📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Nəbi də, Həcər də real şəxsiyyətlər olmayıb”

2021-12-21 13:07:00

“Nəbi də, Həcər də real şəxsiyyətlər olmayıb”

İlham Hüseynov: “Nəbinin üstündə hansısa bölgələrin arasında münaqişə yaranması lazımsızdır, çünki haqqında söhbət gedən şəxs əslində olmayıb”

“Düzdür, Qubadlı zonasında Nəbi adında adam tapmaq olar, amma dəqiq deyil ki, belə bir adam o fəaliyyəti edib, ya yox. Demək istəyirəm ki, Nəbi-Həcər barəsində çıxan qalmaqallar yersizdir…”

Hələ rus imperiyası zamanlarından qaçaqlar xalqın yaddaşında haqsızlıqla mübarizə simvollarından biri kimi qalıb. Haqq-ədalət uğrunda mübarizənin təmsilçilərindən biri də Qaçaq Nəbidir. Müsahibimiz İsfəndiyar bəyin nəslindən olan İlham Hüseynovla müsahibəmizdə son vaxtlar Qaçaq Nəbi ilə bağlı yaranmış söz-söhbətə aydınlıq gətirməyə çalışdıq.

- İlham bəy, son zamanlarda ADP sədri Sərdar Cəlaloğlunun çıxışlarında Qaçaq Nəbi ilə bağlı müəyyən ifadələrə rast gəldik. Belə ki, ADP sədri Qaçaq Nəbi və güman olunan xanımı Həcərlə bağlı məsələnin bilindiyi kimi olmadığını bildirib. Siz isə fərqli düşüncədəsiniz. O halda vəziyyət necə olub?

- Qaçaq Nəbi sovet dövründə qəhraman obrazı yaratmaq, xalqın inqilabi hərəkatda iştirak etmək niyyətini işıqlandırmaq üçün yazıçı fantaziyası nəticəsində meydana gəlib. Yazıçı Əli Vəliyev özü o obrazın prototipini haradan götürdüyünü bilirdi. İnsanlar da fərziyyə edir ki, bəlkə Nəbi filan kənddə olub... Amma fakt budur ki, Qaçaq Nəbinin əlamətləri olduğu bildirilən Aynalı tüfəng və Boz at İsfəndiyar bəyə məxsus olub. Məhz bu əlamətlərə görə biz bilirik ki, bu məsələ yanlışdır.

Biz öz həyatımızda ağsaqqallarımızdan eşitdiklərimizə görə bunu bilirik. Bizim başqa məqsədimiz də yoxdur. İsfəndiyar bəyin obrazını yaratmaq fikrimiz də yoxdur. Sadəcə olaraq hörmətli Sərdar bəyin Həcər barədə məlumatlarına görə meydana çıxan söz-söhbətin həll olunması üçün biz də məsələyə kökündən aydınlıq gətirmək istədik ki, belə adamlar heç olmayıb. Buna görə də intriqa yaratmağın, kimlərinsə arasında pis münasibətlərə, söz-söhbətə səbəb olmağın yeri yoxdur. Hürriyyet TV-dəki verilişə də buna görə gəldik. 

-Vəziyyət həqiqətən belədirsə, demək, sovet hökuməti xalqın əsil-nəcabətli şəxslərinin haqq-ədalət mübarizəsinin önündə getməsini unutdurmaq üçün başqa saxta qəhramanlar uydurub…

-Məsələ bundadır ki, çar Rusiyası dövründə rus imperiyasının yeritdiyi siyasəti sovet dövləti də bir növ təzələnmiş formada yeridirdi. Çünki bizim bir formasiyadan başqa formasiyaya keçməyimizə baxmayaraq, rus imperiyasının yeritdiyi siyasət dəyişməyib. Elə hazırda da dəyişməyib. Bu gün bizim Qarabağla bağlı çəkdiyimiz o əziyyətlər hamısı o siyasətin bəhrəsidir.

-Doğrudur, amma mənim bu hekayətdə gördüyüm budur: xalqa illərlə sırımağa çalışıblar ki, əsil-nəcabətli adam sənin qəhramanın ola, milli mübarizənin önündə gedə bilməz.

-Bəli, o da var. Bununla bir növ də xalqın beyninə yerləşdiriblər ki, siz Rusiyasız yaşaya bilməzsiniz. Siz müstəqil heç bir şey edə bilməzsiniz. Sizin zadəganlarınız, onların sıralarından çıxan ziyalılarınız sizi qorumayıb. Fəhlə-kəndli hərəkatıyla hansısa səviyyəyə çıxmağa çalışmısınız.

-Əslində, haqq-ədalət uğrunda mübarizədə, xalqı erməni-rus təhdidindən qorumaqda İsfəndiyar bəy kimi adamlar az olmayıb. Laçında da Sultan bəy olub, Qərbi Azərbaycanda Abbasqulu bəy Şadlinski olub və s.

-Sultan bəyin ətrafında da ziyalı, əsilzadə adamlar olublar ki, xalqla birləşib erməni vandalizminə qarşı döyüşüblər. Belə adamlar çox olub. Məsələn, Qarabağda Qara bəy adlı şəxs oxşar fəaliyyət göstərib. Onun mübarizəsi heç işıqlandırılmayıb. Gəncədə də böyük şücaət göstərən Qatır Məmməd olub, onu sovet qurucusu kimi göstəriblər. Qatır Məmmədə sovet vaxtı heykəl qoydular, sonra da götürüb tulladılar ki, bu adam inqilabçı olub. Əlsində, o adam çar Rusiyasına qarşı mübarizə aparan bir insan olub. Onun əsl mübarizə məqsədini təhrif etdilər, başqa səmtə yönəltdilər. Xalq onun unutdu, halbuki o, xalqı üçün döyüşmüşdü, onun mübarizəsinə sosializm donu geyindirdilər.

-Ümumiyyətlə, Qaçaq Nəbiyə həsr olunmuş filmlə həqiqətlər arasında hardasa uyğunluq varmı? 

-Biz məhdud məlumata malikik. Qarabağ hadisəsi ortaya düşməsəydi, biz daha geniş söhbət edə bilərdik. Çünki son 20 ildə biz hər şeyi itirdik. Çünki mənim yaddaşımda ancaq əmilərimin, ağbirçək nənələrimin söhbətləri qalıb.

-Yəni yazılı heç bir mənbə yoxdur?

-Əmimin İsfəndiyar bəyə həsr olunmuş xatirələri yazdığı dəftər var. O da əmim uşaqlarının əlindədir. Onlar həmin dəftəri Şuşadan gətiriblər. Onlara müraciət etmişəm ki, həmin dəftəri mənə çatdırsınlar. Onlara baxıb nəzərdən keçirəcəyik, görək, yeni məlumatlar varmı? Amma yenə də əsas mənbə nənəmdən, əmimdən eşitdiklərimdir. Bu məsələni aydınlaşdırmaqda da əsas məqsədim bu oldu ki, Nəbinin üstündə hansısa bölgələrin arasında münaqişə yaranması lazımsızdır. Çünki haqqında söhbət gedən şəxs əslində olmayıb. Düzdür, Qubadlı zonasında Nəbi adında adam tapmaq olar, amma dəqiq deyil ki, belə bir adam o fəaliyyəti edib, ya yox. Demək istəyirəm ki, Nəbi-Həcər barəsində çıxan qalmaqallar yersizdir. Nəbi də, Həcər də real şəxsiyyətlər olmayıb.

İsfəndiyar bəyə gəlincə isə, o da ziyalı, kəndinə, eli-obasına hörmətlə yanaşan adam olub. Çox sonralar mən və qohumlarım Qubadlının Xocahan kəndinə gedəndə bizim kim olduğumuzu bilən zaman edilən hörmətdən başa düşürdük ki, İsfəndiyar bəy bu elə-obaya necə hörmətlə yanaşıbmış. İsfəndiyar bəy həmin kənddə doğulmuşdu və atası da bəylərbəyi idi. Yəni o zaman hər kənddə bir bəy olub, İsfəndiyar bəyin atası Məmmədhəsən bəy də o və ətraf kənd bəylərinin böyüyü olub. O zamankı dövlət də bəylərbəyi ilə hesablaşırdı. İsfəndiyar bəy də Peterburq şəhərində institut təhsili almış ziyalı adam olub.

- Bəs, İsfəndiyar bəyin qaçaq düşməsi necə baş verib?

-Bu əhvalat çar Rusiyası dövründə "uryadnik" deyilən rus məmurunun öldürülməsi ilə başlayıb. Həmin bu uryadnik İsfəndiyar bəyin kəndlisini döyən zaman bəy hadisənin üstünə çıxır və uryadniki tənbeh edir, acılayır ki, sən kimsən mənim kəndimdə adam döyürsən. Uryadnik də qayıdıb İsfəndiyar bəyə söyüş söyür. Ruslarda bir-biriləri ilə söhbətə söyüşlə başlamaq elə o zamandan olub. İsfəndiyar bəy də buna dözə bilmir, uryadniki güllələyir. Bununla da İsfəndiyar bəyin çar hökuməti ilə düşmənçiliyi və həyatının qaçaqlıq mərhələsi başlayır. İsfəndiyar bəy Süsən meşəsində gizlənib və sovet hökuməti qurulana qədər çar hökuməti onu tuta bilməyib. Qaçaqlığı da İsfəndiyar bəy yalnız öz canını qorumaq üçün etməyib. Onun üstünə şikayətə gedənlər, dərdini ona danışıb kömək istəyənlər olub. O da kəndin bəyi olduğu üçün sözü keçən adam olub və axtarişda olub. Bununla belə, insanların köməyinə yetib, onların dayağında durub. Rus çarizminin istilasından, zülmlərindən camaatı xilas etmək üçün çalışıb, bacardığını edib. Onun hökmü, bir sözü bəs edib ki, şikayətçilərin çətinliyi həll olunsun.

Sonra ortaya çıxan Nəbi əhvalatı isə yazıçı təxəyyülünün nəticəsi olub. Yazıçı da senzuraya görə bu əhvalatı İsfəndiyar bəy adı ilə yox, Nəbi adı ilə verib. Onu da qınamaq olmaz. O yazdığını İsfəndiyar bəy haqda yazsaydı, onu partiyadan çıxarardılar. 

-Yazıçı Əli Vəliyev nə vaxtsa İsfəndiyar bəyin fəaliyyətinin Nəbinin adı ilə qələmə verilməsini bu cür izah edib?

(Ardı var)

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA