha ki, çaylar yenidən məcrasına qayıdır. Hər şey yerini alır, 30 il həsrətində olduğumuz torpaqlarımız gənclərimiz sayəsində geri qayıtdı”.
Hurriyyet.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib. O vurğulayıb ki, bu gün gənclərimizin çox hissəsi xarici ölkələrdə təhsil alır.
“Düzdür, təhsilimizdən narazıyam. Köhnə sistemi dağıtdılar, yeni sistem də hələ yarada bilməmişik. Amma, gənclərimizin elmə, təhsilə həvəsi yavaş-yavaş öz yerini tapır. Nə qədər insanlar tanıyıram ki, uşaqları dünyanın ən məşhur universitetlərində təhsil alırlar. Bir o problem olur ki, onlar yenidən hamısı vətənə qayıtmır. Bax, problem buradadır və bizi narahat edən səbəb də budur. Gənclərin təhsilə, elmə həvəsi çoxdur. Demək olar ki, gənclərimizlə hər gün canlı görüşdə oluram. Məktəblərdə, universitetlərdə, müsabiqələrdə münsif kimi iştirak edirəm. Görürəm ki, ədəbiyyata, əsl musiqiyə qayıdırlar bizim gənclər. Mən gənclərimizin gələcək prespektivini çox uğurlu görürəm. Ulu Öndərimizin məşhur bir sözü var idi: “Təhsil millətin gələcəyidir”. Bu yöndə əsas işlərin təməlini məhz o qoymuşdu. Azərbaycanda bütün qanunlar normal işləmədiyi kimi, təhsil sahəsində də bir çox axsamalarımız olub və bu gün də var. Yəqin ki, olacaq da. Amma, istiqamət, yol xəritəsi düzgündür.Biz heç vaxt Ulu Öndərin sağlığında eşitmədik ki, deyə, neft ölkənin gələcəyidir,pambıq ölkənin gələcəyidir. Gənclərimiz bu gün həyatda hər şeyə çalışqanlıqla, elmlə, təhsillə nail olmağa çalışır”.
“Onlarla görüşən zaman həmişə özümdən canlı misal gətirirəm. Deyirəm, mən qarşınızda dayanmışam, sevə-sevə məni dinləyirsiniz, şəkil çəkdirirsiniz, fəxr edirsiniz. Mən 16 yaşında İsmayıllının ucqar kəndindən kürəyi süzülmüş bir köynəkdən çıxmışam. Ancaq buna baxmayaraq, həyatda hər şeyə nail olmuşam. Cəmiyyətdə özümə layiqli yer tutmuşamsa, bu da hamısı kitabın, təhsilin, savadın və təbii ki, gecə-gündüz zəhmətimin hesabına olub. Mənim kimi olmaq istəyirsinizsə, yeganə bir variantınız var: “Kitaba meyl salmaq, təhsillə dost olmaq, usanmadan gecə-gündüz çalışmaq lazımdır!”. Bəzən mənə qibtə ilə baxırsınız ki, uğurlu adamdır. Uğurlu adam göydən düşmür ki, bütün bunların hesabına nail olur. Görürəm ki, bu onlara çox ləzzət edir. Nə pulum olub, nə dayım olub, nə imkanlı ailəm olub. 16 yaşımdan ucqar kənddən bu boyda dünya ilə mücadiləyə çıxmışam. Bu gün də özümü tələbə və şagird hesab edirəm. Oxuyuram, öyrənirəm. Çox danışmağı sevmirəm, ancaq dinləməyi sevirəm. Hətta ,bağça uşağı ilə danışanda belə istəyirəm ki, balaca uşaq danışsın. Təbii ki, əylənmək də gənclərimizin haqqıdır.Amma bugünkü gənclərimizi çox bəyənirəm”.
Aynurə